Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?


Digərləri 06 Noy 2019 07:28:00 233 0

Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?

Ekspertlər deyir ki, quru meyvə sənayesinə ciddi yanaşmaq zamanıdır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyirlər ki, qara kişmişi cibə tökərlər. Yəqin ki, bu atalar sözü boş yerə deyilməyib. Heç şübhəsiz, bu meyvə qurusunun hədsiz faydaları atalarımıza hələ qədim dövrlərdən bəlli olub. Tərkibində B2, B3, tiamin, retinol, dəmir, kalsium, maqnium, mis kimi maddələr var. Əsəb sistemi, ateroskleroz, ürək xəstəlikləri zamanı, damaq qanamasında kişmişin faydası əvəzsizdir. 50 qram kişmiş insanın gün ərzində enerjiyə olan tələbatını ödəyə bilər. Digər çərəzlərlə müqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir. 

Bu gün də mətbəximizdə gündəlik olaraq kişmişdən geniş istifadə olunur. Amma təəssüflər olsun ki, Azərbaycana kişmiş daha çox xarici ölkələrdən idxal olunur. Yəni hələlik yerli üzüm sortlarından əlavə dəyər formalaşdıra bilməmişik. Bəs görəsən bunun səbəbi nədir? Niyə öz kişmişimizi öz cibimizə tökə bilmirik?

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, ölkədə istehsal edilən kişmiş hal-hazırda ölkənin daxili bazarının tələbatını ödəyə bilər: "Burada müxtəlif səbəbləri qeyd etmək olar. Əsas məsələ odur ki, meyvəçiliyin emal sənayesi geniş inkişaf etməyib və şaxələndirilməyib. Ona görə də bu sahədə idxaldan asılılığımız qalmaqdadır. Azərbaycana kişmiş əsasən İran və Orta Asiya ölkələrindən gətirilir. İllik tələbatımız isə təqribən beş min tona yaxındır. Quru meyvə bazarı inkişaf edən ölkələr arasında qardaş Türkiyə və İranı misal göstərmək olar. Amma bizdə bu sahədə vəziyyət yaxşı deyil. Düzdür, son illər ərzində Azərbaycanda üzümçülük sahəsi geniş inkişaf edib. Üzümçülük sahəsi artaraq 16 min hektardan çox ərazini əhatə edir. Bu, gələcəkdə meyvəqurutma sahəsinin inkişafına imkan yaradır. Əslində meyvəqurutma işi zəncir təşkil edir. Bunun üçün xammal tələb olunur. Emala gedən xammalın marketinq və satış işi təşkil olunmalıdır. Bu yaxınlarda bu sahə ilə bağlı Samux rayonunda maraqlı bir layihə həyata keçirildi. Yerli fermerlər birləşərək aqro-biznes dəyər zəncirinin həyata keçirilməsi istiqamətində addımlar atdı. Üzümün qurudulması, çeşidlənməsi və bazara çıxarılması ilə bağlı rayonun bəzi fermerləri birləşərək üzümün emal texnologiyasını həyata keçirdi. Üzümçülük Azərbaycanda ənənəvi sahələrdən biridir və perspektivləri genişdir. Salyan, Şamaxı, Cəlilabad, Gəncəbasar zonası üzümçülük bölgələridir. Yəni perspektivlər böyükdür. Amma meyvəqurutma bir qədər spesifik sahədir. Burada texnoloqların olması vacib məsələdir və bu iş bazar araşdırması tələb edir. Yəni bazarın tələbi əsasında bu işi təşkil etmək lazımdır.  Həmçinin emal sənayesinin inkişaf etdirilməsinə ehtiyac var".