ABŞ qondarma "erməni soyqırımı"nı tanıyır: indi nə olacaq?


Siyasət 30 Okt 2019 13:39:00 365 0

ABŞ qondarma "erməni soyqırımı"nı tanıyır: indi nə olacaq?

ABŞ Konqresinin Nümayəndələr Palatası (House of Representatives) qondarma "erməni soyqırımı"yla bağlı qətnamənin layihəsinə baxıb. 296 saylı Layihənin səsə qoyulacağı gözlənilir. Layihəni Demokrat konqresmen Adam Şiff (Adam Schiff) irəli sürüb. Onun təşəbbüsünə 70-ə yaxın və tam əksəriyyəti ABŞ Demokrat Partiyasının mənsubları olan konqresmenlər qatılıblar.

Zaman təsadüfi seçilməyib.

Dünən oktyabrın 29-u, Türkiyə Cümhuriyyətinin 96-cı il dönümü və eyni zamanda Zəngilanın Ermənistan tərəfindən işğalının 26-cı ili idi.

Qətnamə səsə qoyulanda ölkəmizdə gecə idi.

Üstəlik, durumun ən vahim tərəflərindən biri də budur ki, ABŞ-da yaşayan azərbaycanlı və türk mühacirlər arasında erməniləri dəstəkləyənlər də var.

Birləşmiş Ştatlardakı erməni icmasının nüfuzlu fiqurarından olan Simon Mağakyan Twitter-dəki mikrobloqunda da paylaşıb. O, adlar çəkməsə də, artıq ilkin məlumatlar var. Belə ki, qondarma "erməni soyqırım" layihəsinin ABŞ Konqresi tərəfindən rəsmən tanınmasına yönəlmiş erməni təbliğat kampaniyasına 16 azərbaycanlı və 82 türk dəstək verib.

Ermənilərin iddiaları belədir və istənilən halda, məlumat yoxlanmalı, dəqiqləşdirməli, belə adamlar varsa, onların kimlikləri açıqlanmalıdır.

Birləşmiş Ştatlardakı erməni icmasının mənsublarının dediklərinə görə, həmin azərbaycanlılarla türklər "Azərbaycan və Türkiyədə insan haqları ilə bağlı vəziyyətə etiraz edərək belə addım atıblar".

Ermənilər həmin adamlara minnətdarlıq edirlər.

Gərçi iddialar doğrudursa, o adamların qərarlarının, sadəcə, bir adı var - millətə və dövlətə xəyanət. Onların addımlarına heç bir formada ideoloji, siyasi və ya mənəvi haqq qazandırmaq mümkün deyil.

Bu, ən yumşaq halda bisavadlıq və maymaqlıq, ən real halda isə, sadəcə, şərəfsizlikdir. Çünki həmin adamlar Azərbaycanla Türkiyəyə qarşı ən ağır cəza sanksiyalarının tətbiqini arzulayırlar.

Qayıdaq ABŞ Konqresinin Nümayəndələr Palatasındakı səsverməyə.

Aşkar ermənipərəstlikləri ilə tanınan, Ermənistanla yanaşı, Dağlıq Qarabağdakı terrorçu xuntanı da "müstəqil dövlət" hesab edən konqresmenlər Adam Şiff və Qus Bilirakisin hazırladıqları qətnamə layihəsi səsə qoyularkən 405 konqresmen sənədin lehinə səs verib, 11 konqresmen bitərəf qalıb.

Bu ilin aprel ayının əvvəlində hazırlanmış 296 saylı qətnamə layihəsi Nümayəndələr Palatasında təsdiqlənib və Nyu-Cersi ştatından olan demokrat senator Robert Menendeslə Texas ştatından olan respublikaçı senator Ted Kruz qətnamənin Senatda da qəbul olunmasına çalışacaqlar.

Menendes-Kruz dueti təsadüfən formalaşmayıb.

