Nəsillər arasında ünsiyyəti necə qurmalı?


Digərləri 01 Noy 2019 07:21:00 291 0

Nəsillər arasında ünsiyyəti necə qurmalı?

Gənclərin faydalı həyat təcrübəsi əldə etməsi, yaşlıların isə yeni texnologiyaları mənimsəyə bilməsi baxımından bu əlaqənin qurulması çox vacibdir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Ahıllar bilik və təcrübələrini gənclərə necə ötürə bilərlər? Onların arasında ünsiyyət necə qurula bilər?" Bu gün dünya ölkələri nəsillər arasında boşluğu doldurmaq, ünsiyyəti sıxlaşdırmaq üçün yollar axtarışındadır. Saçı ağardıqca təcrübəsi çoxalanların əldə etdiyi bilikləri gənclərə vermək, eyni zamanda böyüyən nəslin innovasiyalarla bağlı biliklərini ahıllara ötürmək üçün müxtəlif layihələr düşünülür. Ənənəvi cəmiyyət elə qurulub ki, ahılların bilik və təcrübələrinin gənclərə translyasiyası zəruridir. Axı yaşlılar həyatda çox şey görüb-götürüb, çox mətləbləri başa düşüb və gənc nəslə ötürməyə çox şeyləri var. Bu gün necə, belə zəncir qurulubmu?

"Təcrübələr göstərir ki, ahıl insanların problemlərindən biri də cəmiyyətlə ünsiyyətin zəif olmasıdır. Bu təkcə bizim ölkədə deyil, bütün dünyada belədir" - deyə rusiyalı sosioloq-demoqraf İqor Beloborodov bildirib: "Bununla belə, çıxış yolu var. Məsələn, Qafqazda yaşlıların fikirlərinə hörmət edir, qulaq asır və hər zaman onların təcrübəsindən yararlanırlar. Bunun nəticəsində ahıllar özlərini gərəkli hiss edirlər. Bu da onun göstəricisidir ki, Qafqazda uzunömürlülərin sayı çoxdur". 

Sosioloqun sözlərinə görə, xüsusən Rusiyanın əyalətlərində təqaüdçülər vaxtlarının çox hissəsini uşaqlarla keçirir, təcrübələrini bölüşürlər: "Bu, qeyri-rəsmi olaraq ictimai və mədəniyyət tədbirlərində baş verir. Onların təcrübəsindən yararlanaraq, uşaqlarla əmək qəhrəmanlarının, müharibə veteranlarının, məşhur idmançıların, mədəniyyət xadimlərinin ünsiyyətini qurmaq lazımdır". Sosioloq müasir dünyada müxtəlif nəsillər arasında, hətta ailələr içərisində böyük məsafə olduğunu təəssüflə qeyd edir: "Nəticədə yaşlı nəsil öz həyat təcrübəsini böyüyən nəsillə bölüşə bilmir. Bu isə nəinki onların özü üçün, həm də cavan nəsil üçün yaxşı hal deyil". 

Kanadada keçirilən ictimai eksperiment isə bu istiqamətdə ən yaxşı nümunələrdən sayılır. Belə ki, orada yaşlılar üçün internatları uşaq evləri ilə birləşdiriblər. Bunun nəticəsində yaşlı insanlar öz həyat təcrübələrini uşaqlarla bölüşərək özlərini gərəkli hiss edirlər. Bu, onların psixikası və sağlamlığına pozitiv təsir göstərir. Uşaqlara isə yetim olduqlarını unutduraraq həyat dərsi verir. Qocalar öz növbəsində, həmin uşaqların nənə və babasını qismən də olsa əvəz edir.

"Cəmiyyətdə bəzən "bu gün nəsillər arasındakı mentalitetlər müxtəlifdir və yaxın ünsiyyət qeyri-mümkündür" - deyə düşünənlər az deyil. Fərq var, ancaq təcrübələrdən görünür ki, onlar ünsiyyətdə olduqca, bir-birlərini daha aydın başa düşməyə başlayırlar" - ekspert qeyd edir: "Biz çox nahaq düşünürük ki, yaşlılar kompyuter və rəqəmsal dünyada başqa nəsillərdən geri qalırlar. Əslində isə onlardan bir çoxları bu texnologiyalardan asanlıqla istifadə edirlər. Yeri gəlmişkən, bilik mübadiləsi ikitərəfli də ola bilər. Düşünürəm ki, gənclərin kompyuter kurslarının mənimsənilməsində, təzə proqramların və texnologiyaların öyrənilməsində yaşlılara kömək etməsi reallıqda müxtəlif nəsillərin yaxınlaşmasına kömək edərdi" - deyə rusiyalı sosioloq fikrini əsaslandırır. 

Təbii ki, bizim ölkəmizdə də ahıllar-uşaqlar-gənclər arasında ünsiyyətin necəliyi maraq doğurur.  Yaşlı nəsillə böyüməkdə olan nəslin ünsiyyəti hansı səviyyədədir? Bağları qurmaq və ya sıxlaşdırmaq üçün hansı addımlar atılır? Və ya bizdə ata-ana himayəsindən olmuş və yetim qalmış uşaqların tənha qocalarla bir yerdə yaşaması üçün Kanadadakı kimi ictimai komplekslərin yaradılması düşünülürmü?

Bir günlük də olsa ailə mühiti

Sorğumuza cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, sosial xidmət sisteminin əhatə etdiyi əhali kateqoriyalarından biri də ahıllardır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir: "Burada özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər". 

Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında" 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında 10 rayonda (4-ü Bakı şəhərində, 6-sı Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Xaçmaz, Lənkəran şəhər və rayonlarında) ahıllar üçün günərzi xidmət mərkəzləri yaradılıb. Bu mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi formasında sosial-məişət xidmətləri ilə təmin olunacaq, onların asudə vaxtlarının mənalı təşkili və s. istiqamətlərdə işlər aparılır.

"Uşaqlar üçün isə DSMF-nin 1 və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə 350-yə yaxın uşaq daimi dövlət təminatında yaşayır. Bununla bərabər, son illərdə Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial sığınacaq və reabilitasiya müəssisəsi (Bakı şəhəri, Zabrat qəsəbəsi), həmçinin nazirliyin sosial sifarişləri ilə ixtisaslaşmış QHT-lər tərəfindən paytaxtda və bölgələrdə xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün günərzi və icma əsaslı reabilitasiya müəssisələri, surdoloji xidmət, habelə daun və autizm sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzləri və s. yaradılıb. 1 iyun 2019-cu il tarixli Sərəncamın icrası çərçivəsində həmin mərkəzlərin də şəbəkəsi xeyli genişlənib. Ümumilikdə nazirlik tərəfindən hazırda stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin olunan uşaqların sayı 8 mindən çoxdur".