Bu il "Şahdəniz" yatağından 12,2 mlrd. kubmetr qaz hasil edilib


Digərləri 05 Noy 2019 15:36:00 213 0

Bu il "Şahdəniz" yatağından 12,2 mlrd. kubmetr qaz hasil edilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 481 mln. ABŞ dolları əməliyyat xərcləri və 818 mln. dollardan artıq əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

Doqquz ay ərzində yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə 12,2 mlrd. kubmetr qaz və təqribən 2,6 mln. ton (21 mln. barel) kondensat hasil edilib.

Ötən ilin iyul ayının sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 56 mln. (ildə 20 mlrd.) kubmetrdir.

İstiqlal qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə bir sualtı quyu tamamlayıb və hazırda həmin hissədə ikinci quyu tamamlama əməliyyatlarını həyata keçirir. "Maersk Explorer" qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək, digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra qərb cinahında iki quyunun üst intervalını qazmışdır. Hazırda qurğu həmin cinahda bir quyunun alt hissəsində qazma işləri aparır.