Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”


Dünya 31 Okt 2019 13:41:00 390 0

Erməni politoloq: “Faciəvi günlərimiz uzaqda deyil”

Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-ə çatdıra bilmədi.

Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib. O, hesab edir ki, Mnatsakanyanın sözlərini "diplomatik cavablar" adlandırmaq mümkün deyil:

"Əslində, Mnatsakanyan suallardan yayınırdı".

Son.az worldmedia.az-a istinadla xəbər verir ki, politoloq deyib: "Baxın, bizim xarici siyasətimizə cavabdeh olan şəxs təzyiqlərə dözə, zərbələrə tab gətirə bilmir. Jurnalistin tonunu azca sərtləşdirməsi ilə Mnatsakanyan özünü itirdi. Bir jurnalistlərin qarşısında tab gətirməyən şəxs Azərbaycanın xarici işlər nazirinin və ya fövqəldövlətlərin nümayəndələrinin qarşısında necə dayanacaq?"

"Zöhrab Mnatsakanyan jurnalistə deyir ki, münaqişənin həlli Azərbaycan Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır. Necə düşünürsünüz, bu zaman Mnatsakanyan hansı həll yolunu nəzərdə tutur?" sualına Hrant Melik-Şahnazaryan belə cavab verib: "Bu, demaqoqiyadan başqa bir şey deyil. Hər kəs gözəl anlayır ki, münaqişənin bütün tərəfləri razı salacaq həlli yoxdur. Üstəlik, Qarabağ məsələsində bizim mövqeyimizi, siyasətimizi əks etdirən heç bir plan hazırlanmayıb. Yüksək vəzifəli məmurlarımız tez-tez ziddiyyətli bəyanatlarla çıxış etməsi məhz buradan qaynaqlanır".

Bu arada, Bakının sərt bəyanatları fonunda o da aydınlaşıb ki, 2020-ci ildə Azərbaycanın hərbi büdcəsi ötən ilkindən 20,9% çox olacaq. Bəzi hesablamalara görə, gələn il düşmən ölkənin hərbi xərcləri 2,27 milyard dollara çatacaq. Bunun qarşılığında bizim müdafiə xərclərimiz demək olar ki, dəyişilməz qalır. Politoloqdan bunun hansı təhlükələri yaratdığını da soruşduq.

"Azərbaycanın hərbi büdcəsi həmişə bizimkindən böyük olub. Hətta bir vaxtlar Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər idi. Onlar hərbi xərclərini durmadan artırır, bununla da Qarabağ danışıqlarında bundan təzyiq vasitəsi kimi istifadə edir. Doğrudur, münaqişənın mahiyyətini və məzmununu nəzərə alaraq deyə bilərik ki, bütün məsələləri tək pulla həll etmək olmaz. Amma bu, o demək deyil ki, məsələ bu günədək pulla həll olunmayıbsa, gələcəkdə də oluna bilməz", - deyə Şahnazaryan qeyd edib: "Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi regiondakı təhlükələrin miqyasını anlamır. Burada söhbət təkcə Azərbaycanın hərbi potensialından getmir. Məsələ ondadır ki, artıq Türkiyə həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm də Rusiya ilə razılıq halında öz maraqlarını irəli apara bilir. O, bunu ABŞ-ın milli maraqlarına zidd alındığı halda belə, edir. Hər halda, Suriyada bunu aydın şəkildə gördük. Bu, çox ciddi məsələdir".