Agentlik: Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb


Digərləri 01 Noy 2019 20:17:00 343 0

Agentlik: Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daxil olan xəbərdarlıqda bildirilir ki, noyabrın 2 - si gündüzdən 3 - ü səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal - qərb, şimal küləyinin sürəti 18 - 23 m/s, arabir 28 - 33 m/s olacaq. Acıq dənizdə isə küləyin sürəti arabir 35 - m/s - dək güclənəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, dənizdə dalğanın hündürlüyü 2 - 4 metr, sonrakı inkişafda isə 5,5 - 7,5 metr olacaq.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.

Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft - qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Gəmilərin Limanlara giriş çıxışı məhdudlaşdırılıb. Hava şəraitinə uyğun olaraq Milli Mərkəzin təcrübəli Kapitanları tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş - çıxışına icazə veriləcək.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı diqqətdədir.