Vergilər Nazirliyi Cahangir Hacıyevdən 1 milyon 752 min manat tələb etdi


Kriminal 04 Noy 2019 16:23:00 298 0

Vergilər Nazirliyi Cahangir Hacıyevdən 1 milyon 752 min manat tələb etdi

Bakı Apelyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərləri, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin nümayəndəsi bildirib ki, C. Hacıyev və Dünyamin Xəlilova məxsus "Aztorq" şirkəti 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergidən yayınıb. Nazirlik əməkdaşı qeyd edib ki, onlar apelyasiya şikayəti verərək həmin mülki iddianın təmin olunmasını istəyir..

Təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışlarında hökmün ləğv edilməsini və bəraət verilməsini istəyiblər.

İş üzrə növbəti proses noyabrın 25-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilİB. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.