"Google"un açıq kodlu layihələr üçün təqaüdünü qazanan azərbaycanlı Uğur hekayəsi FOTO


Digərləri 30 Okt 2019 07:41:00 338 0

"Google"un açıq kodlu layihələr üçün təqaüdünü qazanan azərbaycanlı  Uğur hekayəsi  FOTO

Şəhriyar Məmmədov: "Məni indiyə qədər azərbaycanlı müdir işə götürməyib"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

3-cü kursda oxuyanda "Bakcell"dən iş təklifi alıb, tam ştatlı işə başlayır. Bakalavrı bitirəndə şirkətdə senior mühəndis olur, magistr oxuyanda qrup rəhbəri təyin edirlər. O, bu tempi karyerasının sonrakı mərhələsində də davam etdirir. Söhbət hazırda ABŞ-da "OpenGov" şirkətində çalışan həmyerlimiz Şəhriyar Məmmədovdan gedir. Şəhriyar həm də ABŞ-da magistr təhsili alır.

Qeyd edək ki, Ş.Məmmədov daha öncə Azərbaycanda "Bakcell"lə yanaşı, "Huawei", Qazaxıstanda "ZTE corporation", Fransada "SAP", Almaniyada "Fraunhofer", ABŞ-da "NGINX" kimi şirkətlərdə çalışıb.

- Şəhriyar bəy, ilk olaraq uşaqlıq illərinizdən danışaq. Necə bir ailədə böyümüsünüz, necə uşaq olmusunuz?

- Sadə bir ailə deyək, atam hərbçi, anam həkim olub. Uşaqlığımdan bağça dövrü yadımdadır. O illərdən danışanda, müharibəyə könüllü gedən atamın hərbi geyim forması, həmin müddətdə anamın göz yaşlarını da xatırlayıram. Həm də butulka, alüminium satmaqla məktəbdə məcbur yığılan bilet, süpürgə pulunu qarşılamaq, nisyə alınan yemək məmulatları, atamın aylarla gecikən əməkhaqqı, anamın gediş haqqını qarşılamağa imkanımız olmadığından işə piyada getməsi, evimizin təmirsiz olmağı ilə barışmamaq, mütəmadi olaraq əlimə düşən pulları gips, üzlük və s. almaqla ustalıq cəhdləri və s. göz önünə gəlir. Amma önəmli olan evə az-çox gələn ruzi və sevgi üzərində qurulan ailənin olması idi. Çörəyin növbə ilə alındığı bir dövrdə təbii ki çox az uşağa oyuncaq alınırdı. Mənə də həmçinin. Bu zaman artıq uşaq olaraq çıxış yolunu özüm tapırdım.

- Uşaq yaşlarında tapdığınız çıxış yolu nələr olurdu?

- Hansısa oyuncağım olmurdusa, ağlayıb-sızıldamaq əvəzinə əlimdəki resurslardan nə isə düzəltməyə çalışırdım. Oyuncaq düzəltmək yaradıcılıq qabiliyyətinin inkişafına çox kömək edirdi. Nəyəsə baxırdım və onun yeni bir formasını yaratmaq haqqında düşünürdüm, plastilindən, yaxud nələrdənsə, onu qururdum. Bəlkə də mühəndislik ordan başlayır ki, olmayan bir şeydən nə isə düzəldirsən. Problemin həll yolunu özüm tapanda bu, mənə zövq verirdi. Məktəblə bağlı da mənə heç vaxt "dərs oxu" filan deyən olmayıb. Birinci sinifdən özüm istədiyim üçün oxumuşam.

- Məktəb illərində aktiv şagirdlərdən olmusunuz, olimpiadalara qatılmısınız, iki dəfə "İlin şagirdi" seçilmisiniz. Deyirsiniz ki, sizə "dərs oxu" deyən də olmayıb. Özünü oxumağa həsr edən şagirdlərdən olmusunuz?

- Bütün gün kitab oxuduğumu desəm, yalan olar. Həm oxuyan şagird idim, həm də dalaşqan (Gülür). İçimdə hər yerdə birinci olmaq kimi bir istək var idi. Məsələn, bütün fənləri yaxşı oxuyurdum ki, burda birinci olum, idmana gələndə orda da öndə olmağı hədəfləyirdim. Amma nə etsəm də, həmişə dərslərə qulaq asırdım.   - Humanitar və ya texniki fənləri daha yaxşı oxuyanlar hansı qrupa vgedəcəklərini öncədən təxmin edirlər. Bütün fənləri yaxşı oxuyan biri olaraq ixtisas seçimi zamanı çətinliklə üzləşmədiniz?

- (Gülür) Hə, ona görə seçim məsələsi bir az qəliz oldu. Ailədə həkim var idi, ona görə uzun müddət "həkim olacam" deyirdim.  Lakin sonra hiss etdim ki, içimdə bununla bağlı güclü istək yoxdur. Bütün fənləri yaxşı oxuyurdum və bunu qiymət xatirinə etmirdim, marağım var idi. Ancaq riyaziyyat məndə həmişə güclü tərəf olub. Elə məsələlər olurdu ki, müəllim arada qoyub keçirdi, mən özüm onları həll edirdim. Elə məsələ olurdu ki, onu necə həll etməyi bir gün fikirləşirdim. Çətin məsələlərlə bağlı dərsdə müəllimlə diskussiyalar edirdim. Bircə tarix və ədəbiyyat kimi fənlərə digərləri qədər marağım yox idi. Yaxşı oxuyurdum, ancaq yenə də 3-cü qrup haqqında düşünmürdüm. Əvvəl 4-cü qrupa getməyi fikirləşirdim, sonra 2-ci qrupa yönəldim, 10-cu sinfin sonunda isə 1-ci qrupda qərarlaşdım.   - Qərarı gec vermisinizsə, repititor yanına hazırlığa da yəqin ki az müddət getmisiniz. Maraqlıdır, nə qədər bal yığmışdınız?

