Dünya Bankının missiyası AzTUda FOTO


Digərləri 31 Okt 2019 08:51:00 254 0

Dünya Bankının missiyası AzTUda  FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Bankının   "Azərbaycanda dəmir yolu və logistikanın inkışafı" layihəsini reallaşdırmaq üzrə hazırlıqlara başlayan missiyası ilə görüş keçirilib.

Missiyanın üzvləri - Dünya Bankının Nəqliyyat və İKT Departamentinin infrastruktur üzrə baş mütəxəssisi Nicat  Vəliyev, "Transport Europe" sektorunun nəqliyyat üzrə baş iqtisadçısı Viktor A. Araqones və  gender üzrə mütəxəssisi Nato Kurşitaşvili layihənin təşəbbüsçüsünün "Azərbaycan Dəmir Yolları" QSC-nin olduğunu  bildirərək qeyd ediblər ki,  onun komponentlərindən biri dəmir yolu və logistika sahəsində kadr potensialını, mütəxəssis hazırlığını gücləndirməklə bağlıdır. Missiya  bu istiqamətdə AzTU-nun imkanlarını dəyərləndirmək  niyyətini açıqlayıb.

Univerisitetdən Son.az-a verilən məlumata görə, Görüşdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev  son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi yolunda atılan addımlardan danışaraq qeyd edib ki, əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturunun qlobal çağırışlara uyğun qurulması sahəsində görülən işlər ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadəyə imkanlar açır. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin hədəflərindən biri ölkəmizin  beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilməsidir.

Rektor AzTU-nun Azərbaycanda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən və kadr hazırlayan yeganə ali təhsil ocağı olduğunu,  bu yaxınlarda universitetdə ölkə ali məktəbləri praktikasında ilk olan "Nəqliyyat və logistika fakültəsi"nin yaradıldığını vurğulayıb.

Maraqlıdır ki,  logistika sahəsində kadr problemi olduğunu deyən Viktor A. Araqones görüşdə logistika ixtisası ilə bağlı müzakirə açmağı planlaşdırdıqlarını  və AzTU-da artıq belə fakültənin açılmasından məmnun qaldıqlarını bildirib.

Professor V.Vəliyev qonaqların diqqətinə çatdırıb ki, rəhbərlik etdiyi universitetin iqtisadiyyatın müxtəlif  sahələri üçün kadr hazırlamaqla bağlı ciddi potensialı var. AzTU-nun  bir ay əvvəl müəyyənləşdirdiyi elmi araşdırma istiqamətləri sırasında logistika sisteminin qurulması və tranzit yükdaşımaları mövzuları da var.

(adsgarden = window.adsgarden || []).push({});