Robert Menendes ABŞ-ın şərq, Ted Kruz isə cənub və qərb bölgələrindəki erməni diaspor təşkilatlarından "ianə" və "lobbi fəaliyyətinin dəstəklənməsi" adı ilə sürəkli olaraq, külli miqdarda maliyyə vəsaiti alan şəxslərdir. Eyni zamanda, onlar nüfuzlu senatorlar sayıldıqlarından erməni diasporu məhz sözügedn duetə stavka edərək "soyqırım" qətnaməsinin Senatda təsdiqlənməsi üçün təbliğat, lobbinq və təşviqat prosesinə start veriblər.

296 saylı qətnamədə "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin məruz qaldıqları soyqırımın inkarının tanınmaması, ABŞ hökuməti tərəfindən erməni soyqırımının rəsmən tanınması, belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısının alınması üçün tanınmanın vacibliyi" vurğulanır.

Sadəcə, söz yığınıdır. Məqsəd tanınma prosesindən sonra ermənilərin Türkiyəyə qarşı təzminat və ərazi iddialarını qanuniləşdirməkdir.

"Erməni soyqrımının" tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə iş bitmir.

Dünən Konqresin Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsini də qəbul edib.

4695 saylı qətnamə Rusiyadan S-400 zenit-raket sistemləri aldığına və Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başladığına görə Türkiyənin dövlət adamlarına, siyasətçilərə və maliyyə sektoruna qarşı sanksiyaları nəzərdə tutur.

Daha konkret olsaq, Türkiyənin yüksək mənsəbli dövlət xadimlərinin, o cümlədən müdafiə nazirinin ABŞ-dakı bütün bank aktivlərinə həbs qoyulmasını, "Halk Bankası"na ("HalkBank") qarşı sanksiyaları ehtiva edir.

Sənəddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun ailə üzvlərinin ABŞ-dakı bütün aktivlərinə həbs qoyulması ilə bağlı Konqresə təcili məlumatların verilməsi tələb olunur.

Qətnamə Senatda təsdiqlənməli, sonra imzalanmaq üçün ABŞ prezidentinə verilməlidir.

Terrorçulara "hədiyyə"

Terrorçu PKK təşkilatına 1990-cı ildə qoşulan, Abdulla Öcalanın "mənim mənəvi oğlum" adlandırdığı, PKK-nın Suriyanın şimal-şərqindəki qolu olan "Yekineyen Parastina Gel" (YPG) terror qruplaşmasının rəhbəri, "Suriya Demokratik Qüvvələrinin" baş komandanı, "Məzlum Abdi" kimi tanınan Fərhad Abdi Şahinin Twitter-dəki akkauntu rəsmi akkaunt kimi tanındı, "mavi ulduz" aldı.

Yəni ABŞ Dövlət Departamentinin siyasi kursuna qarşı çıxmağa cürət etməyən Twitter, şübhəsiz ki, Ağ Evdən alınan "məsləhət"dən sonra belə addım atıb.

Abdinin akkauntuna "mavi ulduz" verilməsi Twitter-in onu "məşhur və nüfuzlu şəxs" qismində tanıması ilə yanaşı, Birləşmiş Ştatların PKK-nı və YPG-ni özünə müttəfiq elan etməsi kimi anlaşıla bilər.

ABŞ-ın PKK-nı rəsmən terror təşkilatı qismində tanımasına rəğmən.

Türkiyəyə qəzəb

Qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi Nümayəndələr Palatasında müzakirə olunarkən ermənipərəst konqresmen Bred Şerman çıxış edib.

Onun nitqi simvolik olduğundan əsas hissəni təqdim edirəm.

