Səfir Nərgiz Qurbanova Sofiya Universitetində təşkil olunan beynəlxalq konfransda iştirak edib


Digərləri 01 Noy 2019 16:28:52 297 0

Səfir Nərgiz Qurbanova Sofiya Universitetində təşkil olunan beynəlxalq konfransda iştirak edib

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Xarici dil tədrisi metodikası kafedrasının 70 illik yubileyi çərçivəsində “Linqvo-didaktik perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bakı. Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Xarici dil tədrisi metodikası kafedrasının 70 illik yubileyi çərçivəsində “Linqvo-didaktik perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda sözügedən universitetin prorektoru Reneta Bojankova, Xarici dil tədrisi metodikası kafedrasının rəhbəri Milena Yordanova, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, universitetin akademik heyəti iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ən qədim ali təhsil müəssisəsi olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti ilə Azərbaycanın bu il 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universiteti, habelə Bakı Slavyan Universiteti arasında sıx əlaqələr olduğunu diqqətə çatdırıb. Səfir 2013-cü ildən etibarən Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini, ötən il Mərkəzin yaradılmasının 5-ci ildönümünün qeyd edildiyini, Mərkəz tərəfindən Azərbaycan dili və mədəniyyətinin Bolqarıstanda təbliği istiqamətdə ardıcıl fəaliyyət aparıldığını və iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verildiyini diqqətə çatdırıb. Diplomat, həmçinin bu il 15 yaşını qeyd edən və Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzini xatırladıb. Qeyd edib ki, mərkəzin vəzifəsi ölkələrimiz arasında mədəni sahədə əməkdaşlığın genişləndirilməsi, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə və elminə marağının artırılması və universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə yardım edilməsidir. Hazırda sözügedən ali təhsil müəssisəsində 60-ya yaxın tələbə bolqarşünaslıq ixtisası üzrə təhsil alır. N.Qurbanova hər iki universitetin tələbələrinin qarşılıqlı təşkil olunan yay məktəblərində iştirakı, Sofiya Universiteti tələbələrinin Bakıda mütəmadi keçirilən beynəlxalq multikulturalizm yay və qış məktəblərinin fəal iştirakçısı olması, eyni zamanda, Bakı Slavyan Universitetində bolqarşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin davamlı olaraq Sofiya Universiteti tərəfindən xarici tələbə və müəllimlər üçün təşkil edilən yay məktəblərində iştirakı və bolqar dilində praktika keçmək və bolqar mədəniyyəti ilə yaxından tanışlıq imkanı əldə etməsi barədə danışıb. Azərbaycan alimlərinin Sofiya Universiteti ilə əlaqələrinə toxunan səfir bu əlaqələrin hələ ötən əsrin 50-ci illərinə söykənməsi, cari ildə 110 illik yubileyi qeyd olunan görkəmli professor Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Türk filologiyası kafedrasının rəhbəri olması, 1953-1955-ci illərdə isə digər görkəmli dilçimiz Hadi Mirzəzadənin Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetində müasir türk dilindən mühazirələr oxuması barədə konfrans iştirakçılarına məlumat verib. (adsgarden = window.adsgarden || []).push({}); Sonra çıxış edən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin prorektoru R.Bojankova kafedranın fəaliyyəti barədə məlumat verərək burada müxtəlif dillərin tədris edildiyini bildirib, kafedranın mövcud multikultural mühitindən söz açıb və kafedraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Konfransda, həmçinin kafedra ilə əməkdaşlıq edən və Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, eləcə də xarici ali təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər. Klassik və yeni filologiya fakültəsi daxilində olan kafedra yarandığı 1949-cu ildən bu günə qədər minlərlə müxtəlif dillər üzrə müəllim və pedaqoji kadr hazırlayıb. Daha sonra konfrans panellər üzrə işini davam etdirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin