Dünyada minlərlə azarkeşi olan azərbaycanlı MMA ulduzu - "UFC-dən Azərbaycan döyüşçüsünə maraq var"


İdman 29 Okt 2019 17:12:00 626 0

Dünyada minlərlə azarkeşi olan azərbaycanlı MMA ulduzu - "UFC-dən Azərbaycan döyüşçüsünə maraq var"

Tofiq Musayev – ictimai insan deyil, olduqca mütəvazi, özünü idmana həsr edən biridir. Lakin bu gün o Azərbaycanda ən parlaq MMA ulduzudur və dünyada minlərlə azarkeşi var. UFC onunla müqavilə imzalamağı təklif edir, lakin o, titul uğurunda mübarizə aparılmasına imkan verilməzsə, bununla razılaşmaq niyyətində deyil.

Bununla yanaşı, Tofiq Musayev Azərbaycanda layiqincə qiymətləndirilməyən idmançıdır. MMA ölkədə çox məşhur olsa da, lakin qarışıq döyüş növləri ilə bağlı bir çoxlarımız UFC-nin xəbərləri və Həbib Nurməhəmmədovun öz çəki kateqoriyasında olan döyüşçülərlə bitməz-tükənməz davaları ilə kifayətlənməli oluruq.

Bu gün həmvətənlimiz – MMA-nın ən nüfuzlu döyüşçülərindən biri, ötən həftə Avstraliyanın UFC döyüşçüsü Damyen Braunla Rizin 19 turnirində parlaq qələbə qazanmış Tofiq Musayevdən bəhs etmək istərdim. Dekabrın sonunda təşkilat çərçivəsində onu həlledici döyüşlər gözləyir. Çempionluq Tofiqə öz çəki kateqoriyasından olan bir sıra aparıcı döyüşçülərlə bir sırada dayanma imkanı verəcək. Yəni Həbib Nurməhəmmədov, Konor MakQreqor, Dastin Porye, Toni Ferguson və digərləri kimi.

- Tofiq Musayev bu gün Azərbaycanda MMA üzrə ən populyar idmançıdır. Siz bu populyarlığı gündəlik həyatda hiss edirsiz?

- Azərbaycanda bu idman növündə dünya reytinqində döyüşən idmançıların sayı barmaqla sayılacaq qədərdir. Onların arasında Tural Rəhimov, Vüqar Kərəmov, Mehman Məmmədov, Xəzər Məmmədov, Hikmət Abdullayev və başqaları var. Mən hal-hazırda Rizin 19 Qran-prisində çıxış edirəm. Axırıncı döyüşdə UFC-nin idmançısı olan Damyen Braunla qarşılaşdım və qələbə qazandım. Azərbaycanda müəyyən kütlə var ki, sağolsunlar, məni tanıyırlar və dəstəkləyirlər. Şükürlər olsun, bura kimi öz əziyyətimizlə çatmışam. Başda məşqçim Ruslan Əfəndiyev olmaqla biz bu nəticələri əldə etmişik.

- Rizin 19 Qran-prisində yarımfinala yüksəldiniz. Növbəti hədəf nədir?

- Yarımfinalda biz artıq dörd nəfər qalmışıq. Bu hamının tanıdığı Patrik “Pitbull” Freyri, Luis Qustavo, Coni Keys və mən. Yarımfinalda rəqibim Coni Keys olacaq. Bir gündə iki döyüş keçirməli olacağıq: səhər və axşam. Yəni ki, bir gündə həm yarımfinal, həm də final olacaq. Yarımfinalda qalib gəlsəm, 4-5 saatdan sonra finalda vuruşacağam. Amma bu hələ dəqiq deyil. Müqavilədə göstərilib ki, ola bilər bir görüş dekabrın 29-da, final isə bir gün sonra olsun. Amma elə ola bilər ki, hər iki görüş bir günə düşsün.    

Rəqiblərim dünyada kifayət qədər tanınmış döyüşçüdürlər. Öz çəki dərəcələrində top-50 idmançı arasındadırlar. Güclü kimdi, o da galib gələcək. Biz bu yarışa böyük ümidlə yanaşırıq. Şükürlər olsun, bizə bəslənən ümidləri hələ ki doğrulduruq.

Yarışdan qabaq təlim-məşq toplanışa yollanacayıq. Rəqibə uyğun olaraq fikirləşərik ki, təlim-məşq toplanışı harda keçirdək. Rəqibim də UFC-də vuruşub və tanınmış idmançıdır. 

- Bir neçə gün əvvəl siz döyüşmüsünüz və cəmi iki aydan sonra yenə döyüşə çıxmalısınız. Hətta iki görüş ola bilər. Bir idmançı üçün bu çox böyük yüklənmə olmayacaq ki? Hər halda çəki atma prosesi var, döyüşdən sonra orqanizm bərpa olunmalıdır.

- Əslində, müqaviləyə qol çəkəndə biz bilirdik ki, şərtlər belədir. Bütün tarixlər orda göstərilmişdir. Biz bunları nəzərə almışdıq və artıq üç dəfə Rizin-də qalıb gəlmişdiq. Cəmi iki görüşümüz qalıb.

Təbii ki, məşqlər ağır keçır, çəki atmaq ondan da çətindi. Bu yarış üçün mən 15 kq çəki atmışdım. Və görüşə bir gün qalmış bərpa prosesi düzgün getməlidi ki, döyüşə biləsən. Bunların hamısı şərtdir. Bərpa prosesi gedəndə nə gəldi yemək olmur.

- MMA-da çəki atma prosesi bir çox azarkeşləri maraqlandırır. Niyə və necə döyüşçülər bu qədər çəki atırlar. Məsələn, siz 70 kq çəki dərəcəsində vururşursuz, halbuki normalda 85 kilosuz.

- Döyüşə 20-25 gün qalmış biz artıq pəhrizə otururuq. Bu nə deməkdir? Mənim çəkim 85 kq olur. Pəhrizlə 6-7 kq atırıq. Çəkini atmaq üçün duzlu, yağlı, şirin yeməklərdən tam imtina edirik. Bir həftə qalmiş artıq “suya otururuq”. Gündə 8 litr su içirsən. Sonra 6,4,2 və 1 litrə qədər azaldırsan. Suyun köməkliyilə bədəndən tər vasitəsilə duz yuyulur. Yəni ki, biz çəkini su ilə salırıq. ABŞ-da proqramlaşdırılmış sistem var. Onu öyrənmək üçün xeyli vaxt sərf etdik. Amma indi bu üsulla çəkini rahat salırıq.

Düzdü, elə olur ki, dirənən çəki qalır – 1-2 kq. Onu salmaq üçün döyüşə iki gün qalmış “balonkalardan” istifadə edirik. Bu prosesdən keçən adam elə bil ki, ölüb dirilir. Bunu qıraqdan sadəcə görmək lazımdır. Pərdə arxası məqamlar çox olur. Onu ancaq məşqçilərim görür.

Təbii ki, çətindir. Amma biz Azərbaycanı və bayrağımızı bütün dünyaya tanıtdırmaq istəyirik. Bunun üçün dayanmadan öz üzərimizdə işləyirik.

- Tofiq Musayev Azərbaycanda daha çox populyardır, yoxsa xaricdə?

- Təbii ki, Azərbaycanda. Amma deyərdim ki, Yaponiyada da çox populyar oldum, artıq öz auditoriyamız var. Yarış vaxtı bütün dünyanın gözü Yaponiyada olur. UFC da, Bellator da diqqətlə izləyir. Rizin-də vuruşan döyüşçülərin səviyyəsi çox yüksəkdir. Hətta iki dəfə Rizində çempion olan idmançı Bellatorun çempionuna qalib gəlib. Qran-pridən sonra ola bilər ki, yenə də qalib olan Bellatorun çempionu ilə vuruşsun. Rizin başqa təşkilatların edə bilmədiyini həyata keçirir. Ona görə mən fikirləşmirəm ki, Rizin UFC-dən geri qalır. Bir çox idmançılar UFC-yə məhz Rizin-dən gəlib.

Fyodr Yemelyanenko Yaponiyada biz tanıdığımız Fyodr Yemelyanenko olub. O vaxtı Qran-pri Pride adlanırdı.

- Siz qeyd etmişdiz ki, Yaponiyada olanda heç oteldən də çıxa bilmirdiz, o qədər fanat sizi izləyirdi. Bəs Azərbaycanda necədir?

- Təbii ki, Azərbaycanda ona baxanda azdır. Küçədə yaxınlaşan, maraqlanan, şəkil çəkən olur. Amma Azərbaycan üçün azdır, çünki biz azərbaycanlıyıq və Azərbaycan üçün vuruşuruq. Yaponiyada, məsələn, tanıyıb yaxınlaşanların sayı iki dəfə çoxdur. Bu reallıqdır. Halbuki, mən bir idmançı və bir vətəndaş kimi ozümə borc sayıram ki, hər dəfə mənə söz veriləndə Azərbaycanın adını çəkim. Hər bir idmançının döyüşdən sonra ürəyindən qələn bir söz, bir hiss olur. Mən sadəcə Azərbaycan deyə kameraya qışqırırdım.

Mən belə başa düşürəm ki, bu bizim borcumuzdur. Peşəsindən asılı olmayaraq hamı bu bayrağa, gerbə, himnimizə hörmətlə yanaşmalıdır. Mən öz missiyamı Azərbaycanı dünyada tanıtmağımda görürəm. Şükürlər olsun, bu missiyamı bacardığım qədər, layiqincə yerinə yetirirəm.

- Amma ölkədə MMA döyüşçüləri bir o qədər də tanınmır. Bu sizi məyus etmirmi?

- Bizdə olimpiya idman növlərində yarışan idmançılar daha çox tanınır. Bunun da başlıca səbəblərindən biri mətbuatdır, xüsusilə də televiziya. Heç olimpiya idman növlərindən də söhbət getmir. Məsələn, mənə maraqlı deyil ki, televizor arxasında oturub baxım, kim kimdən boşanıb. Biz vətənpərvərlik mövzusunda verlişlər çəkməliyik. Ən azından bizim Mubariz İbrahimov kimi qəhramanımız, döyüşçümüz  var. Biz belə insanları televiziyada göstərməliyik. Hər böyüyən körpə bilməlidi ki, Ağdam haradır, Laçın haradır və s. Bu mənim şəxsi fikrimdir. Bü gün Ali Baş Komandan əmr versin, biz dönə-dönə hazırıq Qarabağda vuruşmağa. Biz döyüşçü ruhunda böyümüşük. 

Hər bir idmançının uğurunun arxasında tərli köynəklər, yuxusuz gecələr və gördüyü əziyyətlər durur. Və əgər idmançı vətənimizi tanıtdırırsa, uğur əldə edirsə, bu ölkədə işıqlandırılmalıdır, göstərilməlidir. Cənab Prezidentimiz İlham Əliyev, Ulu Öndərimiz Heydər Əliyev dəfələrlə demişdilər ki, biz idmançılara dəstək olmalıyıq. Şərt deyil maddı dəstək olsun, ona mənəvi dəstək də göstərilə bilər.    

- Azərbaycanda MMA-nın vəziyyətini necə qiymətləndirərdiz?

- Deyərdim ki, populyarlıq 30% civarındadır. Bu idman növü MDB məkanında daha çox Rusiyada yayılmışdır. Bu da ondan irəli gəlir ki, bu ölkədə xeyli sayda yarışlar keçirilir. Və bu dalğa yavaş-yavaş Azərbaycana da çatır. Bizdə də yarışları keçirirlər: peşakarlar və həvəskarlar arasında. Amma dünya səviyyəsində barmaqla sayılacaq qədər döyüşçü vuruşur.

