PAŞA Bank: Müştəri hesablarının 85-87 faizi onlayn şəkildə açılır


Digərləri 31 Okt 2019 10:40:00 221 0

PAŞA Bank: Müştəri hesablarının 85-87 faizi onlayn şəkildə açılır

Müştəri hesablarının 85-87 faizi onlayn şəkildə açılır

Bakı. Trend "PAŞA Bank"ın Rəqəmsal məhsullar üzrə rəhbəri Səbina Qurbanovanın müsahibəsini təqdim edir. - Son zamanlar beynəlxalq maliyyə ictimaiyyətinin diqqətinin rəqəmsal bankçılığın inkişafına yönəldiyini müşahidə edirik. Xahiş edirik, regionumuzda və bilavasitə Azərbaycanda innovativ texnologiyaların tətbiqinə əsaslanan bank xidmətlərinin inkişaf perspektivlərini oxucularımızla paylaşasınız. - Doğru qeyd edirsiniz, həm qlobal bazarda, həm də bizim regionda innovativ həllər diqqət mərkəzindədir. Ümumi olaraq fərdi müştərilər, kiçik və orta sahibkarlar üçün həllər çox aktualdır və trend olaraq görürük ki, banklar və fintek təşkilatları müştərilər üçün istifadəsi rahat, sürətli və mobil həllərin tətbiqi ilə məşğul olurlar. Bizim regionda da diqqət əsasən fiziki şəxslər, biznes sahibləri üçün nəzərdə tutulan həllərə verilir. Korporativ müştərilər üçün də rəqəmsal həllərdən istifadə imkanının olması çox vacibdir, lakin onlar üçün təmas nöqtələrində (touch points) insan faktorunun olması hələ də önəmlidir və korporativ müştərilərə individual yanaşma aktual olaraq qalır. - Bildiyimiz kimi, PAŞA Bank 2018-ci ildə Azərbaycan bankları arasında rəqəmsal məhsul və xidmətlərin hazırlanması üzrə xüsusi bölmənin – Rəqəmsal Laboratoriyanın açılışı barədə elan edən ilk bank oldu. Yeni bölmənin qarşısında hansı məqsəd və vəzifələr durur? - Ötən ilin ilk aylarında PAŞA Bankın Rəqəmsal Laboratoriyası fəaliyyətə başladı, həmin ərəfədə xarici məsləhətçilər da bu layihəyə cəlb edilmişdir. Əsas qarşımıza qoyduğumuz məqsəd isə sonrakı müddətdə bu işə yerli mütəxəssisləri cəlb etmək idi. Əslində ilk vaxtlar inanmaq çətin idi ki, yerli bazarda müştərilərin ehtiyaclarına cavab verən həllər yaradan bu qədər sayda peşəkarlardan ibarət rəqəmsal məhsul komandaları qura biləcəyik. Lakin biz buna nail olduq və hazırda bizim yalnız yerli kadrlardan ibarət çox uğurlu və bacarıqlı peşəkarlar komandamız var. 2018-2020-ci illəri əhatə edən inkişaf strategiyamızda ümumi məqsəd müştəri əməliyyatlarının 90%-dən çoxunu onlayn və özünəxidmət kanallarına keçirməkdir. Burada söhbət yalnız pul köçürmələrindən deyil, eləcə də müştərinin bank vasitəsilə həyata keçirdiyi digər çeşidli maliyyə xidmətlərindən (məs: hesab açmaq, kart sifarişi, kredit verilməsi və s.) gedir. İlk olaraq əsas hədəfimiz hüquqi şəxslər və fərdi sahibkarların çeşidli maliyyə xidmətlərinə daha çevik və sadə üsulla çıxışını təmin etməyə yönəlib. Hazırda onların əməliyyatlarının 83%-i onlayn və özünəxidmət kanalları vasitəsilə həyata keçirilir, lakin yalnız pul köçürmələri üzrə əməliyyatlara nəzər salsaq, bu əməliyyatların 95-97%-i onlayn aparılır. Hazırda bizim bazara təqdim etdiyimiz həllərdə vacib olan amil odur ki, bu həllərin yaranmasında müştərilərimiz aktiv olaraq iştirak edirlər, öz rəy və təkliflərini bizimlə bölüşürlər. - PAŞA Bank hal-hazırda məsafədən xidmət kanalları vasitəsilə hansı məhsul və xidmətləri təklif edir? - İlk olaraq qeyd edim ki, biz keçən ilin sonu hüquqi şəxs və fərdi sahibkarlar üçün tam yeni Onlayn Bank xidmətini istifadəyə vermişik və bu platformanın imkanlarını daima genişləndiririk və inkişaf etdiririk. Məqsədimiz müştərilərə yüksək səviyyəli bank və maliyyə xidmətləri təcrübəsini yaşatmaqdır. İlin əvvəlində biz "Elektron hökumət" və B.EST Solutions-la əməkdaşlıq çərçivəsində hüquqi şəxs və fərdi sahibkarlar üçün banka gəlmədən müştəri olmaq və onlayn hesab açmaq imkanını təqdim etdik. Bu vasitə ilə müştərilərin hazırda açdığı hesabların 85-87%-i onlayn şəkildə həyata keçirilir. Bundan əlavə əməkhaqqı kartlarının onlayn sifarişi mümkündür. Əgər müştərimiz öz əməkdaşlarına əməkhaqqı kartı sifariş edirsə o, bu əməliyyatı banka gəlmədən edir. Açılan əməkhaqqı kartlarının 60%-dən çoxu onlayn açılır və bu proses bir neçə dəqiqə ərzində həyata keçirilir. Bundan başqa kredit ödənişləri və POS-terminal sifarişini də müştərilər artıq Onlayn Bank sistemindən həll edirlər. Qeyd edim ki, POS-terminal sifarişi bir neçə gündür ki, istifadəyə verilib və artıq artan sifarişlərin şahidi oluruq.