Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə tədbir keçirilib FOTO


Siyasət 05 Noy 2019 20:55:00 337 0

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə İsveçrədə tədbir keçirilib  FOTO

Noyabrın 4-də İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə opera konserti və bu ölkənin arxivlərində aparılan araşdırmalar nəticəsində ərsəyə gələn, İsveçrə ilə Azərbaycan arasında diplomatik əlaqələrin tarixinə dair tamamilə yeni faktlar üzə çıxaran kitabın təqdimatı keçirilib.

Son.az bildirir ki, Bern Konservatoriyasında təşkil olunan tədbirdə İsveçrənin yüksək səviyyəli rəsmi şəxsləri, Avropa İttifaqının, Türkiyənin, Yaponiyanın, ABŞ-ın, Fransanın və digər ölkələrin Berndə akkreditə olunmuş səfirləri, diplomatik korpusun digər üzvləri, yerli hökumət qurumlarının və ictimaiyyətin nümayəndələri, Yəhudi İcmasının prezidenti, Azərbaycan-İsveçrə Birgə İqtisadi Komissiyasının İsveçrə tərəfdən həmsədri, deputatlar, nüfuzlu siyasətçilər və tanınmış biznes nümayəndələri, aparıcı şirkətlərin icraçı direktorları, həmçinin Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova çıxış edərək tədbirin Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə də həsr olunduğunu bildirib.

X.İbrahimova vurğulayıb ki, səfirlik Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə üç tədbirlə töhfə verir. Bu tədbirlərdən birincisinin Xalq artisti Fidan Hacıyevanın ifasında opera konsertinin olduğunu söyləyən diplomat konsertin repertuarının seçimində Azərbaycanın müsəlman aləmində ilk operanın bəstələndiyi məkan olması nəzərə alınıb.

İkinci tədbirin İsveçrənin federal arxivlərində birillik araşdırmalara əsaslanan kitabın təqdimatı olduğunu söyləyən səfir XX əsrin əvvəllərində ölkələrimiz arasında diplomatik əlaqələrin tarixinə dair indiyədək məlum olmayan faktları üzə çıxaran nəşri oxuculara təqdim etməkdən qürur duyduqlarını bildirib. Vurğulanıb ki, kitabda Qafqazda konfederasiya qurulması təşəbbüslərinin uğursuzluğa düçar olmasının, Azərbaycanın İsveçrə üçün maraq kəsb etməsinin səbəbləri araşdırılır və təhlil olunur. Bundan başqa, kitabda həmin dövrdə Azərbaycandakı isveçrəlilər və onlar tərəfindən sərmayə qoyulmuş sahələr haqqında da məlumat verilir. Qeyd olunub ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrdə diqqətçəkən məqamlardan biri İkinci Dünya müharibəsində itkin düşmüş və taleləri bu günədək naməlum qalan 300-dən artıq azərbaycanlı əsgərin aqibətinə ilk dəfə aydınlığın gətirilməsidir. Səfir Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif aspektləri haqqında arxiv sənəd və materiallar, tarixi mənbələr əsasında hazırlanmış bu kitabı zəngin diplomatiya irsimizin öyrənilməsinə və araşdırılmasına dəyərli töhfə kimi qiymətləndirib.

Məlumat verilib ki, üçüncü tədbir Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi, eləcə də Azərbaycan-İsveçrə əlaqələrinin uğurlu inkişafı münasibətilə Turqau kantonu Hökuməti ilə birgə Frauenfeld şəhərində simvolik ağacəkmə mərasimi olacaq. Bu tədbir noyabrın 6-da keçiriləcək.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir dövlətimizin başçısının cari ilin yanvarında bu ölkəyə işgüzar səfəri çərçivəsində isveçrəli həmkarı ilə görüşdüyünü qeyd edib. Bildirib ki, Azərbaycan ilə Davos İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub və ölkəmiz Forumun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlığa başlayıb. İl ərzində İsveçrə parlamentinin sədrinin və Xarici Məsələlər üzrə dövlət katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Bakıya, Azərbaycandan isə İqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Hökumətlərarası İqtisadi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Bernə səfər etdiyi diqqətə çatdırılıb.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Birinci Dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman Şərqində ilk Respublikanın Xarici İşlər Nazirliyi təsis edilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 1919-cu il iyulun 9-na təsadüf etmişdir. Məhz buna görə də Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə həmin gün Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib.

Həmçinin bildirilib ki, çoxmillətli parlamentə məxsus gənc demokratik respublikanın hökumətində də bir çox millətlərin nümayəndələri təmsil olunurdu. Tolerant bir cəmiyyətin qurulduğu gənc dövlətdə ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti təsis olundu, yüzdən artıq azərbaycanlı tələbə təhsil almaq üçün xarici ölkələrə göndərildi. Qısa müddət ərzində bir çox nailiyyətlərə imza atılmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı.

Cümhuriyyətimizin qısa ömür yaşamasına baxmayaraq, ilk Respublikanın Xarici İşlər Nazirliyinin diplomatik heyəti geniş təcrübəyə yiyələndi, mühüm nailiyyətlər əldə etdi və müstəqil xarici siyasət fəaliyyətimizin əsasını qoydu.

Hikmət Hacıyev vurğulayıb ki, yerləşdiyi regionun ətrafında cərəyan edən ziddiyyətli proseslərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə daxili sabitlik və inkişaf, iqtisadiyyatın müsbət artım dinamikası təmin edilib, həyata keçirilən irimiqyaslı layihələr beynəlxalq səviyyədəki mövqeyimizi və nüfuzumuzu daha da möhkəmləndirib.

Daha sonra Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatları - pianoçu Zülfiyyə Sadıqova və violonçel ifaçısı Alina Kudelevits konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında həm xarici, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir hissə və "Sevgili canan" romansı, Qara Qarayevin əsərləri, eləcə də Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və s. səsləndirilib.

Sonda qonaqlar Azərbaycan və Avropa mətbəxinin təamlarından dadıblar.