Universitet Nurlana Əliyeva ilə bağlı iddialara cavab verdi


Digərləri 31 Okt 2019 14:40:00 375 0

Universitet Nurlana Əliyeva ilə bağlı iddialara cavab verdi

Bakı Slavyan Universiteti (BSU) Yevgeni Primakovun 90 illik yubileyinə həsr edilmiş esse müsabiqəsinin tənqid olunmasına münasibət bildirib.

Son.az Trend-ə istinadən bildirir ki, BSU-nun yaydığı açıqlamada qeyd olunub ki, 2019-cu il oktyabr ayının 30-da sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin haqqında reallığa əsaslanmayan, müasir şəraitə uyğun gəlməyən yazı dərc edilib:

"Həmin yazıda BSU-nun tələbələrinin sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak etmələri tənqid edilir. Eyni zamanda, BSU-nun rektoru, professor Nurlana Əliyeva haqqında əsassız iddialar özünə yer alır. Həmin yazıya cavab olaraq bildiririk ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub.

BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Diqqətinizə çatdırmaq istəyirik ki, hazırda BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Həmin tədris-mədəniyyət mərkəzlərindən bir də Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU Azərbaycanda fəaliyyət göstərən slavyan ölkələrinin, o cümlədən Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə sıx əlaqədə fəaliyyət göstərir. Slavyan ölkələrinin səfirləri, səfirliklərin nümayəndələri BSU-da keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda, dəyirmi masalarda, dövlət və milli bayramlarda və digər tədbirdlərdə mütəmadi olaraq iştirak edirlər. Eyni zamanda BSU-nun müəllim və tələbələri həmin səfirliklərdə müxtəlif mövzularda keçirilən mühazirələrdə, mərkəzlərin təşkil etdiyi müsabiqələrdə, həmin ölkələrin dövlət bayramlarında və digər tədbirlərdə fəal iştirak edirlər. Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar.

Bir faktı da xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Tarixən ölkələrimiz arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr mövcud olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir.