Deputat: Qoşulmama Hərəkatının zirvə görüşünün yekun sənədləri Ermənistanda ciddi təlaş yaradıb


Digərləri 29 Okt 2019 17:52:00 288 0

Deputat: Qoşulmama Hərəkatının zirvə görüşünün yekun sənədləri Ermənistanda ciddi təlaş yaradıb

Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədlər Azərbaycanın böyük diplomatik qələbəsidir.

Bakı. Elçin Mehdiyev – 25-26 oktyabr 2019-cu il tarixində Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının 18-ci Dövlət və hökumət başçılarının Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədlər Azərbaycanın böyük diplomatik qələbəsidir. Çünki bu sənədlərdə Hərəkata üzv olan bütün ölkələr birmənalı şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəklədi. Bunu Trend-ə şərqşünas-alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib. Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan torpaqlarını işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı: “Bu Zirvə Görüşü işğalçı Ermənistan üçün ağır bir zərbə oldu. Bu baxımdan, Zirvə Görüşünün yekun sənədi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin 28 oktyabr 2019-cu il tarixli bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir. Zirvə görüşünün Ermənistanda ciddi narahatçılıq yaratması aydın şəkildə hiss olunur. Ona görə də uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham edir. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür”. Deputat qeyd edib ki, yekun sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdi: “Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar. Həmçinin, yekun sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirdi. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyinin dəstəkləməsi yalnız və yalnız bu mövqenin haqlı və ədalətli olmasından irəli gəlir. 120 dövlətin səhv olması, tək Ermənistanın düzgün olması cəfəngiyatdan başqa bir şey deyil”. Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin