Deputat: "Radikal müxalifət iflasa uğradığını görərək qanunsuz mitinqdən imtina etdi"


Siyasət 01 Noy 2019 14:24:00 321 0

Deputat: "Radikal müxalifət iflasa uğradığını görərək qanunsuz mitinqdən imtina etdi"

"Milli Şura" adlanan qurumun noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinin başlıca səbəbi bu qurumun legitim olmaması və aksiyanın əhali tərəfindən dəstəklənməməsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, radikal müxalifət, Əli Kərimli növbəti dəfə qanunsuz aksiya keçirməyə çağırışlar edirdi: "Ancaq onlar gördülər ki, bu çağırışlar boş şeydir, çünki 19 oktyabrda keçirilən aksiyada onların ətrafında heç bir elektorat, heç bir sosial baza yoxdur, Azərbaycan xalqının dəstəyini görmədiklərini və iflasa uğradıqlarını bir daha başa düşərək onlar bu aksiyadan əl çəkməli oldular.

Radikal müxalifətin oktyabrın 19-da keçirilmiş aksiyasının iflasından sonra guya hakimiyyətin qanunları pozması, mitinqin təşkilatçıları və iştirakçılarına qarşı "repressiv metodlardan" istifadə etməsi barədə iddialarla əhalinin dəstəyini qazanmaq cəhdləri də heç bir nəticə vermədi. Ötən 10 gündən artıq müddətdə sosial şəbəkələrdə aparılan təbliğat, aksiyaya ardıcıl çağırışlar cəmiyyətdə yalnız neqativ emosiyalar doğurdu. Müxalifətin sosial şəbəkələrdə apardığı rəy sorğuları da göstərdi ki, vətəndaşlar mitinq təşəbbüsünü dəstəkləmir".

Deputat qeyd edib ki, radikal müxalifət sərsəm bəyanatları ilə öz uğursuzluqlarını ört-basdır etməyə çalışdı: "Müxalifət əvvəlcə "cinsi azlıqlardan ibarət təxribatçılar", sonra "islamçı təxribatçılar", "planlaşdırılmış vətəndaş qarşıdurması" barədə hekayələr uydurdu. Əslində, uğursuz alınmış 19 oktyabr mitinqindən sonra radikal müxalifət başçıları əhali arasında onları dəstəkləyənlərin olmadığını anladıqlarına görə öz zəifliklərini müxtəlif saxtakarlıqla əsaslandırmağa çalışırlar.

Əgər "Milli Şura" adlanan qurum, iddia etdiyi kimi, xalqı "təmsil" edirsə, nəyə görə onlara təklif olunan yerdə - Lökbatanda icazəli aksiyadan imtina etdi? İddia etdilər ki, guya, təxribatlar, vətəndaş qarşıdurması, dini təxribatlar hazırlanır. Bütün bunlar uydurma idi. Onlar növbəti iflaslarını yaxından dərk edərək aksiya fikrindən əl çəkməli oldular".

C.Osmanov əlavə edib ki, radikal müxalifət nümayəndələrinin ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qalması bir daha sübut edir ki, onlar elə Nikol Paşinyanla əlbirdir, erməni lobbisinin əlində alətə çevriliblər: "Azərbaycan xalqı bütün bunları yaxşı görür, müxalifətin, əslində, xarici dairələrə xidmət etdiyini anlayır və ona görə də radikal müxalifəti boykot edir".