Rəqəmsal kommunikasiyada keyfiyyətli və unikal fotoların rolu nə qədərdir?


Digərləri 02 Noy 2019 21:45:00 305 0

Rəqəmsal kommunikasiyada keyfiyyətli və unikal fotoların rolu nə qədərdir?

Artıq rəqəmsal dünyanın yaranması hələ çoxdan yeni hədəf kütləsinin və yeni reklam, kommunikasiya kanalının yaranmasına səbəb olub. İndiki vəziyyətdə demək olar ki, əksər brendlər, markalar hətta dünən yaranan şirkətlərin belə rəqəmsal kommunikasiyası var və həmin şirkətlər sosial mediadan istifadə edirlər. Vəziyyət elə bir yerə gəlib çatıb ki, Instagram-da öz əl işini yaxud bişirdiyi tortu satan orta yaşlı xanımdan tutmuş, ən böyük agentliklərə və şirkətlərə qədər hər kəs sosial mediadan və rəqəmsal kanallardan istifadə edir. 

    Bu məqaləmdə isə rəqəmsal kommunikasiya zamanı fotoların nə qədər effektiv olduğunu, unikal və keyfiyyətli fotoların nə qədər satışa təsir etdiyini izah etməyə çalışacam. 

Son.az technote.az-a istinadən bildirir ki, rəqəmsal kommunikasiyada və eləcə də rəqəmsal satışda foto ən öndə gələn və vacib elementdir. Bunu 2 arqumentlə, sadə dildə izah edə bilərəm.

1. Əksər sosial şəbəkələr "skrol" yəni yuxarıdan aşağı sürüşdürmə prinsipinə əsaslanan zaman tunelinə sahibdirlər. Və sizin bir istifadəçinin zaman tunelində onun diqqətini cəlb etməyiniz olduqca çətinləşib. Buna həm Facebook və Instagram-ın yeni alqoritmləri, həm də kontentin həddən artıq çox olması təsir edib. Belə bir vəziyyətdə sizin foto ilə olan məlumatı paylaşmağınız, istifadəçinin diqqətini daha tez cəlb edir. Çünki aşağı doğru sürüşdürən zaman istifadəçi göz fokuslamasına uyğun olaraq, ilk olaraq şəkilli məlumatları daha tez görür və üzərindən keçsə belə yaddaşında daha tez qalır. Yəni, istifadəçinin zaman tunelinə hər hansı uzun bir mətnlə çıxmaq, onun diqqətini cəlb etmək ehtimalını azaldır.

2. Yəqin Instagram sosial şəbəkəsinin Azərbaycanda nə qədər məşhur olduğundan xəbəriniz var. Bu tək Azərbaycanda belə deyil, bütün dünyada belədir. Bir şeyi bilməkdə fayda var ki, Azərbaycanda Instagram şəbəkə olaraq Facebook-dan daha çox istifadəçi kütləsinə sahibdir. Instagram-ın məşhurlaşma və geniş yayılma səbəbi isə çox sadə məntiqə dayanır. Ancaq şəkillərin paylaşımı üçün sosial şəbəkə. Və bu məqsədlə yaradılan şəbəkə bir müddət sonra nəzarət altına alına bilməyən böyük bir elektron ticarət platformasına çevrilir. Niyə Facebook yox Instagram? Azərbaycanda kifayət qədər Instagram üzərindən biznes quran və məhsul satan kiçik sahibkarlar var. Bu, real həyatda gördüyümüz butiklərə bənzəyir. Bəs Instagram-ın bu məqsədlə niyə belə məşhur olduğuna diqqət etdinizmi? Səbəb və cavab sadədir -  Foto.

Instagram-da satdığınız məhsulun fotosunu paylaşmaq kifayət edir ki, alıcı sizin məhsulla maraqlansın. Bu, konkret və birbaşa informasiyadır. İnsanlar artıq yazı və məlumat oxumaqdan beziblər. Yaxud onlar daha vacib məlumatları oxumaq üçün beyinlərini işə salmaq istəyirlər. Onlara sizin satdığınız məhsul haqqında uzun məlumat maraqlı deyil. Sırf bu səbəbdən Instagram elektron ticarətdə açar bir platformaya çevrilərək, fərqli bir istiqamətdə də inkişaf etməyə başladı. 

Fotonun önəmini irəli çəkən məqamlardan birinə də bizim mediaya yaxın olan bir nümunədən sizinlə bölüşüm. Yəqin ki, xəbər saytlarının xəbərin başlığını yazdıqdan sonra qarşısında (FOTO), (FOTOLAR) yazdığına diqqət eləmisiniz. Bu, əslində foto informasiyanın nə qədər maraq doğuran və vacibliyini vurğulayan bir nümunədir. Yəni, istifadəçi o başlığı görəndə şüuraltı düşünür ki, burada təkcə mətn oxumayacam, həm də foto görəcəm. Deməli görüntü varsa, sübut və mövcudluq var. Baxın, kommunikasiyada fotonun önəmi də məhz budur. Mövcudluğun isbatı və varlığın sübutu. 

Gələk əsas məsələyə. Bəs foto informasiyanı təmamilə ötürürmü? Hansı foto daha yaxşı informasiya ötürər? Bəli, məsələ belədir ki, foto kommunikasiyada hər şeyi həll etmir. Foto sanki sənə ilk müştərini mağazadan içəri salır. Yəni onun diqqətini cəlb edir. Satışı edən isə kontent olur. Yəni sizin yazdığınız mətn, qiymət və s. Instagram-da fotonun təsvir bölməsində məhsul haqda rəylər, məlumat və qiymət yazılır. Amma burada bəzi incəliklər var ki, onları mütləq bilmək lazımdır. Rəqəmsal dünya elə bir yerə gəlib çatıb ki, insanlar hətta o təsvirdə yazılan xırda yazıları belə oxumaq istəmirlər. Məsələn, Instagram hekayələrinin məşhurlaşma və yayılma səbəbi foto və yazının eyni ekranda olması idi. Yəni adam foto çəkir, elə rəyi də fotonun üzərində yazır, yaxud olduğu yeri qeyd edir. İzləyici bir şəkilə baxmaqla, bütün informasiyanı əldə edir və başlayır hekayələri vərəqləməyə.

(adsgarden = window.adsgarden || []).push({});