- Hazırlıq deyəndə ki, 10-cu sinifdə Azərbaycan dili proqramını özüm oxuyub, bitirdim. Bu fəndən 25 sualın hamısını doğru cavablandırmışdım. 10-cu sinifdə hazırlıq yox, ingilis dilini öyrənmək üçün kursa gedirdim. 11-ci sinifdə isə fizika, riyaziyyat, kimya fənlərindən hazırlaşırdım. Azərbaycan dilindən də hazırlığa qoymuşdular, amma o proqramı oxumuşdum deyə, dərsləri buraxırdım, futbola filan gedirdim. Ona görə arada dayandırırdım, evdə demirdim, iki ayın pulu yığışırdı, özümə velosiped alırdım, ya başqa nə isə (Gülür). Qəbul imtahanına bir-iki ay qalmış evimiz yandı, bütün kitab dəftər, oxumaq üçün əlimdə nə var idisə, yandı. Sonra bircə riyaziyyatla fizikaya getdim, qalanları özüm oxudum. Evimiz yandığı müddətdə məktəbimizin direktoru mənə böyük motivasiya və dəstək oldu. Məktəbi bitirəndə "Tərifnamə" ilə təltif edilən 2 şagirddən biri oldum.

607 bal toplamışdım. Düzü, mənim üçün hansısa balı yığmaq yox, seçdiyim ixtisasa qəbul olmaq hədəf idi. Qardaşım Neft və Sənaye Universitetinə "Tempus" proqramına kompüter mühəndisliyinə qəbul olmuşdu. Mən də onu hədəfləmişdim. O proqramın pullu və pulsuzunu yazmışdım. Dedim ki, istədiyim olacaqsa, olsun. Bu ixtisasa balım çatmasa, başqa ixtisası yazım kimi düşünmürdüm. Ona görə başqa heç nə yazmamışdım. İstədiyimə də qəbul oldum.

- Tələbə vaxtı necə, orta məktəbdəki kimi aktiv oldunuz?

- Aktivlik deyəndə ki, tələbə vaxtı sinif nümayəndəsi oldum. Ancaq universitetdə tədris edilən bəzi fənlərin effektsiz olduğunu əvvəldən başa düşmüşdüm. Ona görə 1-2-ci kurslarda özümü başqa tərəflərdə də inkişaf etdirməyə çalışdım. Onlardan biri ingilis dili idi, digərləri dizayn və şəbəkə proqramlarını öyrənmək. 2-ci kursda Vurğun Hacıyevin "Cisco" şirkətinin şəbəkə texnologiyaları üzrə bir illik təliminə qatılıb CCNA sertifikatını əldə etmişdim. O sertifikat o vaxt üçün çox az adamda var idi. Şəbəkə proqramını öyrənməyimin sayəsində 2-ci kursun yayında "Bakcell" şirkətindən iş təklifi aldım. Bu təklifdən öncə isə dayımın işlədiyi telekommunikasiya ilə bağlı şirkətdə təxmin 40 gün təcrübəçi kimi çalışmışdım.   - 3-cü kursda "Bakcell" kimi şirkətdə işləmək üçün hazır idiniz, yoxsa işi orda öyrəndiniz?

- Əslində, "Bakcell"də monitorinq üzrə işləməliydim. Çünki tələbələri bu cür işə götürürdülər. Məndə artıq tələbə vaxtı müəyyən sertifikatlar oldu və müsahibədən də uğurlu keçdim deyə, birbaşa mühəndis kimi götürdülər. Tam ştatlı işçi idim. Günorta saat birdə dərsdən çıxıb işə gedirdim, axşam doqquza qədər işləyirdim. Maraqlı tərəfi o idi ki, ikili həyat sürürdüm. Səhər tələbələr, universitet həyatı, sonra da professional iş mühiti. İşi görməyə gəlincə, təbii ki zamanla iş əsnasında çox şey öyrənirsən. İşlə yanaşı, treninqlərə filan göndərirdilər.   - Maliyyə cəhətdən böyük problem yaşamayan tələbələr adətən, iş saatı çox olanda "dərs saatımla uyğun gəlmir" deyib, işləmirlər. Sizi tələbə vaxtı bu rejimlə işləməyinizin səbəbi maddiyyat idi?

- Maddi cəhətdən o vaxt həmin gəlir mənim üçün çox yaxşı idi. Tələbə vaxtı aldığım maaşla camaat ailə saxlayırdı. Eyni zamanda, SOCAR-ın təqaüd proqramını qazanmışdım. Üstəlik, təhsilim ödənişsiz olduğu üçün tələbə təqaüdü də alırdım. 3-cü kursda özümə maşın da ala bildim. Amma işləməyinin səbəbi təkcə maliyyədə deyildi.

- 2012-yə qədər "Bakcell"də işləmisiniz, sonra Qazaxıstana getmisiniz. Bu ölkədə işləməyinizlə bağlı danışanda yaxşı təcrübə olduğunu demisiniz. Yaxşı təcrübə qazandıran nə idi?