Nifrətdən yaranan böyük sevgi... AİLƏ FOTO


Digərləri 04 Noy 2019 07:41:00 264 0

Nifrətdən yaranan böyük sevgi... AİLƏ  FOTO

http://kaspi.az/az/nifretden-yaranan-byuk-sevgi-aile

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

iyaz İlyasoğlu: "Onu bilirəm ki, Könülü çox sevirəm"    Könül Şahbazova: "Xoşbəxtliyim, yoldaşımın məni anlamasıdır"   Onları bir-birinə yaxınlaşdıran, məbəd hesab etdikləri teatrdır. Bir tərəf Məcnun olub, digər tərəf "acılayan", daim "yox" deyən... Tamaşanın gücü o qədər təsirli olub ki, "mən o insanla heç vaxt ailə qurmaram" deyən qarşı tərəfi Leyliyə çevirib. İndi isə sadəcə sevirlər...

"Ailə" rubrikamızın qonaqları Bakı Uşaq Teatrının aktyorları Könül Şahbazova və Niyaz İlyasoğludur. Cütlüyümüzün 3 yaşında Fatimə adlı qız övladları var.    "Mən heç vaxt aktrisa almaram"   Uzun müddət iş yoldaşı olsalar da, bir-birlərini gec kəşf edib ailə qurublar. Könülün hətta ilk günlər Niyazdan xoşu gəlməyib: "Niyaz teatra məndən sonra gəlib. Təzə gələndə tanışlıq normal insanlar kimi adi idi. Vaxt keçdikcə hiss etdim ki, Niyazın məndən xoşu gəlir. O qədər də önəm vermirdim, çünki insanın insandan xoşu gəlməsini normal hal kimi qəbul etdim. Bir dəfə aktyorlarla yığışıb bir yerdə ordan-burdan danışırdıq. Niyaz dedi ki, mən heç vaxt aktrisa almaram. O sözdən sonra məndə istər-istəməz, ona qarşı "stop" hissi yarandı. Fikirləşdim ki, əgər bu insan belə düşünürsə, bizdə heç vaxt, heç nə alınmayacaq. Mənimlə münasibət qurmaq istədiyini bildirəndə, yenə də o sözü beynimdə fırlanırdı və "yox" deyirdim. Düşünürdüm ki, bu münasibət mümkün olmaz. Sonra bizim teatrda bir tamaşa oldu. Tamaşada iki nəfər ər-arvaddan bəhs edilirdi. Bu rol Niyazla mənə verildi. Niyaza olan sevgim məhz bu tamaşanın məşqlərindən başladı. Onu daha çox tanıdım və necə insan olduğunu gördüm. Münasibətlərimiz istiləşirdi. İstər-istəməz biz bir yerdə oturur, danışır, gedib-gəlirdik. Bir-birimizi anlamaq bizə çətin olmurdu. Mən nəsə deyirdimsə, o, məni yarı sözdən, o, nəsə deyirdisə, mən onu yarı sözdən anlayırdım. Və günlərin bir günü Niyaz mənə dedi ki, sizə elçi göndərirəm. Nə yalan deyim, mənim də ürəyimcə idi, artıq ondan xoşum gəlirdi. Razılaşdıq, ailə qurduq".

Niyaz deyir ki, Məcnun kimi Könülə görə çox əziyyət çəkib. Çünki Könül uzun müddət Niyazla münasibətə razılıq verməyib.

