Avropalıların saçına düzən verən həmyerlimiz FOTO


Digərləri 04 Noy 2019 05:30:00 236 0

Avropalıların saçına düzən verən həmyerlimiz  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.   

Mühəndis olmağı arzulayıb və bu istiqamətdə təhsil alıb. Ancaq tələbəlik illərində fikrini dəyişir, başqa sahəyə yönəlir. Bu gün isə bərbər kimi çalışır. İlk vaxtlar ona bu iş təklif olunanda "Mən hara, bərbərlik hara?" desə də, bu gün bu sahə ilə sevə-sevə məşğul olur. Hazırda isə Azərbaycanda deyil, ölkə xaricində - Polşada bərbər kimi fəaliyyət göstərir. Söhbət həmyerlimiz Afiq İskəndərovdan gedir.

Qeyd edək ki, Afiq İskəndərov 1990-cı il sentyabrın 29-da Gürcüstan Respublikasında anadan olub. Orta və ali təhsilini Azərbaycanda alıb.   - Afiq bəy, Azərbaycan Texniki Universitetində təhsil alıbsınız. Ali təhsil almaq, seçdiyiniz fakültədə oxumaq kimi arzunuz var idi?

-  Bəli, Texniki Universitetdə nəqliyyat daşımaları və idarəetmənin təhlükəsizliyi mühəndisliyi (həm avtomobil, həm dəmiryol nəqliyyatı üzrə) ixtisasında təhsil almışam. Onu deyim ki, bu fakültəni istəyərək seçmişdim. Qəbul imtahanında 463 bal yığmışdım və bu balla universitetdə çox fakültəni seçmək imkanım var idi. Lakin mən həmişə nəqliyyatla bağlı mühəndis olmaq istəmişəm. Mühəndis olmaq, nə isə yaratmağa, qurmağa marağım böyük idi.   - İstəyərək seçdiyiniz ixtisasdan uzaqlaşmağınızın səbəbi nə oldu?

- Bir ixtisası seçəndə onunla bağlı müəyyən xəyallar qurursan və sonra təhsil müddətində xəyallarının elə xəyal olaraq qalacağını görəndə, artıq fikrin dəyişir. Təhsil aldığım müddətdə gördüm ki, daydayın, kimin-kimsən olmasa, bu sahədə istədiyin işdə çalışmaq bir az çətin məsələdir. Mən isə elə şeylərdən uzaq qaçan adamam. Zəhmət çəkərək nə isə əldə etməyi sevirəm. Qısası, o sahədə perspektiv görmədim və ona görə, bərbərliyə yönəldim. Düzü, bərbərliyə pul qazanmaq üçün deyil, hobbi kimi yanaşmışam. Sevirəm deyə məşğul oluram. Heç vaxt bərbərlikdən pul qazanmaq haqqında düşünməmişəm, amma onun sayəsində hər şeyim var (gülür). Ancaq xəyalımda quracağım işlər tamam başqadır.

- Bərbərliklə necə tanış oldunuz?

- Bərbərlikdən öncə, tələbə vaxtı ofisiant işləmişəm. "Four seasons" otelində ofisiant kimi işə başladım, administratora kimi yüksəldim. "Buta palace", "Ağ saray", "Platin saray" kimi yerlərdə zal administratoru, direktor səviyyəsinə qədər qalxmışam. O işləri də sevərək edirdim. Üstəlik də, diribaş adam idim, ona görə, o işlərdə də tez irəliləyirdim. Bir dəfə türk dostumla İstanbula istirahətə getmişdik. Təsadüfən, orda məni böyük bir bərbər salonu olan dostu ilə tanış etdi, onun iş yerinə getdik, əlaqəmiz yarandı. Bir dəfə söhbət zamanı mənə bu işlə məşğul olmağı təklif etdi. Əvvəlcə razı olmadım, dedim ki, mən hara, bərbərlik hara? Deyirdi ki, gəlsən, öyrənəcəksən. Mən ora gəzməyə getmişdim, amma o adam məni bir növ məcbur edirdi ki, gedək öyrən, başqa variantın yoxdur. Beləcə, bu işlə tanış oldum, işə, işçiyə olan hörməti gördüm. Bir müddət Türkiyədə çalışdım, sonra Azərbaycana qayıtdım. Azərbaycanda elə də uzun müddət bərbər kimi çalışmamışam. Orda öz taksi şirkətimi qurdum, amma baxdım ki, alınmır, ölkə kənarına çıxmalı, özümü daha da inkişaf etdirməliyəm. Almaniyaya getdim, sonra Niderlanda, indi də Polşada çalışıram.

- Fərqli ölkələrdə çalışıbsınız. Olduğunuz ölkələrdə işə yanaşma cəhətdən hər hansı fərq görürsünüz?

- Türkiyədə, Niderlandda, Almaniyada işləmişəm, indi də Polşadayam. Hamısında tək öz sahəmə deyil, digərlərinə də fikir vermişəm, müqayisə edəndə görürəm ki, bizdə bir çox insan işə çox diqqətlə yanaşmır. Azərbaycanda nədənsə çox adam gördüyü işi yola verir. Qatıq satan qatığını, ev tikən tikinti işini. Bu da dolayısı yolla hər kəsin aldığı xidmətdən məmnun qalmamasına gətirib çıxarır. Burda elə deyil, hər kəs işin üstündən incəliklə keçir. Bu, çox xoşuma gəlir. Düzdür, bəzən yola da vermək lazımdır, amma işi görəndə diqqətli olmaq önəmlidir. Hər şey öz qaydasında olmalıdır.   - Ölkə xaricində işləmək üçün gedəndə, bu sahənin sizə nə kimi köməyi dəydi?

- El arasında belə deyim var: savad ölər, sənət ölməz. Mən ölkə xaricində işləmək qərarı verəndə, ingilis, rus dilini bilirdim və bunun sayəsində iş seçimi problemi ilə üzləşməyəcəkdim. Ancaq yenə də bir sənəti bacarmaq çox yaxşıdır. Təbii ki, başqa işlər də təklif olunurdu, amma mənim bildiyim bir sənət var idi, axtarmağa, digər peşələrdə özümü yoxlamağa ehtiyac qalmırdı.   - "Mən hara, bərbərlik hara" deyibsiniz. O vaxt niyə bu cür yanaşırdınız?

- (Gülür) Bərbərliyə könül xoşluğu ilə gəlməsəm də, bu işi çox sevdim. İnsan gərək öz işini sevə, dəyərləndirə. Bu zaman işinin də sənə hörməti artır, müştərin çoxalır. Elə sahədir ki, səhər işə gedəndə bu gün nə iş görəcəyim sual altında olmur. Bilirəm ki, müştərim gələcək, işləyəcəyəm. Üstəlik, əlin təmiz, hörmətli sənətdir. Fərqli sahələrdə çalışan insanlarla ünsiyyətdə oluram, əlaqə qururam.   - Bu sahədə fərqli ölkələrdə çalışıbsınız. Ümumiyyətlə, bərbərlik hansı ölkədə daha gəlirli sahədir?