Radikalların böhranı: Vaşinqtona və "mavi"lərə ümid qalıb?


Siyasət 04 Noy 2019 09:50:09 223 0

Radikalların böhranı: Vaşinqtona və "mavi"lərə ümid qalıb?

Siyasətçinin səhvlərindən nəticə çıxara bilməməsi onun ən böyük problemlərindən biridir. Həmin siyasətçi korafəhmliyini, bir addım öncəni proqnozlaşdıra bilməməsini anlamırsa, ikiqat problemdir.

Azərbaycanın daxili siyasətinin müxalifət düşərgəsindəki partiyaların, bu partiyaların idarəetmə strukturlarında təmsil olunanların və ən pisi, həmin partiyaların rəhbərlərinə hələ də inananların əsas dərdi hakimiyyətdə təmsil olunmaqdır.

Bu hissi və istəyi pərdələyən çıxışlar edilir, bəyanatlar verilir, açıqlamalar sıralanır. Ultrainqilabçı olduqlarını hər vəchlə bəyan etməyə çalışanların fəaliyyət taktikasının əsasını mitinqlər, etiraz aksiyaları və piketlər təşkil edir. İctimai fikrin dərinliklərində, siyasi proseslərinsə girdabında olanlar nəyin bahasına olursa-olsun, cəmiyyətin diqqətini cəlb etməyə, vətəndaşların çoxdan itirilmiş diqqətini qaytarmağa can atırlar.

"Milli Şura" və AXCP-nin şəhərin mərkəzində, Bakı metropoliteninin "28 May" stansiyasının qarşısındakı meydanda etiraz aksiyası keçirmək cəhdinin səbəbi ilə qayəsini də bu istəklər təşkil edir.

Cəmil Həsənli və Əli Kərimli dueti hələ də bəyan edirlər ki, onlar mübarizələrində qətiyyətli, iradəlidir. AXCP sədri və bloqer Kərimli ilə formatı və əqidəsini dəfələrlə dəyişmiş Həsənlinin sözlərinə inansaq, onlar iqtidardakı qüvvəni devirmək və hakimiyyətdə bərqərar olmaq üçün mübarizədən çəkinən, yoldan dönən deyillər.

Di gəl, oktyabrın 19-da polisin bir neçə dəyənək zərbəsi yetdi ki, "iradəli və qətiyyətli"lər pərə-pərən düşərək qaçsınlar.

Eyforiyaya qapılmış radikalların ""mübarizlik əzmi"nin kökündə qisasçılıq, ambisiyalar və eqoizmin durduğunu aşkar şəkildə görmək üçün yetər ki, onların bəyanatları ilə əmməllərinin tərs mütənasiblik təşkil etdiyini görək.

"Milli Şura"nın sədri Cəmil Həsənli, ABŞ-a sığınmış jurnalist Sevinc Osmanqızı, jurnalist Ələkbər Raufoğlu, habelə "Amnesty İnternational" təşkilatının Avropa və Mərkəzi Asiya departamentinin direktoru Daniel Balsonun Vaşinqton Milli Mətbuat Klubunda keçirdikləri mətbuat konfrnası bu baxımdan maraqlıdır.

AXCP sədri Əli Kərimli bu mətbuat konfransını "19 oktyabr mitinqi zamanı baş vermiş işgəncə və polis zorakılığı faktlarının, ölkəmizdə sərbəst toplaşma azadlığına qadağa qoyulmasını dünyanın diqqətinə çatdırmaq hazırda ən vacib işlərdən biri" kimi dəyərləndirib.

Əli Kərimlinin sevincini bölüşmək, sadəcə, mümkün deyil və bunun səbəbləri çoxdur.

Əvvəla, 19 oktyabrda mitinq yox, icazəsiz aksiya keçirmək cəhdi olub və bunun da qarşısı alınıb. 350-400 nəfərin şəhərin mərkəzi küçələri ilə "28 May" metro stansiyasının qarşısındakı meydana yollanmaq cəhdi heç bir halda mitinq istəyi və ya niyyəti kimi dəyərləndirilə bilməz.

Dünyanın heç bir ölkəsində - fərq etməz, inkişaf etmiş və ya etməkdə olan - müxalifət qarşısını polis kəsəndə geri çəkilmir, yerində saymır və ya dağılmır.

Tutulmalar, saxlanmalar, həbslər olsa belə, hakimiyyəti dəyişmək, iqtidardakı qüvvəyə meydan oxumaq niyyətində olanlar irəliləyirlər.

AXCP sədri Əli Kərimlinin çağırışlarına rəğmən, onun yanında cəmi bir neçə nəfər vardı.

Tamam, fərz edək ki, həmin gün bəhs etdiyimiz arealı hüquq-mühafizə orqanları, Əli Kərimlinin tərəfdarlarının və sosial şəbəkədəki trollarının dedikləri təki, üzük qaşı kimi əhatəyə almışdılar.

Fərz edək ki, aksiyaya yol vermək istəməyən hakimiyyət bütün rıçaqlardan istifadə edərək müxalifətin planlarının qarşısını almağa çalışıb.

Və ən nəhayət, Kərimli tərəfdarlarının dedikləri absurd iddiaları real sayaq və hesab edək ki, onların sayı, əslində, on minlərlə olub, hakimiyyət bu adamların şəhərin mərkəzinə yığışmasına imkan verməyib.

Bütün bunlar müxalifətin gücü, hakimiyyətin zəifliyidir?

Hə, bir "arqument yaddan çıxdı": "Biz ki, belə zəifik, müxalifət ki, virtualdır və xalq arasında heç bir dayağı yoxdur, nə üçün şəhərin mərkəzi bir tərəfə qalsın, "Məhsul" stadionunda mitinq keçirməyə icazə verilmir? Sərbəst toplaşmaq hüququ bəs nə oldu? Bu, diktatura deyil, bəs nədir?"

O da vurğulanır ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə, siyasi partiyaların normal işinə imkan verilmir, "boğulur" və s.

Tanış ifadələrdir, deyilmi? Aylardan, illərdən bəri təkrarlanır.

Fərziyyələr, gümanlar və aberrasiyaları sadaladıq, "arqument"lər də ortaya qoyuldu.

Yaddan heç nə çıxmadı, deyilmi?

Gələk reallığa.

Heç bir ölkədə hakimiyyət-müxalifət münasibətləri iqtidara müxalif qüvvələrin istəyi ilə yox, qanunlar və gerçək şərtlərlə tənzimlənir. ABŞ, Kanada, Fransa, İtaliya və ya Britaniyada parlamentdə təmsil olunmamış siyasi qüvvə aksiya keçirmək istəyirsə, onu mütləq şəkildə müvafiq dövlət strukturları ilə razılaşdırmalıdır.

Əks təqdirdə, həmin aksiya qanunsuz sayılır, onun qarşısı alınır. Özü də durumdan və konkret vəziyyətdən asılı olaraq ən sərt tədbirlərə əl atılması da istisna deyil.

Məsələn, Londonun mərkəzində "Occupy" hərəkatı aksiya fikrinə düşəndə polis yürüş iştirakçılarının qarşısını kəsmişdi. Aksiyaya qatılanlar xəbərdarlıqlara rəğmən, irəliləmək istəyəndə süvari polislər atları onların üzərinə sürmüşdülər, onlarla yürüşçü xəsarətlər almışdı.

İsveçin Malmö şəhərində antifaşistlər yürüş etmək istəyəndə polislər onların qarşısını kəsiblər və qanunsuz aksiyaya son qoymağı tələb ediblər.

Tələb yerinə yetirilməyəndə isə süvari İsveç polisləri yürüşçülərə, sözün əsl mənasında, divan tutublar.

Fransada, Braziliyada, İspaniyada, İtaliyada da eyni vəziyyətdir: heç bir ölkədə şəhərin mərkəzində qanunsuz aksiyaların keçirilməsinə icazə verilmir.

Radikal müxalifətin tərəfdarlarının real sayına gəldikdə isə, aşkar saxtalaşdırma, niyyətlərin reallıq, illüziyaların gerçəklik qismində qələmə verilməsi müşahidə olunur.

Sevinc Osmanqızı Vaşinqtondakı mətbuat konfransında donorlarına, yəni onun fəaliyyətini maliyyələşdirənlərə hesabat xarakterli çıxış edərək bildirib ki, hakimiyyətlə xalq arasındakı münasibətlərdə, sən demə, "uçurum" müşahidə olunur: "Buna YouTube və Facebook-dakı kanallarıma, səhifəyə axın da dəlalət edir. Sadəcə, oktyabr ayında oxucular, təqibçilər və tamaşaçıların sayı üç dəfə artıb".

S.Osmanqızı 27 il televiziyada olduğu ilə fəxr edir, hətta bu fakta YouTube kanalında ayrıca buraxılış da həsr edir. Fəqət, o, hələ də çağdaş medianın prinsipləri ilə sosial medianın referallıq məqamlarını dərk etməyib. Əksi olsaydı, bilərdi ki, baxış və oxunma saylarının artması heç də həmin statistikanı təşkil edənlərin dəstəyi, ideyalarla həmfikir olması demək deyil.

Bunun əksini iddia etmək primitiv eqoizm, faktların bilərəkdən saxtalaşdırılmasıdır: anlayıram, donorlar hesabat tələb etdiklərindən statistikada "artım" göstərmək, maxinasiyalara əl atmaq gərəkdir.

