İspan fəallar bütün ölkə boyu 25 milyon palıd qozası əkməyi planlaşdırırlar


Dünya 06 Noy 2019 02:30:00 311 0

İspan fəallar bütün ölkə boyu 25 milyon palıd qozası əkməyi planlaşdırırlar

Bu aksiya ölkənin yaşıl landşaftının bərpa olunmasına yönəldilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "La Gran Bellotada Ibérica" ("Böyük İberiya palıd qozası") adlı layihə sosial şəbəkələrdə yayılandan sonra ona mindən çox könüllü qoşulub. Könüllülər yetişmiş palıd qozalarını toplamaq üçün mini-qruplar yaradırlar. Sonra onlar qozaları əkmək üçün münasib zamanı - torpağın yağış suları ilə nəmləndiyi vaxtı gözləyəcəklər.

Kaseres əyalətinin Syerra-de-Qata rayonunda təqribən 9 min hektar meşə sahəsini məhv etmiş yanğından sonra da oxşar layihə həyata keçirilmişdi. Meşələrin bərpası üzrə komanda təşkil edilmişdi. Fəallar təqribən 3 il ərzində yeni ağaclar əkərək bu rayonun təbii landşaftını bərpa etmişdilər. Bu kollektiv iş Avropada yanğından sonra meşələrin bərpası üzrə ən iri sosial layihəyə çevrilmişdi. Hazırda təqribən 200 min ağac mindən çox könüllü sayəsində inkişaf edir. "La Gran Bellotada Ibérica" da məhz həmin layihə əsasında yaradılıb.

Təşkilatçılar hesablayıblar ki, bir iştirakçı gün ərzində 300-500 palıd qozası əkə bilər. 2020-ci il martın 1-nə qədər azı 25 milyon palıd qozası əkmək nəzərdə tutulub.