Azərbaycanın alkoqollu və alkoqolsuz içkilərinin ixracı 85 faiz artıb


Digərləri 30 Okt 2019 20:39:00 238 0

Azərbaycanın alkoqollu və alkoqolsuz içkilərinin ixracı 85 faiz artıb

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.

Bildirilir ki, 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 136 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 22 milyon ABŞ dolları və ya 19 faiz artıb. Cari ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (38,5 milyon ABŞ dolları), Türkiyəyə (25,4 milyon ABŞ dolları), İsveçrəyə (13,9 milyon ABŞ dolları), Gürcüstana (12,5 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

2019-cu ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,1 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (11,7 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,1 milyon ABŞ dolları) üçüncü olub.