Könül: Niyazın "mən heç vaxt aktrisa almaram" sözü  məndə ona qarşı antipatiya yaratmışdı. Ona deyirdim ki, mən olan yerdə olma, mən oturan yerdə oturma. Ona nifrət etməyə başlamışdım, fürsət düşən kimi Niyazı acılayırdım. Qızların otağına gəlirdi, deyirdim, çıx bizim otaqdan. Açıq-aşkar, hamının yanında bildirirdim ki, Niyaz olan yerdə mən olmamalıyam. Amma Niyaz məni heç vaxt acılamırdı. İndi də sözümüz çəp gələndə, deyir ki, sən deyəndir. Niyazı tanıyandan sonra daha çox sevməyə başladım".   "Onu bilirəm ki,  sevirəm"   Bir-birlərində hansı xüsusiyyətləri bəyəndiklərinə gəldikdə isə Niyaz deyir ki, Könül onun axtardığı qadındır: "İnsan ailə qurmağa hazırlaşarkən ətrafındakı xanımları saf-çürük edir. Hansı ona daha uyğundur, həyat düşüncələri, dünya görüşləri bir-birlərinə nə dərəcədə yaxındır, həmin insanı seçir. Bizim də daxilimiz bir-birinə uyğun gəlir. Könül də sonralar etiraf etdi ki, ilk vaxtlar mən səni bu qədər sevmirdim. Amma ailə qurandan sonra sevməyə başladım. Ona görə də, deyirəm ki, bizim münasibət dəlicəsinə eşq məhəbbət üzərində qurulmayıb. Normal insan düşüncəsi üzərində qurulub və bu gün xoşbəxtik".  Könül: " Niyaz mənim xətrimə dəyməyi xoşlamır, məni incitmək istəmir. Mən səhv olsam belə, hirslənmir, sonradan başlayır açıqlamağa. Təmkinlidir. Mən o xüsusiyyətini çox sevirəm. Həm də çox ədalətli insandır. Ədalətli, səbirli, təmkinli olduğuna görə, onu çox istədim və qərar verdim ki, mənim yoldaşım ədalətli insan olmalıdır".

Niyaz: "Bizim baxış bucaqlarımız, həyata baxışımız eynidir. Sevən adam, sadəcə sevir. Düzünü desəm, Könülü nə üçün sevdiyimi bilmirəm. Onu bilirəm ki, sevirəm".

"Amma bir birimizin əlini buraxmamışıq"   Hər ailədə olduğu kimi, həmsöhbətlərimiz də müəyyən çətinliklərdən, sınaqlardan keçiblər. Bu çətinliklər onları bir-birinə daha çox bağlayıb: "Ailə qurduğumuz ilk il bizim ən böyük sınağımız olub. Çox çətinliklərdən keçdik. Bəlkə də digər ailələr bu çətinlikləri bir-birilərinə öyrəşəndən - 3-5 il, ən azı 2 il sonra yaşayırsa, biz onu ailə quran kimi yaşamağa başladıq. Biz onu bir yerdə keçmişik. İlk övladımızı itirmişik. Dünyaya gəlib, cəmi 15 dəqiqə yaşayıb və sonra rəhmətə gedib. Yenə deyirəm, bu ağrını adlamaqda mənə ən böyük dəstək Niyazdan gəlib. Daha sonra ailələrimiz, anam, qaynanam... Bəlkə də onlar olmasaydı, mən havalana bilərdim".

Niyaz: "Biz əzab-əziyyəti daha çox maddi baxımdan çəkmişik. İndi daha rahatıq. Amma ailə qurduğumuz ilk vaxtlarda maddi baxımdan çox sıxılmışıq. Elə gün olub ki, işə getməyə pulumuz olmayıb. Bu problemlər hamının həyatında olur. Amma bir birimizin əlini buraxmamışıq".

- Bütün çətinliklərə baxmayaraq, xoşbəxt olduğunuzu vurğulayırsınız. Xoşbəxtlik nədir?

Könül: "Yoldaşım karyeramda ən böyük dəstəkçimdir. Məni başa düşür, anlayır. Bu, ən böyük xoşbəxtlikdir. Bəzi məsələlərdə qadağalar qoyur, amma səhnə ilə bağlı məni dəstəkləyir. Ona görə də, bizim müsbət tərəfimiz odur ki, bir-birimizi anlayırıq. Mən məşqdən gec gələndə, ya o gecikəndə problem yaranmır. Mənim üçün pul, geyim-keçim xoşbəxtlik deyil. Düzdür, əhvalımı qaldırır, adam gözəl olanda ona xoş olur. Mənim xoşbəxtliyim yoldaşımla eyni yerdə işləməyimiz və onun məni anlamasıdır. Yaxud da, tamaşanı oynayan zaman qızım zaldan "ana" və yaxud da atasını görəndə "ata" qışqırır, bax, bu, böyük xoşbəxtlikdir. Bu gün bizim xoşbəxt olmağımız evimiz, övladımız, gün-gündən qalxan maaşımızdır. Məni başa düşən yoldaşım, qayınanam, qayınatam var. Nə mənim tərəfdən, nə də onun tərəfindən aramızı vuranlar yoxdur. Və biz artıq 5-ci ildir ki, ailə qurmuşuq, bu vaxta qədər ciddi, böyük davamız olmayıb. Biz heç vaxt uzun müddət küsülü qalmamışıq. Bir-birini anlamaq da xoşbəxtlikdir".