Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyətlə kommunikasiya sahəsində hesabat açıqlayıb


Digərləri 01 Noy 2019 16:50:00 227 0

Maliyyə Bazarlarına Nəzarət Palatası ictimaiyyətlə kommunikasiya sahəsində hesabat açıqlayıb

MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 28 press-reliz açıqlanıb.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən səmərəli, effektiv və şəffaf kommunikasiyanın qurulması, Palatanın fəaliyyətinə dair məlumatların ictimaiyyətə ötürülməsi işinin təkmilləşdirilməsi istiqamətində davamlı işlər həyata keçirilir, müvafiq fəaliyyətin, keçirilmiş tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması üçün press-relizlər təqdim olunur, maliyyə bazarlarını təmsil edən bank, sığorta və kapital bazarları üzrə hesabatlar açıqlanır, habelə media nümayəndələrindən müxtəlif kommunikasiya vasitələri ilə daxil olmuş müraciətlər, sorğular cavablandırılır. Palatadan Trend-ə verilən məlumata görə, oktyabr ayı ərzində ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 28 press-reliz açıqlanıb. Bildirək ki, ictimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə Palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan [email protected] elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün Palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı Mərkəzi, o cümlədən sosial şəbəkələrimiz aiddir. Qeyd edək ki, oktyabr ayı ərzində Palataya Çağrı Mərkəzi vasitəsi ilə 3000-dən çox, elektron və kağız daşıyıcılarında 2021, sosial şəbəkələr üzərindən 180-dən çox daxil olmuş müraciət cavablandırılıb. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 40-a yaxın sorğuya operativ şəkildə baxılıb. Ümumilikdə isə, Palata tərəfindən oktyabr ayı ərzində 5200-dən çox müraciət icra olunub. Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə Facebook, Youtube, Twitter, Linkedin və Instagram kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və Palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir. Qeyd edək ki, oktyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 170-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.