Gəncəni alıb baş general olan, Bakıda başı gedən Sisianov


Digərləri 02 Noy 2019 15:52:00 260 0

Gəncəni alıb baş general olan, Bakıda başı gedən Sisianov

Pavel Sisianovun adı Azərbaycan oxucusuna, öz ölkəmizin tarizi ilə maraqlanan insanlara yaxşı tanışdır. Hamı bilir ki, çar Rusiyasının Həştərxan general-qubernatoru, knyaz Pavel Sisianov Gəncədə Cavad xanı qətlə yetirərək şəhəri işğal edən, daha sonra Bakını işğal etmək istəyən, ancaq şəhər qalasının açarlarını əldə edə bilmədən öldürülən tarixi şəxsdir.

Onun haqqında bu gün yazmaq ona görə vacib oldu ki, Sisianovdan 184 il sonra Bakının üstünə yenə işğalçılıq niyyəti ilə gələn, üsyana qalxmış Azərbaycan xalqını ram etməyə çalışan və bu niyyətlə xalqımızın oğul və qızlarının qanının tökülməsinə bais olan Yevgeni Primakov adlı rus kəşfiyyatçısının 90 illik yubileyi ilə bağlı gənc nəsillərə difiramba yazdırıblar, sərgi keçiriblər.

Prinsipcə, Sisianovla Primakovun xalqımıza münasibətdə heç bir fərqi olmayıb. Onların hər ikisi eyni düşüncəni daşıyıblar: qan tökmək bahasına olsa da, bu Qafqaz xalqını ram etmək, itaət altına almaq, istismar etmək, qula-köləyə çevirmək, Rusiyanın ərazisini genişləndirmək və s.

Ona görə də biz Primakov məsələsinə bir az gendən, Sisianov dövründən gəlməliyik.

Pavel Dmitriyeviç Sisianov gürcü əsilli çar generalı olub. O, 1754-cü ilin sentyabrında Moskvada, knyaz Dmitri Pavloviç Sisianovun və Yelizaveta Baqration-Davitaşvilinin ailəsində doğulub. Pavel Dmitriyeviçin əcdadları gürcü çarı VI Vaxtanqın vaxtından Rusiyada mühacir olublar.

Pavel öz hərbi karyerasına 1772-ci ildə, Preobrajenski alayında gizir kimi başlayıb. 1771-ci ildə o, həmin polkun yeger rotasının komandiri təyin edilib. 1778-ci ildə Sisianovu podpolkovnik rütbəsində Tobolsk piyada polkuna keçiriblər. 1786-cı ildə knyaz oğlu polkovnik rütbəsində Sankt-Peterburq qrenadyor polkunun komandiri təyin olunub. Yekaterinanın dövründə başlayan 2-ci rus-türk müharibəsində Sisianov döyüşkənliyi ilə fərqlənib.

Sonradan Sisianov çox döyüşlərdə iştirak edib, ordenlər, medallar alıb, hara göndəriblərsə, tapşırığı dəqiqliklə yerinə yetirib, adı çıxarıb.

1793-cü ildə, 39 yaşı tamam olanda Sisianov artıq general-mayor idi. 1794-cü ildə o, Varşava və Vilnoda üsyanların yatırılmasına rəhbərlik edib. Suvorov kimi dahi bir sərkərdə belə Sisianovu "cəsur general" adlandırıb. Şair Puşkin öz "Qafqaz əsiri" poemasında ona misralar həsr edib. İmperatriçə Yekaterina da onun xidmətlərini mükafatsız qoymayıb, orden-medallarla yanaşı ona Minsk quberniyasında 1500 nəfər təhkimi kəndlisi olan malikanə bağışlayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsinin, daha dəqiqi, ölkəmizin Rusiya tərəfindən ilhaqının əsas işini Sisianov görüb. O, 1796-cı ildə Yekaterinanın əmri ilə qraf Zubovun rəhbərliyi altında Qafqaza gəlib. Onu Bakının komendantı təyin ediblər və o zaman Bakı xanı Hüseynqulu xanla Sisianovun arasında dostluq olub. (Bəlkə də onların arasında eləcə "salam-sağ ol" olub, sadəcə rus mənbələri belə qələmə verirlər - sonradan xanın dostluğa xəyanət etdiyini göstərmək üçün. Bu hadisə haqqında məlumat verən başqa rus mənbələrində gerçəkdən də "verolomno" ("xaincəsinə") sözündən istifadə edilir. Xan dünyanın o başından gəlmiş və onu kölə etmək istəyən birinə şəhərin açarını verməməyə və öz istilaçı düşmənini öldürməyə görə "xain" adlandırılır).

Sisianovun Bakını mühasirəyə alması

Həmin vaxt Sisianov İran yürüşündə iştirak edib. 1797-ci ildə isə o, səhhəti ilə bağlı olaraq istefaya çıxıb.

I Aleksandr taxt-taca yiyələnəndə Sisianov yenidən xidmətə qayıdıb. 1801-ci ildə o, general-leytenant rütbəsi alıb. 1902-ci ildə Həştərxanın general-qubernatoru və Gürcüstandakı qoşunların baş komandanı təyin edilib.

Sisianov Tarkovski (kumık dövləti) şamxalıyla, Avar, Dərbənd, Lənkəran xanlarıyla, Tabasaran maysumu və Qaytaq usmisi ilə itaətə dair müqavilələr bağlayıb.

1803-cü ildə Sisianov əvvəlcə Car-Balakən icmasını, sonra İlisu sultanlığını Rusiyaya tabe edib. İlin sonunda Meqrel knyazlığı da onun tərəfindən ram edilib. Qafqazdakı cırtdan dövlətləti bir-bir və asanlıqla işğal edən Sisianov Gəncədə müqavimətlə qarşılaşıb və 1804-cü ildə böyük qüvvə ilə hücum edərək Gəncəni tutub. Döyüşlərdə Gəncə xanı Cavad xan da həlak olub.