Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib (FOTO)


Digərləri 30 Okt 2019 14:57:00 343 0

Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib (FOTO)

Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib.

Bakı. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib. Trend-in məlumatına görə, AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirilən konfransı giriş sözü ilə AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova açaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər sırasında Şərqşünaslıq İnstitutunun təşkil etdiyi konfransın da xüsusi yeri olduğunu bildirib. Nəsiminin Azərbaycanın ictimai fikir tarixində bir simvolik şəxsiyyət olduğunu deyən N.Axundova, onun xalqımızın ədəbi fikrində daim yaşayacağını qeyd edib. N.Axundova yaradıcılığı çoxşaxəli olan şairin Azərbaycan ədəbi dilinin formalaşmasında böyük rol oynadığını deyib. Konfransda “Nəsimi irsinin günümüzdə dəyəri və əhəmiyyəti haqqında” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 2019-cu ilin möhtərəm Prezidentimiz tərəfindən “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olaraq, xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu qərarın ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürü olduğunu söyləyib. Nəsimini böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyduğunu deyib: “Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır”. G.Baxşəliyeva bildirib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir. Məruzəçi Nəsimim irsinin günümüz üçün dəyəri və əhəmiyyətini bu amillərlə bağlayıb: 1. Nəsimi yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, onun insan mərkəzli düşüncəsi, etnik və dini fərqlərin fövqündə dayanaraq bəşəri vəhdəti tərənnüm etməsi. 2. Nəsimi şeirinin yüksək poetik səviyyəsi və bədii təsir gücü. 3. Nəsiminin ədəbi dil tariximizdə müstəsna rolu və xidmətləri. AMEA Əlyazmaları İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Nəsimi və davamçılarının əlyazmaları dünya kitabxanalarında” mövzusunda məruzəsində ilk olaraq Nəsimi əlyazmalarının müasir tədqiqat və nəşrlərindən söz açaraq şairin anadilli divanının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusilə qeyd edib və alimin 1973-cü ildə nəşr etdirdiyi üç cildlik “Nəsimi. Əsərlər” adlı kitabda Nəsiminin anadilli divanının elmi-tənqidi mətnini tərtib edərkən istifadə etdiyi əlyazmalardan bəhs edib. P.Kərimov son illər özünün Ankara Milli Kitabxanasından əldə etdiyi əlyazmalardan da danışıb. Məruzəçi həmçinin Nəsiminin ardıcıllarının da əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrindən söz açıb, Nəsiminin və onun ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarına, əlyazma saxlanclarına səpələnmiş əlyazma nüsxələrinin böyük Azərbaycan şairinin İran, Orta Asiya daxil olmaqla Avropadan tutmuş Hindistana qədər yayılan nüfuzundan, ədəbi təsirindən xəbər verdiyini söyləyib. Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin nəsr yaradıcılığı” mövzusunda məruzəsində daha çox şair, sufi, arif və hürufi kimi məşhur olan Seyid İmadəddin Nəsiminin nəsr sahəsində də qələm təcrübələrindən danışıb. Bununla belə Nəsiminin nəsrlə yazılan əsərlərinin (“Müqəddimətül-həqayiq”, “İnsan” və farsca bir risaləsi) bədii səciyyəli deyil, irfani və hürufilik məzmunlu olduğunu deyən məruzəçi, şairin mənsur əsər­lərindən ən çox diqqət yetirilən, tədqiqata cəlb edilən və müzakirələrə səbəb olan əsərinin “Müqəddimətül-həqayiq” (“Həqiqət­lə­rin başlanğıcı”) olduğunu bildirib: “Bu risalənin Azərbaycanın anadilli fəlsəfi nəsri tarixində ilk əsərlərdən olması Azərbaycan nəsrinin tarixinin daha qədim olması qənaətini yaradır. Eləcə də əsər tərcümə və ədəbi dil tariximiz baxımından da xüsusi əhəmiyyətə malikdir. Şairin irsinin hərtərəfli, sistemli və ardıcıl öyrənilməsi və tədqiq edilməsi bu mənəvi irsin həqiqi varisləri olan azərbaycanlı araşdırıcılar qarşısında mühüm vəzifə kimi durur”. (adsgarden = window.adsgarden || []).push({}); Daha sonra AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev “Nəsiminin yaradıcılığında rədif və qafiyə sistemi”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov “Nəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları əsasında)” mövzusunda məruzə ediblər. Konfrans öz işini daha sonra Şərqşünaslıq İnstitutunun akt zalında davam etdirib. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Seyid İmadəddin Nəsimi şeirində Quran hikmətləri”, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Həmidov “Ərəb yazıçısı Əbdülfəttah Rəvas Qələçinin “Hələb yaqutu İmadəddin Nəsimi. Həyatı, poeziyası və fəlsəfi görüşləri” adlı əsəri haqqında”, Şərqşünaslıq İnstitutunun elmi işçisi Fidan Nəsirova “Nəsimi şəxsiyyəti zamanın fövqündə” mövzusunda məruzələr ediblər. Sonda məruzələr ətrafında müzakirələr aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin