Mirzə Şəfi Vazeh Berlinin Humboldt universitetində FOTO


Kriminal 06 Noy 2019 13:00:00 272 0

Mirzə Şəfi Vazeh Berlinin Humboldt universitetində  FOTO

Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi,  o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək  Avropada tanıtdı.  Söhbət görkəmli azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi  Fridrix fon Bodenştedtdən gedir.

Noyabr ayının 1-də Xalq Bankın, "Q Galleri"nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt universitetində keçirilən konfrans "Xalq Əmanəti" layihəsi çərçivəsində yeni dərc olunan,  Mirzə Şəfi Vazehin "Bütün əsərləri"nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.

Humboldt universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor,  3 dildə dərc olunan yeni kitabı  Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda  onun oxucularına qiymətli hədiyyə  kimi təqdim elədi.  Universitetin əsasən şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin  toplandığı konfransda  həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi:

Eva Maria Aux, tarixçi alim: "Mənim fikrimcə bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın  özü artıq heç bir şərhə yer saxlamır".  

Azərbaycnlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah elədi. Vazeh yaradıcılığının azərbaycan-alman mədəniyyətləri arasında  uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli  bu işdə  Fridrix fon Bodenştedtin də xüsusi  rolunu  qeyd elədi. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərdən də eşitdik.