“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 mln ton neft hasil edilib


Digərləri 05 Noy 2019 12:19:00 278 0

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 20 mln ton neft hasil edilib

Bu ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.

Bakı. Bu ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib. Trend-in məlumatına görə, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib. Üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (41 000 barel), “Mərkəzi Azəri” (133 000 barel), “Qərbi Azəri” (121 000 barel), “Şərqi Azəri” (92 000 barel), “Dərinsulu Günəşli” (95 000 barel) və “Qərbi Çıraq” (59 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 541 000 barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton olub. Bildirilir ki, üçüncü rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Üçüncü rübün sonuna qədər AÇG-də 9 neft hasilat quyusu qazılıb". Qeyd edək ki, AÇG-də iştirak paylarına BP (30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), “İnpex” (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), “İtochu” (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) malikdir.