Ekspert: Radikal müxalifət dövlətin əsaslarına qarşı xəyanətkar mövqe tutaraq sifarişlər həyata keçirir


Digərləri 02 Noy 2019 10:15:00 223 0

Ekspert: Radikal müxalifət dövlətin əsaslarına qarşı xəyanətkar mövqe tutaraq sifarişlər həyata keçirir

Özlərini müxalifət düşərgəsi adlandıran qaragüruhçular dəstəsinin guya ki, birləşmək adı altında etdikləri çağırışlar bilavasitə ictimai-siyasi sabitliyin, dövlətçiliyin, xalq-iqtidar vəhdətinin möhkəm əsaslarına qarşı çıxmaq məqsədi daşıyır.

Bakı. Samir Əli - Özlərini müxalifət düşərgəsi adlandıran qaragüruhçular dəstəsinin guya birləşmək adı altında etdikləri çağırışlar bilavasitə ictimai-siyasi sabitliyin, dövlətçiliyin, xalq-iqtidar vəhdətinin möhkəm əsaslarına qarşı çıxmaq məqsədi daşıyır. Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi-ekspert Bəhruz Quliyev Müsavat partiyasının başqanı Arif Hacılının müxalifət düşərgəsində fəaliyyət göstərən partiya və hərəkatlara dəyirmi masa keçirmək təklifinə münasibət bildirərkən deyib. B.Quliyevin sözlərinə görə, radikallıq və dağıdıcılıq ənənəsinə sadiq qalan ekstremist qüvvələr uzun illərdir ki, hakimiyyətə gəlmək adı altında müxtəlif və çoxsaylı xarici qüvvələrlə əməkdaşlıq edir, dövlətin əsaslarına qarşı xəyanətkar mövqe tutaraq sifarişlər həyata keçirirlər: "Bu baxımdan, Arif Hacılının təklifi arxasında da həmin reallıqlar dayanır və eyni zamanda, belə çağırışlar həm də bu cür qənaətə gəlməyə zəmin yaradır ki, vəziyyətdən sui-istifadə edən qaragüruhçular "liderliyi" öz əllərinə almağa çalışırlar. Əgər nəzərə alsaq ki, A.Hacılının "dəyirmi masa"ya dəvət etdiyi şəxslər ayrı-ayrılıqda və zaman-zaman Azərbaycan dövlətinin və xalqının əleyhinə fəaliyyət göstəriblər, bu zaman belə məntiqi nəticə hasil olur ki, həmin çağırış birbaşa anti-Azərbaycan qüvvələrin əmridir. Ona görə də, dövlətinə, vətəninə sadiq olan, hər zaman dövlətçilik prizmasından çıxış edən vətəndaş faktoru bilməlidir ki, heç bir xarici qüvvə, heç bir ermənipərəst dairələr xalq və iqtidar birliyini pozmağa qadir deyil. Hesab edirəm ki, belə qaragüruhçular bir araya gəlsələr belə onların "birliyi" əsla baş tutmayacaq. Biz illərdən bəri ənənəvi düşərgədə bənzər birliklərin, toplantıların şahidi olmuşuq və dəfələrlə görmüşük ki, onlar şəxsi dividendləri, maraqları üçün bir-biriləri ilə ən qatı düşmənlərə çevriliblər. Əlbəttə ki, xalq da bunu görür, sağlam düşüncəli ictimai rəy dağıdıcı ünsürlərin dövlətə deyil, öz maraqlarına xidmət etdiklərini yaxşı anlayır". Ekspert bildirib ki, icazəsiz aksiyalar, mitinqlər keçirməklə onlar özlərini siyasi məhvə doğru sürükləyirlər: "İstər Arif Hacılı olsun, istər Əli Kərimli, istərsə də digərləri – onların heç biri öz çirkin məqsədlərinə çata bilməyəcəklər. Çünki onların qarşısında dövlətini, vətənini, prezidentini sevən azərbaycançılıq və xalq meyarı dayanır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin