Azərbaycanda yeni Milli Meşə proqramı hazırlanır


Digərləri 31 Okt 2019 12:10:00 291 0

Azərbaycanda yeni Milli Meşə proqramı hazırlanır

Meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95%-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq, hələ ki qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı (2019-cu il üzrə 62 min kubmetr) kimi verilir:

"Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır".

M.Babayev qeyd edib ki, kadr potensialını artırmaq məqsədilə Meşə Mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. Ümumilikdə son 1 il ərzində nazirliyin 10% işçisi treninqlərə cəlb olunub.