Azərbaycanın qeyrineft sektoru üzrə ixracı artıb


Digərləri 30 Okt 2019 17:29:00 354 0

Azərbaycanın qeyrineft sektoru üzrə ixracı artıb

2019-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.

İcmalın bu sayında göstərilir ki, bu ilin 9 ayında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb.

Dövr ərzində Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2 milyon və İtaliyaya 34,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 120,8 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.