Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı haqqında saziş imzalanıb


Digərləri 06 Noy 2019 15:40:00 258 0

Azərbaycan və Bolqarıstan arasında pensiya 
təminatı haqqında saziş imzalanıb

Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bakı. Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Trend-in məlumatına görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunaraq, qəhrəman Vətən övladlarının xatirəsi anılıb. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Görüşdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Yankov da iştirak edib. Görüşdən əvvəl Bolqarıstan nümayəndə heyəti DOST Agentliyinin və onun 1 saylı DOST Mərkəzinin fəaliyyəti, Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Nümayəndə heyəti ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişaf etdirilməsində mühüm rolunu qeyd edib. İki ölkə arasında həm siyasi, həm iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən S.Babayev ölkəmizin dinamik inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurları qeyd edib. O, ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu, iqtisadi artımın ilk növbədə sosial məqsədlərə, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldildiyini vurğulayıb. Cari ildə də reallaşdırılan iki sosial paketin ümumən 4,2 milyon vətəndaşı əhatə etməklə, ümumən əhalinin rifahına ciddi dəstək olduğunu deyib, sosial ödənişlərin artırılması istiqamətində atılan inqilabi addımları diqqətə çatdırıb. S.Babayev ölkəmizdə aparılan sosial islahatlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi kimi dövlət sosial xidmətlərində innovativ yeniliklərin tətbiqinə, sosial sahə üzrə xidmətlərin bir pəncərədən təqdim edilməsinə imkan yaradan DOST layihəsi, layihənin mühüm üstünlükləri barədə məlumat verib. Ölkəmizdə ildən-ilə geniş miqyas alan sosial müdafiə və aktiv əmək bazarı proqramlarını, inklüziv əmək bazarının inkişafı tədbirlərini diqqətə çatdırıb. Bolqarıstanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıqdan bəhs edən nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Hazırkı görüşdə imzalanması nəzərdə tutulan Sazişin bu istiqamətdə önəmli addım olduğunu və iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.