BMT soyuducu və kondisionerlərin istehsalında istifadə olunan kimyəvi maddələrdən imtina barədə daha bir müraciət edib


Dünya 06 Noy 2019 07:48:00 319 0

BMT soyuducu və kondisionerlərin istehsalında istifadə olunan kimyəvi maddələrdən imtina barədə daha bir müraciət edib

Görəsən hidroxlorftorkarbonları - soyuducuların və kondisionerlərin istehsalında istifadə olunan təhlükəli kimyəvi maddələri, həmçinin ozon qatını dağıdan digər maddələri tamamilə dövriyyədən çıxarmağa nail olmaq mümkündürmü?

Son.az bildirir ki, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu suallar Monreal Protokolu iştirakçı dövlətlərinin Romada öz işinə başlayan 31-ci görüşünün gündəliyində duran məsələlərdir.

Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu beynəlxalq əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. 1987-ci il sentyabrın 16-da imzalanan Saziş bir sıra təhlükəli kimyəvi maddələrin istehsalını və istifadəsini qadağan edir. Hazırda "qara" siyahıda onların sayı yüzü keçib.

Ozon qatının vəziyyəti barədə elmi komissiyanın müntəzəm olaraq hazırladığı sonuncu hesabatda deyilir ki, Monreal Protokolu çərçivəsində qəbul edilən tədbirlər atmosferdə ozondağıdıcı maddələrin qatılığının azalması və stratosfer ozonunun qismən bərpası ilə nəticələnib.

Belə ki, son 10 il ərzində ozon dəliyi 1-3 faiz sürətlə genişlənir. Proqnozlara görə, Şimal yarımkürəsində və orta enliklərdə ozon qatı 2030-cu, Cənub yarımkürəsində 2050-ci, qütblərdə isə 2060-cı ilədək tamamilə bərpa olunmalıdır.

Ozon qatı Yer kürəsini günəş radiasiyasından müdafiə edir, ultrabənövşəyi şüalar isə bədxassəli şişlərin və digər xərçəng xəstəliklərinin yaranmasının əsas səbəbidir. BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) ekspertləri hesab edirlər ki, Monreal Protokolunun icrası 2030-cu ilədək 2 milyon nəfərin dəri xərçənginə tutulma ehtimalının qarşısını almağa kömək edəcək.