Cığallıq AXCP və Milli Şuranın xarakterinə çevrilib


Siyasət 01 Noy 2019 21:09:43 292 0

Cığallıq AXCP və Milli Şuranın xarakterinə çevrilib

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Bu il dekabr ayında Azərbaycan Respublikasının bütün bölgələrində bələdiyyə seçkiləri keçiriləcək. Dinc, ədalətli və sivil yolla hakimiyyətə gəlmək üçün demoikratik dəyərlər baxımından bundan gözəl imkan ola bilməz. Faktiki olaraq, əksər siyasi partiyalar bu seçkidə iştirak üçün səfərbər olunublar. Təkcə AXCP və onun yedəyində gedən Milli Şura bu demokratik təsisatın canlanmasında iştirak etmir. Ona görə ki, artıq bölgələrdə də AXCP və Milli Şuranın nə demək olduğunu xalqımız çox yaxşı dərk etməkdədir. Bəs belə bir demokratik seçki prosesində iştirakdan imtina edən AXCP nədən daha çox piket və mitinqlərə üstünlük verir. Nə üçün ölkəmizdə demokratik yolla hakimiyyətə gəlməyin düsturu ilə hərəkət etmək fikrində deyil?

Etirazçı qrupları erməni fondları maliyyələşdirir

Bu il oktyabr ayının 19-da Bakı şəhərində icazəsiz keçirilən piketlərdə AXCP və Milli Şura özünün nə qədər bəsit və dayaz olduğunu cəmiyyətə sübut etdi. Belə ki, şəhər əhalisinin kiçik qruplar şəklində yığılmış müxalifət nümayəndələrinə maraq etdiyi üçün onları təqib etdi. Xaricdən xüsusi qrant layihələri əsasında maliyyə mənbəyi ilə özlərinə dolanışıq imkanları əldə etmiş müxalif görüşlü blogerlər isə, həmin aksiya ilə heç bir ilgisi olmayan dinc vətəndaşları sosial şəbəkələrdə "mitinq iştirakçıları" kimi verməyə çalışdılar. Müxtəlif qruplarla bağlı video-süjetləri diqqətlə analiz etdikdə bəlli olur ki, bu məsələni öz xeyrinə yozmaq üçün aradan keçən 12 günlük müddətdə AXCP sədri Əli Kərimli nə qədər yanılırmış.

AXCP və Milli Şuranın adından xaricdə qaçıb gizlənmiş tərbiyəsiz bir qrup isə, gecə-gündüz Əli Kərimli və onun tərəfdarlarının yenidən toparlanaraq hər həftə icazəsiz aksiyalar keçirmək, əhalini dağıdıcılıq işlərinə səfərbər etmək, qanuni hakimiyyəti vurub-dağıtmaq düşüncəsinə yönəltmək tipli çağırışları davam etdirməkdədirlər. Hüquq təhsilli Əli Kərimli isə, bütün bu qanunsuz çağırışlar susqunluqla qarşılayır. Bu sosial şəbəkələr həm də Azərbaycan ictimai fikrinə ilk dəfə olaraq "söyüş", "təhqir", alçaldıcı fikirlər, insanlığa sığmayan deyimləri  gündəmə gətiriblər. "Osmanqızı TV", "Azərbaycan saatı", "Azadlıq" qəzeti, "Azad söz" və "Made in Azerbaijan" və digər sosial şəbəkələrin son dövr fəaliyyətləri buna nümunədir. Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Natiq Ədilov, Məhəmməd Mirzəli kimi "feyktuberlər"in kukla tamaşalarında olduğu kimi onların iplərinin kimlərin əlində olması da çox maraqlıdır. Belə ki, əldə etdiyimiz bir çox mənbələrə görə bu gün Hollandiyada fəaliyyət göstərən "Sülh və Demokratiya İnstitutu" adına başda Leyla və Arif Yunus ailəsi ənənəvi şəkildə ermənilərə məxsus fondlardan külli miqdarda "qrant" layihəsi olaraq maddi vəsait alıblar. Həmin pullar isə dolayı yolla AXCP sədri Əli Kərimliyə ötürülür. Bunun qarşılığında Əli Kərimli AXCP və Milli Şurada təmsil olunan "muzdlu qruplar"ın sayəsində Azərbaycanda siyasi sabitliyi pozmaq üçün aksiyaları həyata keçirməyə çalışırlar.

