Yumurtalığın follikulyar kistası Yaranma səbəbi, müalicəsi
Digərləri 02 Noy 2019 19:05:00 351 0
Yumurtalığın follikulyar kistası - ovarial toxumanın ovulyasiya olunmayan follikuldan formalaşan funksional retension törəməsidir. Əksər hallarda yumurtalıqların follikulyar kistaları klinik olaraq təzahür etmir; bəzən qarnın aşağı hissəsində ağrılar, aybaşının ləngiməsi, sonsuzluq qeydə alınır. Yumurtalığın follikulyar kistalarının diaqnostikasında ginekoloji baxış, dinamik exoqrafiya, laparoskopiyadan istifadə olunur. Residivləşən və persistə edən kistaların müalicəsi hormonal və iltihabəleyhinə terapiya ilə aparılır. Müalicə effekt vermədikdə və ya ağırlaşmalar yarandıqda cərrahi müalicə tətbiq edilir.
Son.az medicina.az-a istinadən bildirir ki, yumurtalığın follikulyar kistası ovulyasiya olunmayan dominant follikuldan yaranan xoşxassəli ovarial törəmədir. Kistanın ölçülərinin böyüməsi qan damarlarından mayenin transsudasiyası və ya epitel qatın qranulyoz hüceyrələrində onun sekresiyasının davam etməsi ilə əlaqədardır. Yumurtalığın follikulyar kistalarına əsasən reproduktiv yaşda olan qadınlarda rast gəlinir, bəzən xəstəlik menopauza dövründə yarana və ya anadangəlmə ola bilər. Yumurtalığın bütün kistalarının 80%-dən çox hissəsini follikulyar kista təşkil edir.
Yumurtalığın follikulyar kistası girdə formalı, nazik, hamar divarlı, saman- sarı rəngli mövtəviyyatdan ibarət 1 kameralı törəmə olub, diametri 3-8sm arasında dəyişir. Follikulyar kista birtərəfli lokalizasiyaya malikdir. Yumurtalığın follikulyar kistaları maliqnizasiyaya uğramır və əksər qadınlarda menstruasiyanın başlanmasına yaxın və ya 2-3 aybaşı sikli ərzində öz-özünə geriyə inkişaf edir.
Yumurtalığın follikulyar kistasının formalaşma səbəbləri
Yumurtalığın follikulyar kistasının patogenezinin əsasında hiperestrogeniyaya və birfazalı anovulyator aybaşı siklinə gətirib çıxaran endokrin-metabolik dəyişikliklər dayanır. Bu pozğunluqlara fiziki və psixoemosional yüklənmələr səbəb ola bilər. Yumurtalığın follikulyar kistası çox zaman abort, qeyri-spesifik iltihablar (ooforit, adneksit, salpingit), nəzarətsiz kontrasepsiya, kəskin infeksiyalar, CYKİ, sonsuzluq zamanı ovulyasiyanın hiperstimulyasiyası ilə əlaqədar yumurtalıqların disfunksiyası nəticəsində yaranır.
Yenidoğulmuşlarda yumurtalıqların follikulyar kistalarının inkişafınin ananın estrogenlərinin dölə təsiri, eləcə də yenidoğulma dövrünün hormonal krizləri ilə bağlılığı ehtimal olunur. Yumurtalıqların follikulyar kistaları hormonal balans bərpa olunduqda geriyə inkişaf tendensiyasına malikdir. Xəstəliyin təkrari epizodları residivləşən follikulyar kistalara; 2-3 aydan çox davam edən müddətdə reqress izlənilmədikdə persistə edən kistalara aid edilir.
Yumurtalığın follikulyar kistasının əlamətləri
Diametri 4-5 sm-dən kiçik olan kistalar adətən heç bir əlamətlə özünü büruzə vermir və təsadüfən aşkarlanır. Yumurtalığın iri ölçülü (8sm-ə qədər və daha böyük) follikulyar kistaları qarnın aşağı hissəsində ağrı, qasıq nahiyəsində dartılma və ya ağırlıq hissi ilə müşayiət oluna bilər. Diskomfort və ağrılar aybaşı siklinin ikinci yarısında baş verir, çox zaman cinsi akt, fiziki aktivlik, kəskin hərəkətlər zamanı yaranır və ya güclənir. Bir sıra pasiyentlərdə qeyri-müntəzəm, gur, uzunmüddətli aybaşılar, az miqdarda aybaşıarası ifrazatlar qeydə alınır.
Dayanıqlı anovulyator aybaşı sikli persistə edən follikulyar kistanın olmasına dəlalət edir, belə hallar sonsuzluqla müşayiət edilə bilər. Ovulyasiyanın sağlam yumurtalıqda baş verdiyi hallarda hamiləlik mümkündür. Hestasiya dövründə yumurtalığın follikulyar kistası öz-özünə geriyə inkişaf edə və ya ciddi ağırlaşmalara, hətta hamiləliyin pozulmasına da səbəb ola bilər.
İri ölçülü follikulyar kistalar, eləcə də hamiləlik və fiziki aktivlik zamanı kistanın ayaqcığının burulması, kapsulun cırılması, ovarial toxumanın nekrozu, qarındaxili qanaxma ilə müşahidə olunan yumurtalığın apopleksiyası riski mövcuddur. Belə hallarda kəskin qarın simtomatikası qəfil başlayan güclü ağrılar, başgicəllənmə, ürəkbulanma, qusma, hipotoniya, taxikardiya, dəri örtüklərinin solğunluğu ilə xarakterizə olunur.
(adsgarden = window.adsgarden || []).push({});