Olsun, ABŞ-a sığınan və vətəndaşlıq almaq üçün az qala qabıq qoyan tənha ananın fəaliyyətindəki sapmaları müzakirə etmək niyyətində deyiləm.

Məsələ S.Osmanqızının yanında oturub simasına müdrik görmək verən Cəmil Həsənlinin sözlərinə görə, hazırda müxalifətə qarşı "ifrat aqressiya" nümayiş olunur. O, daha sonra bildirib ki, 19 oktyabr aksiyası ərəfəsində və aksiya günü 600 nəfər saxlanılıb, polis bölmələrinə aparılıb, onlara qarşı "işgəncələr tətbiq olunub".

Cəmil Həsənlinin açıqlamasını şərh etməyin özü belə, absurddur. 600 nəfər tutula, onların arasında "qadınlar və uşaqlar ola", sosial şəbəkələrdə bu barədə bir kəlmə məlumat yayılmaya, Ə.Kərimlinin trolları bu barədə şivən etməyələr?! Mümkün deyil.

C.Həsənli Vaşinqtondakı mətbuat konfransında daha sonra deyib ki, sən demə, Ə.Kərimli 19 oktyabr aksiyası zamanı "ölümün bir addımlığında olub": "Polisdə ona dəhşətli, dözülməz işgəncələr veriblər. O qədər döyüblər ki, ölüm astanasında olub. Güclü qanaxmanı dayandırmaq üçün onun başına 8 tikiş qoyulub".

Yenə bu marazmı şərh etmək istəməzdim, amma... Professor və çox uğursuz, bacarıqsız siyasətçi, mövqe və əqidəsini dəfələrlə dəyişmiş C.Həsənli bu sözləri deyəndə yalan danışdığının fərqində olsa da, siyasi məqsədlər üçün hər şeyin mübah olmasını xatırlayıb yəqin.

Axı necə olur ki, "ölümün bir addımlığında olan", güclü qanaxmanın qarşısının alınması üçün başına 8 tikiş qoyulan Əli Kərimli tutulduğu gün buraxılır, axşam saatlarında evində olur və noutbukunun qarşısında oturub S.Osmanqızının YouTube kanalında canlı yayıma qatılır, sızlayır, şikayətlənir, sifətinə məzlum görkəm verərək "Mənə qarşı zor tətbiq etdilər!" deyir?!

"Müxalifəti on minlərlə, yüz minlərlə insanın dəstəkləməsi" ilə bağlı iddialara gəldikdə isə, bu da yalandır. Şəhərin mərkəzi küçələri sosial və siyasi eksperiment meydanı deyil, hansısa hərəkatın və ya təşkilatın tərəfdarlarının sayının müəyyənləşdirlməsi üçün aksiyaların keçiriləcəyi poliqona çevrilə bilməz.

Radikal müxalifətin tərəfdarlarının sayı, həqiqətən də, "lider"lərin dedikləri və iddia etdikləri qədərdirsə, onda lütfən, Çilinin paytaxtı Santyaqoya, Venesuelanın baş şəhəri Karakasa baxsınlar.

Həmin şəhərlərdə müxalifət yüz minlərlə, milyonlarla insanı küçələrə çıxarır.

Honkonqda da belədir.

Heç bir ölkədə polis radikal müxalifətin aksiyası başlayanda yürüşçülərə qatılmır və ya onları dəstəkləmir. Bunu düşənənlərin şüurunda, yəqin, ciddi problemlər var və onlar reallığı adekvat qəbul edərək dəyərləndirə bilmirlər.

Şayət etsələr, İraqda yaşananlara baxsınlar. Ötən ay başlanmış etiraz aksiyalarında həlak olanların sayı 260 nəfərə çatıb. Yaralıların sayı 12 mindən artıqdır.

Maraqlıdır ki, Vaşinqtonda mətbuat konfransı keçirilən gün "tam təsadüf"dən Azərbaycandakı LGBTQ icmasından "Nəfəs LGBT Azərbaycan Alyansı" və "Minority Azərbaycan" təşkilatları birgə bəyanat yayaraq bildirdilər ki, sən demə, bir neçə trans və gey fərd 27 və 28 oktyabr tarixlərində Bakı şəhərinin müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılıb.

Görüşdə onlara, sən demə, "100-300 manat qarşılığında radikal müxalifətə qarşı çıxışlar etmək təklif olunub".

Açığı, radikal müxalifətin halına acımamaq mümkün deyil.

Vaşinqtonda "Amneysty İnternational"ın sifarişi ilə mətbuat konfransı keçirərək xülyalarla fantaziyaları dilə gətirən, sonra da "trans" və "gey"lərin paroksizmə bənzəyən bəyanatı ilə siyasi xal toplamağa çalışanlar çox zavallı təsir bağışlayırlar.

Olduqca miskin, yalançı və zavallı...

Elçin Alıoğlu Son.az