AXCP sədri Əli Kərimli antidemokratik xarakterini ört-basdır etmək üçün, siyasi intriqalar çərçivəsində aksiyaları gündəmə gətirməklə başlıca hədəflərdən yayınmaq taktikasına üz tutubdur. Belə ki, 17 ildir AXCP-nin sədri olmaqla təşkilatın faktiki olaraq diktatoruna  çevrilibdir. Qanunla hər bir ictimai-siyasi təşkilat dörd ildə bir dəfə qurultayını keçirərək ötən müddət ərzində görülən işlər barəsində hesabat verməlidir. Əli Kərimli isə öz əməllərinin gizli qalması üçün, bir yandan mənsub olduğu təşkilatı, digər yandan cəmiyyəti proseslərdən yayındırmaq üçün icazəsiz mitinq və piket taktikasını sərgiləyir. Çünki, qarşıda xaricdə siyasi mühacir statusu almaq istəyən çoxsaylı macəraçılar onun gizli gəlir mənbəyinə çevriləcəklər. Apardığımız müşahidələrə görə, xaricdə siyasi mühacir statusu almaq üçün Əli Kərimlinin ətrafındakı gizli çete hər bir arayışa görə azından 10 min manat rüşvət ödəmək tələb olunur. Qeyri rəsmi məlumatlara görə, bu gün Avropa dövlətlərində, Kanada, ABŞ və uzaq Avstraliyada mühacir statusu ilə yaşayan soydaşlarımızın ümumi sayı 60 min nəfərdən çoxdur. Beləliklə məlum olur ki, AXCP sədri əslində "siyasi biznesmen" statusu ilə hətta "Ginnesin rekordlar" kitabına düşməyə ən şanslı namizədlərdən biridir.

Azərbaycanı İraq, Suriya... böhranlarına çevirmək planı

2002-ci ildən etibarən Yaxın Şərq ölkələrində, xüsusilə Oman, Yəmən, Sudan, Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə vətəndaş müharibəsi kimi acınacaqlı proseslər yaşanılır. Ona görə də demokratik təsisatları qurmaq və sivil yolla bütün problemləri həll etmək çox çətindir. Ermənistana və dünya erməni lobbisinə məxsus şəbəkələr belə bir planı Azərbaycana tətbiq etmək üçün çoxgedişli hədəfləri gündəmə gətirməyə cəhd edirlər. Ona görə də, bu gün AXCP və onun yedəyində gedən Milli Şura Azərbaycanda lokal səviyyədə olsa da, aksiyaları keçirirlər. Demokratiyadan dəm vurmaq adı altında ölkəni xaosa sürükləmək ermənilərə məxsus sırf siyasi texnologiya deməkdir. Heç də təsadüfi deyil ki, Azərbaycanda mövcud demokratik qayda-qanunları, xüsusilə ölkənin demokratik və hüquqi varlığını təsbit edən Konstitusiyanın dəyişdirilərək "şəriət dövləti" qurmaq istəyən "Hüseyniyyun" və digər radikal terrorçu təşkilatların bu gün həbsdə olan üzvlərini "siyasi məhbus" kimi qələmə verilməsi Əli Kərimlinin təşəbbüslərindən biridir.

19 oktyabr aksiyaları da bu həqiqəti bir daha sübut etdi. Elə Əli Kərimlinin tərəfdarları tərəfindən icazəsiz aksiyada iştirak edənlərin kimliyini araşdırdığımızda bəlli oldu ki, onların çoxu "radikal dini cərəyanlar"a məxsus kadrlardır. Həmin aksiyada radikal dini cərəyanlara aid olanlar xüsusi tapşırıqla müəyyən qədər passiv görünsələr də, növbəti aksiyalarda daha çox fəal olacaqları heç də gizli deyil.

Yaxın Şərqdə radikal dini qruplaşmaların mənsub olduqları ölkələrdə "hər həftə bir aksiya" taktikasının sonradan nələrə səbəb olmasını incələdikdə bəlli olur ki, elə həmin cəmiyyətlərdə xaosun, vətəndaş qarşıdurmasının, hakimiyyətin idarəolunmaz duruma düşməsi, terrorizm, fəlakətli həyat şəraiti və digər antibəşəri amillər məhz belə bir axarla tətbiq olunubdur. İndi həmin taktikadan istifadə edən AXCP və Milli Şura Azərbaycan bu hədəfləri həyata keçirməyi planlaşdırıblar.