BMT QAK Azərbaycana təşəkkür etdi


Siyasət 01 Noy 2019 16:29:00 299 0

BMT QAK Azərbaycana təşəkkür etdi

Bu gün Bakıda "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycanda məcburi köçkünlərə yardımı" mövzusunda dəyirmi masa keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən BMT QAK-ın ölkə üzrə nümayəndəsi Guido Ambroso bildirib ki, Azərbaycanda 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq onlara olan münasibətə görə, hökumətə təşəkkür edib:

"Biz çox təşəkkür edirik ki, Azərbaycan hökuməti onları çox səxavətli şəkildə qəbul edib. Möcüzə idi ki, bu sayda köçkün əhalinin olmasına baxmayaraq, heç bir ciddi epidemiya və kəskin aclıq baş vermədi. Biz o vaxtlar insanları mövcud zavodlar, binalar, düşərgələr və hətta dəmir yolu vaqonlarında məskunlaşdırırdıq. 1993-94-cü illərdə BMT QAK 700 minə yaxın köçkünü düşərgə yaratmaq üçün çadırlar, eyni zamanda yataq dəstləri və digər ləvazimatla təmin edib. Eyni zamanda 30 min xəstəyə müxtəlif səhiyyə ləvazimatı çatdırıb. İlk günlərdən məlum idi ki, standartlara uyğun olmayan yerlərdə yaşayanların vəziyyəti, xüsusilə də su, sanitar vəziyyəti yaxşılaşdırılmalıdır".

G.Ambroso qeyd edib ki, Ali Komissarlıq 1993-2000-ci illərdə Azərbaycanda proqramların icrası və inzibati xərclərin ödənilməsinə 50 milyon dollara yaxın vəsait sərf edib. 2001-ci ildən BMT QAK öz fəaliyyətini daha çox qaçqın statusu almaq istəyən insanların potensialının artırılması və Əfqanıstan kimi üçüncü ölkələrdən gələnlərin vəziyyətinin yaxşılaşmasına yönəldib: "Bununla yanaşı, BMT QAK həssas qrup olmasını nəzərə alaraq məcburi köçkünlərlə işləməyə davam edir. Yaponiyanın "Fuci optical" təşkilatından il ərzində 2000-ə yaxın məcburi köçkün, qaçqın və həssas qruplara aid olan digər şəxslər eynək alır. 2005-2019-cu illərdə Yaponiyanın "Fuci optical" təşkilatı bu missiyanın Azərbaycanda keçirilməsi üçün 2,8 milyon dollar xərcləyib. Bu günə kimi 33800 nəfərdə göz müayinəsi aparılıb və 57 min eynək və 434 qulaq aparatı verilib".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova da Azərbaycanda əhalinin sayına görə ölkədəki qaçqın və məcburi köçkünlərlərin saynın çox olduğunu söyləyib: "Bizim ölkədə 10 milyon əhaliyə nisbətdə 1 milyon qaçqın var. Belə bir nisbət dünyanın heç bir ölkəsində yoxdur. Bizim qaçqın və məcburi köçkünlərimizin dünya köçkünlərindən fərqi həm də odur ki, biz onları qəfildən və çox ağır şəraitdə qarşıladıq".

E.Süleymanova Azərbaycanın işğal altında olan torpaqlarının çox məhsuldar olduğunu da deyib. Onun sözlərinə görə, həmin torpaqlardan kənd təsərrüfatı sahəsində çox yaxşı istifadə etmək olardı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, məcburi köçkünlərin şəraiti yaxşılaşdırılmalıdır. Köçkünlərə maksimum dərəcədə yardımlar edilməlidir ki, onlar torpaqlarının itirilməsi ilə bağlı yaranmış stressdən azad ola bilsinlər:

"Amma hamımız bilirik ki, bu, mümkün deyil. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yüksək səviyyədə qəsəbələr salınsa, mənzillər tikilsə də, hələ də mənzil və digər problemləri olan köçkün təbəqəsi var. Münaqişədən sonra doğulan uşaqların artıq 26-27 yaşı var. Onlar bu mənzillərdə özlərini müvəqqəti yaşayan kimi hiss edirlər. Bu, özü də psixoloji bir gərginlikdir".