İşsizlikdən sığorta fondunun 2020ci il üçün büdcəsinin xərcləri hansı istiqamətlərə sərf ediləcək?


Digərləri 04 Noy 2019 21:35:00 250 0

İşsizlikdən sığorta fondunun 2020ci il üçün büdcəsinin xərcləri hansı istiqamətlərə sərf ediləcək?

İşsizlikdən sığorta fondunun 2020-ci il üzrə büdcəsinin 128,2 milyon manat təşkil edəcəyi planlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 30 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, fondun 2020-ci il büdcəsinin əsas xərc istiqaməti kimi, 63,7 milyon manat vəsaitin özünüməşğulluq proqramının icrası işlərinə, proqrama cəlb olunanların kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara aktivlərin alınmasının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Həmçinin fondun gələn ilki büdcəsindən işsizliyə görə sığorta ödənişləri üçün 5 milyon manat, peşə hazırlığı və əlavə təhsil kurslarının və peşəyönümü məsləhət xidmətlərinin, əmək yarmarkalarının və əmək birjalarının təşkili, "E-əmək birjası" portalının yaradılması, peşə standartlarının hazırlanması üçün 9,5 milyon manat ayrılması nəzərdə tutulur.

Haqqı ödənilən ictimai işlərin təşkilinə isə İşsizlikdən sığorta fondundan gələn il 2 milyon manat ayrılması planlaşdırılıb.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müddətli (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 3 milyon manat yönəldilməsi də fondun 2020-ci il üçün büdcə layihəsinin xərclər istiqamətlərinə daxildir.