"ABŞ, əslində, belə sənədi çoxdan qəbul etməliydi. Amma bizə həmişə deyirdilər ki, Türkiyə ilə böyük ittifaqı və strateji müttəfiqliyi nəzərə alaraq bunu etməməliyik. Böyük ittifaq? Bu münasibətlər Türkiyə üçün böyük ittifaq idi. Biz onları kommunizmdən müdafiə etdik. Sovet İttifaqından qoruduq. Onlara 23 milyard dollar həcmində yardım etdik. İraqın şimalında müstəqil Kürdüstan dövlətinin yaranmasının səbəbkarı da bizik. Lakin həqiqət budur ki, 1915-1923-cü illərdə Türkiyədə 1,5 milyon erməni qətlə yetirilib, soyqırım törədilib. Bu, 20-ci əsrin ilk soyqırımı idi. Bu soyqırımın baş verməsinə, törədilməsinə əsla şübhə yoxdur. Amerikanın ləyaqətindəki ləkəni silmək üçün bu soyqırımı tanımaq zamanı gəlib. Almaniya da İkinci Dünya Müharibəsi illərində yəhudilərə qarşı soyqırım törədib, bunu etiraf edib. Almaniya inkişaf etmiş, güclü və demokratik ölkə oldu. Türkiyə soyqırımı danmağa davam edir. Üstəlik, soyqırımın müzakirəsini yasaqlayan qanun qəbul edib. Bu gün soyqırımı tanımaq üçün əlverişli gündür. Əslində, bunu çoxdan etməliydik. Bundan sonra hər ilin aprelində erməni soyqırımından danışmalıyıq. Və onda Amerika soyqırımı tanımış digər ölkələrin yanında olacaq", - Şiff deyib.

Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu amerikalı konqresmenlərin qərarını "siyasi məqsədlərə çatmaq üçün tarixin saxtalaşdırılmasından sui-istifadə cəhdi" adlandırıb.

Rəsmi Ankaranın konqresmenlərin demarşına cavab olaraq ABŞ-dakı səfirini geri çağıracağı gözlənilir.

İlk dəfə

296 saylı qətnamənin qəbulu gözlənildiyindən də sürətli olub.

Bazar ertəsi Nümayəndələr Palatasının Reqlament Komitəsində təsdiqlənən sənədi həmin komitə sonradan Palatada səsverməyə çıxarıb. Adi hallardakı prosedurun pozulması olub: belə ki, erməni diasporunun istədiyi kimi, sənədə hər hansı düzəlişlər edilməsinə imkan verilməyib.

Qətnamə layihəsinin lobbinqi ilə ABŞ-dakı erməni diasporunun iki ən böyük təşkilatı olan "Amerika Erməni Milli Komitəsi" (Armenian National Committee of America, ANCA) və "Amerika Erməni Assambleyası" (Armenian Assembly of America, AAA) məşğul olublar.

Onları ilk dəfə olaraq Birləşmiş Ştatlardakı yəhudi diasporunun iki ən nüfuzlu təşkilatı - Amerika Yəhudi Komitəsi (American Jewish Joint Distribution Committee, JDS) və Antidiffamasiya Liqası (Anti-Defamation League, ADL) dəstəkləyib.

Demokrat Partiyasından olan konqresmenlərin çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında iclas başlayan kimi 296 saylı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri, demokrat konqresmen Eliot Engel və komitədəki respublikaçı konqresmenlərin lideri Maykl Makkol, habelə Kaliforniya ştatından seçilmiş konqresmenlər, bir-birlərinə sərin münasibətdə olan Devin Nunyes və Adam Şiff sənədin qəbul olunmasının "vacibliyini" vurğulayıblar.

Onların hər ikisi aşkar ermənipərəstlərdir. Lakin demokrat A.Şiff Nümayəndələr Palatasının kəşfiyyat məsələləri komitəsinin sədrinin və prezident Donald Trampın impiçmenti çərçivəsindəki araşdırmaların faktiki rəhbəridir.

Respublikaçı D.Nunsey isə əksinə, Trampı tam dəstəkləyir.

Müzakirələr ərəfəsində erməni diasporu konqresmenlərə ultimatum da ünvanlamışdı.

AAA-nın Qərb istiqamətinin direktoru Miqran Tumacyan demişdi: "Konqres üzvlərinə xəbərdarlıq edirik: əgər kimsə Ankaranı dəstəkləsə, o adamı unutmayacağıq və o adama amerikalı ermənilər səs verməyəcəklər".

ANCA-nın Qərb istiqamətinin sədri Armen Saakyan isə belə söyləmişdi: "Konqresmenlərlə senatorlar bizim onlara etdiklərimizi unutmasınlar və edə biləcəklərimizi də təxminləsinlər".

Donald Tramp da daxil olmaqla, ABŞ prezidentləri indiyədək 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış hadisələri "böyük faciə", "qırğın" adlandırır, amma qondarma "erməni soyqırımı"nı tanımaqdan boyun qaçırırdılar.

İndiki "tanınma" isə Türkiyənin Suriyanın şimal-şərqində apardığı antiterror əməliyyatlarının və Rusiya ilə münasibətlərin Vaşinqtonu həddən ziyadə qıcıqlandırması ilə bağlıdır.

ABŞ-dakı 50 ştatdan 49-u qondarma "erməni soyqırım"ını tanısa da, federal səviyyədə qərar yoxdur.

İndi nə olacaq?

Qondarma "erməni soyqırımı"nın Nümayəndələr Palatasında tanınmasının sırf simvolik qərar olduğu vurğulanır. Bu qərarın ABŞ-Türkiyə münasibətlərinə ifrat mənfi təsir etməyəcəyi də deyilir.

Belə deyil. Qərar Türkiyədə antiamerikanist mövqeləri daha da gücləndirəcək, Türkiyənin Rusiya, Çin və İranla, habelə Avropa Birliyi ilə əlaqələrini daha da intensivləşdirəcək.

Ankaranın çox sərt reaksiyası, elə o səviyyədə də cavab addımları qaçılmaz ehtimal təsiri bağışlayır.

ABŞ-ın özünə gəldikdə isə, əgər 296 saylı qətnaməni Senat təsdiqləyərsə, sonra da ABŞ prezidenti Donald Tramp imzalayarsa (Trampın veto hüququndan yararlanacağı və bundan da Türkiyəyə təzyiq edərək yeni "siyasi alver"ə başlayacağı şübhəsizdir), Birləşmiş Ştatlardakı ermənilər nə edə bilər?

İlk əvvəl, ABŞ-dakı erməni diaspor təşkilatları bu ölkədəki türklərin və azərbaycanlıların geniş təbliğat kampaniyaları keçirmələrinə "qanun çərçivəsində" mane olmağa çalışacaq, problemlər yaradacaqlar.

Presedentlər artıq var.

Məsələn, Kaliforniya ştatındakı Oklend şəhər limanı Türkiyənin lobbinqi ilə məşğul olan Dik Cefardt ilə yeni müqavilə imzalamaqlan boyun qaçırıb.

Erməni Martin Harutyunyan isə "New-York Life Insurance" sığorta şirkətini məhkəməyə verərək, "soyqırımda qətlə yetirilmiş ulu babası və qohumları"na görə yüz milyonlarla dollar məbləğində təzminat istəyib.

ABŞ Senatı qətnaməni qəbul etsə, prezident Donald Tramp imzalasa belə, sənəd deklarativ xarakterlidir. Bu səbəbdən də ermənilər Türkiyəyə qarşı iqtisadi, maliyyə, siyasi və ərazi iddiaları ilə çıxış etmək üçün artıq hərəkətə keçməyə hazırlaşırlar.

ABŞ-dakı erməni diaspor təşkilatları artıq bəyan ediblər ki, əgər Donald Tramp sənədi imzalasa, Haaqadakı BMT-nin Beynəlxalq Məhkəməsinə (International Court of Justice, İCJ) təzminat iddiaları ilə üz tutacaqlar.

Ermənilərin sərsəm və absurd təzminat iddialarının məcmusu isə belədir:

1. "Türkiyə rəsmi qaydada qondarma "erməni soyqırımı"nı tanımalıdır".

2. "Türkiyə 1915-ci ildə ölkədə qətlə yetirilmiş və ya sürgün olunmuş ermənilərin mülklərinin hamısını və bank hesablarını 104 ildə yığılmış faizlər də nəzərə almaqla varislərinə qaytarmalı, həmin məbləğlərin 100 (!) misli miqdarında təzminat da ödəməlidir".

3. "Türkiyənin şimal-şərq hissəsindəki ərazilərin böyük qismi "Qərbi Ermənistan" olduğundan, Ermənistana verilməli, yaxud orada Erməni Muxtariyyəti yaradılmalı, yaxud Qərbi Ermənistan Respublikası yaradılmalıdır və bu, "BMT Nizamnaməsinə uyğun olaraq ermənilər arasında səsvermə yolu ilə müəyyən olunmalıdır".

4. "Ərazi məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır".

5. "Türkiyə təzminat qismində ilkin dönəmdə ermənilərə 350 milyard dollar ödəməlidir".

6. "Türkiyə öz sərhədləri daxilində erməni muxtariyyətinin yaradılması ilə razılaşmayacağından Qərbi Ermənistan Respublikasının yaradılması üçün artıq gərəkli işlərə başlanmalıdır".

7. "İlkin mərhələdən sonra, 54 ilə hesablanmış ikinci və üçüncü mərhələlərdə Türkiyə ermənilərə 670 milyard dollar məbləğində təzminat ödəməlidir".

Bunlar ermənilərin arzularıdır. Yəni Türkiyədən qarşı toplam olaraq 1,1 trilyon dollarlıq təzminat istəyi və Türkiyənin şimal-şərq hissəsində yeni "erməni dövləti"ni qurmaq arzusu.

İddialar şizofrenik olsa da, erməni diaspor təşkilatları hazırda onları geniş şəkildə, aktiv müzakirə edirlər.

Türkiyənin bu sərsəmliyi rədd etdiyi və bundan sonra əsla qəbul etməyəcəyi bəlli.

Eyni zamanda, dünyanın aparıcı dövlətləri, xüsusilə də Avropa Birliyi, Çin, Hindistan, ABŞ və Rusiya ermənilərin iddialarını dəstəkləməyəcəklər. Çünki Türiyəyə qarşı həyasız şantaj tipli belə "qətnamə siyasəti"nin aktivləşməsi Ankaranın ABŞ ilə münasibətlərinin daha da radikallaşmasına səbəb olacaq.

Ön və Kiçik Asiya ilə yanaşı, Yaxın Şərqdə və Cənubi Qafqazda həddən ziyadə ciddi təsir imkanlarına sahib, dünya geosiyasətində önəmli güclərdən olan Türkiyə həm də NATO-da Almaniyadan sonra 2-ci, qlobal miqyasda isə 5-ci ən güclü orduya malikdir.

Türkiyəni qıcıqlandırmaq mümkündür. Türkiyə ilə geosiyasi oyun da oynayırlar.

Lakin Türkiyəni aşağılamaq, heçə saymaq, zəif bilmək olmaz.

Cəhd edənlər nəsiblərini həmişə alıblar.

Bunu ermənilərlə onları dəstəkləyənlər əsla unutmasınlar.

ABŞ Konqresinin Nümayəndələr Palatasının qərarı aşkar siyasi populizmdir. Siyasətçilər tarixi olayla bağlı, sadəcə, mövqe bildirə bilərlər. Heç bir siyasətçinin tarixdə yaşandığı və ya yaşanmadığı iddia olunan hadisə ilə bağlı qərar verməyə, sadəcə, haqqı yoxdur.

BMT Nizamnaməsi, beynəlxalq hüquq, anlaşmalar və razılaşmalar bir məqamı konkret deyir: tarixdəki hadisə ilə bağlı iddia yalnız və yalnız məhkəmə qərarından sonra müzakirə oluna bilər.

Qondarma "erməni soyqırımı" ilə bağlı qərar açıq-aşkar şəkildə Türkiyəyə təzyiq etmək cəhdidir.

Azərbaycan Türkiyənin yanındadır. Həmişə belə olub, belədir və belə olacaq.

Elçin Alıoğlu Son.az