Deputat: Ermənistanın 120 dövlətin bəyanatını sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər


Digərləri 30 Okt 2019 10:49:01 337 0

Deputat: Ermənistanın 120 dövlətin bəyanatını sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir.

Bakı. Elçin Mehdiyev - Yaxın günlərdə Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata – Qoşulmama Hərəkatına sədr seçilib. Azərbaycan “Bandunq” prinsiplərini əsas götürməklə növbəti 3 il ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək. Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Odur ki, təşkilata sədrliyin Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir. Bunu Trend-ə açıqlamasında Milli məclisin deputatı Sona Əliyeva deyib. Onun sözlərinə görə, indiyə kimi, iki dəfə - 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş müddəalar qəbul olunub: "Müddəalar məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllini nəzərdə tutur. Həmçinin, 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Və bunu xaici siyasətimizin ciddi uğuru saymaq olar. Yekun sənədlə bağlı ən maraqlı, həm də gülünc mövqeni isə işğalçı dövlət Ermənistan sərgiləyib. Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri (bir daha qeyd edim ki, onların sayı 120-dir) məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edərək, beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə çağırmışdır". Deputat vurğulayıb ki, Ermənistan işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyənatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur: "120 dövlətin verdiyi bəyanatı sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddəratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda, beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən heç olmasa həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində ittiham edən Ermənistan minlərlə azərbaycanlının qətlinə görə məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa bu haqda da fikirləşsinlər. Hər halda, bu münaqişə Azərbaycana vurduğu zərər qədər də Ermənistanı zərərə uğradıb. Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcridi Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular mütəmadi olaraq müzakirə olunur. Daxili kütləyə hesablanmış boş-boş bəyənatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Zaman isə dayanmır və bu müddətdə görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Məhz dünyada ikinci ən böyük təsisata rəhbərliyin Azərbaycana həvalə edilməsi hər şeydən əvvəl ölkəyə, onun təhlükəsizliyinə və haqq-ədalət axtarışına inamdan, etimaddan irəli gəlir". Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Görüşün sonunda Bakı Yekun Sənədi, Bakı Bəyannaməsi, Fələstinə dair Bəyannamə və Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi qəbul olunub. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin