"Əmimin qızına əxlaqsız şəkil göndərmişdi"


Kriminal 02 Noy 2019 14:40:00 305 0

"Əmimin qızına əxlaqsız şəkil göndərmişdi"

Əmisi qızına görə öz qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda, xuliqanlıqda və soyuq silah saxlamaqda ittiham edilən 1998-ci il təvəllüdlü Kənan Tağıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Kənan Tağıyev aralarında yaranmış mübahisə zamanı qohumu İbrahim İsaqzadəni bıçaqlayıb.

Tağıyevə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə yanaşı soyuq silah saxlama və xuliqanlıq maddəsi ilə də ittiham irəli sürülüb. Əgər ittiham təsdiqini taparsa, Tağıyev ömrünün 10 ilindən artığını dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Elan olunmuş ittihamla Kənan Tağıyev özünü qismən təqsirli bilib. O, deyib ki, bıçaqladığı İbrahim onun qohumudur.

Tağıyev söyləyib ki, İbrahim onun əmisi qızına sataşıb: "Onun qohum olması, belə bir hərəkət etməsi məni çox qəzəbləndirdi. İlk olaraq onu vurmaq niyyətim yox idi. Əmimin qızına əxlaqsız foto göndərmişdi. Mən ona iradımı bildirəndə məni təhqir elədi. Yumruq atanda mən də onu vurdum".

Kənan deyir ki, hadisə zamanı ətrafda heç kim olmayıb.

Hakimin suallarından məlum olub ki, Kənan əmisi qızını sevirmiş. Elə hadisənin baş verməsinin əsas səbəbi də bu imiş.

Məhkəmədə zərərçəkniş kimi tanınan İbrahim də iştirak edib. O, hadisə baş verən gün yaşananları danışarkən deyib ki, İbrahim onu söhbətə çağıran zaman vurub.

Kənan qeyd ediib ki, həmin vaxt söyüş söyməyib: "Mübahisə edəndə bıçaq çıxardı. Mən onu vurub yerə yıxdım. O altda idi, mən isə üstdə. Əlində bıçağı görəndə soruşdum ki, məni vurdun? Dedi ki, hə. Soruşdum ki, dəqiq deyirsən? Mən o vaxta qədər hiss eləməmişdim. Sonra əlimi kürəyimə vuranda qan gəldiyini gördüm. Bir neçə dəqiqə sonra maşınla xəstəxanaya getdim".