Kənddə yüksək rütbəli polisin qətlini bayram ediblər


Dünya 04 Noy 2019 22:20:00 250 0

Kənddə yüksək rütbəli polisin qətlini bayram ediblər

Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiya üzrə ekstremizmlə mübarizə Mərkəzinin ("E" mərkəzi) rəhbəri İbrahim Elcarkiyevin Moskvada qətlə yetirilməsini onun ehtimal olunan düşmənləri havaya fişənglər buraxmaqla və avtomatlardan atəş açmaqla bayram ediblər.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, İnquşetiyanın Ekajevo kəndində sakinlər yüksək rütbəli polisin qətlindən sevindiklərini bu cür büruzə veriblər. "İbrahim Elcarkiyevin düşmənləri onun ölümündən sonra yaylım atəşi açıblar, salyut buraxıblar. Bayram, atəşfəşanlıq, avtomat atəşləri-bütün bunlar Nazranın yaxınlığındakı Ekajevo kəndində başlayıb",-məlumatda deyilir.

Həmin kənddə radikal batalhacılı təriqətinin üzvləri yaşayır. Həmin təriqətin liderlərindən biri İbrahim Belxoroyev idi. O, 2018-ci ildə öldürülüb. Bir çoxları dini təriqət liderinin qətlinin "E" mərkəzi və şəxsən Elcarkiyev tərəfindən təşkil olunduğuna əmindir.

Xatırladaq ki, İbrahim Elcarkiyevi və qardaşını Moskvada noyabrın 2-də qətlə yetiriblər. Killer əvvəlcə polis zabitini güllələyib, daha sonra köməyə gələn qardaşına atəş açıb. Qətlin sifarişli olduğu əsas versiyadır. Ehtimallara görə Elcarkiyevin öldürülməsinin motivi qan davasıdır. Lakin kimlərinsə ondan işgəncələrə görə qisas alması da ehtimal edilir. Çünki "E" mərkəzində saxlanılanlara qarşı qəddar işgəncələr tətbiq olunub.