Oktyabr ayı xalq təqvimində


Digərləri 30 Okt 2019 21:54:00 294 0

Oktyabr ayı xalq təqvimində

Oktyabr ayı ilin ən barlı-bərəkətli dövrlərindən biridir. Belə ki, bu ayda meyvə bağlarından alma, payız armudu, nar toplanılır. El adətinə görə, yığılan nübar (təzə yetişən məhsul. Buna Naxçıvanda "bağbaşı" da deyirlər) məhsuldan xonça tutular, nişanlı qızlara sovqat aparardılar. Sovqat qəbul edən yaşlı qohumlar isə "nübarlara çatasan", - deyə minnətdarlıq edərdilər. Deyirlər ki, nübar məhsul yeyənin ürəyindən keçən dilək hasil olar.

Xaralda saralan alma

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib. O qeyd edib ki, bu ayda yığılan meyvələr saf-çürük edilir, zədəsi olmayanlar xüsusi yerlərə yığılıb qışa saxlanılır. Bir də deyirlər ki, samanın, buğda-arpanın içərisində saxlanılan meyvə uzun müddət xarab olmaz. Bununla bağlı belə bir xalq mahnımız da var:

Almanı atdım xarala,

Qaldı sarala-sarala.

Onun sözlərinə görə, əvvəllər taxılı yığmaq üçün ipdən toxunmuş böyük kisədən - xaraldan istifadə edərdilər. Belə rəvayət olunur ki, nişanlı qız toya tədarük edilən almanı xarala yığar, toyun yubanmasından narahat olaraq bu mahnını oxuyarmış. Əvvəllər toylar, adətən, payız aylarında keçirilərdi. Oktyabr ayında məhsulu toplayıb qurtaran, satılmaq üçün nəzərdə tutulan məhsulu, heyvanları satıb pul toplayan və iş-gücdən azad olan əhali payız toylarına başlayardı. Dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam" poemasında payız toylarından yazırdı:

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,

Bəy gəlinə damdan alma atanda

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarında sözüm var.

Bu ayda toplanan payız məhsulunun içərisində üzümü unutmaq olmaz. Bağlardan toplanan üzüm də çeşidlənir. Satılacaq üzüm bazara aparılır. Bəzi üzüm sortları qəlyadaş suyuna salınaraq mövüc, kişmiş hazırlanır. Milax üzümləri hənəqırna (hələqırma), ağaldərə (süd ağı) bir neçə gün sərilərək günə verilir. Xarab olan gilələr seçilib təmizlənir, milaxlara, tavanda çəkilən məftilə və ya ipə asılır. Həyətlərdəki cəviz, fındıq, badam ağacları çırpılıb yığılır və havaya verilib qurudulur ki, xarab olmasın.