Düzgün məşq və düzgün rejim – bu artıq nailiyyət deməkdir. Hamı məşq edir, əziyyət çəkir, amma uğur əldə edən azdı. Niyə? Uğursa daha çox əziyyət çəkənlərindir. Və burda söhbət təkcə idman zalından getmir.

Son 2-3 ildə MMA Azərbaycanda daha çox populyarlaşır. Bu idmana baxıb həvəslənən var, bizə baxıb gələnlər var. Ona görə də deyirəm ki, öz idmançılarımızı qiymətləndırməliyik. Və təbii ki, ölkədə daha çox yarış keçirilməlidir. Məsələn, milli qəhramanlarımızın xatirəsinə. Amma yarışların sayı hal-hazırda azdır.

MMA kişilərə xas olan idman növüdür. Düzdür, zədələr qaçılmazdır, amma bu heç kimi qorxutmamalıdır. Baxın, Həbib Nurməhəmmədov balaca Dağıstanı bütün dünyaya tanıtdı. Mən burdan valideynlərə səslənirəm, uşaqda gördüyünüz potensialın, onda olan həvəsin qarşısını almayın.

- Keçən ilin may ayında Bakı Olimpiya Stadionunda WFCA-48 turnirində iştirak edib, qalib gəlmisiz. Amma o yarışın davamı gəlmədi.

- O yarışı “Axmat” klubu mənə görə keçirdirdi. Orda gecənin döyüşündə Marif Pirayevə qalib gəlmişdim. Ondan sonra mən “Axmat”da kəmər uğrunda vuruşmalıydım. Amma o döyüşü çox uzatdılar. Ona görə mən artıq Rizinlə müqavilə bağladım.

- Bu sual bir çoxlarını maraqlandırır, niyə UFC-də Azərbaycanı təmsil edən döyüşçü yoxdur?

- UFC bu gün kimlər üçünsə əlçatmaz görünə bilər. Amma mənə, Rizində döyüşə-döyüşə, UFC indi də müqavilə təklif edir. Hələlik, üç döyüşlük. Sadəcə, mən indi özüm istəmirəm. İlk məqsədim, Qran-prini qələbə ilə başa vurmaqdır. Ondan sonra fikirlərimiz üst-üstə düşərsə, müqavilə bağlayarıq. Demək istəyirəm ki, hər şey görünən kimi deyil. Və UFC-dən Azərbaycan döyüşçüsünə maraq var.

UFC-də Rafael Fiziyev vururşur. Azərbaycanlıdır, amma iki bayraq altında çıxış edir: Qırğızıstan və Azərbaycan.

- Niyə indi özünüz istəmirsiz?  

- Bir var ki sən UFC-yə sıravi bir idmançı kimi gedəsən və ildə maksimum iki döyüşün olacaq. Bir də var çempion kimi müqavilə bağlayasan. Qran-pridə qələbə qazanıb yollansam, onda avtomatik çəkimdə top-10 idmançıların sırasında olacağam. Bu mənə ürəyim istəyən döyüşçü ilə qarşılaşmağa imkan verir. Yəni ki, ilə beş döyüş də keçirmək olar. Belə inçəlikləri bilmək lazımdır. Ola bilər ki, idmançının döyüşən vaxtlarıdır, amma UFC ona ildə iki döyüş verir. Bu düzgün yanaşma deyil. Mənə görə, idmançı üçün ildə iki döyüş azdır.

- Amma biz görürük ki, UFC-də top idmançılar bəzən ildə bir görüşlə kifayətlənir.

- Bu şəxsi maraqlara gəlib çıxır. UFC-nin maraqları var. Təşkilatın qazancı idmançının qazancından qat-qat çoxdur. Onlar baxırlar ki, hansı idmançılar arasında döyüş daha çox pul gətirə bilər. Həmçinin, idmançının öz maraqları ola bilər.

- UFC-də uğurlu olmaq üçün idmançı necə hərəkət etməlidir?

- Burda çox şey ondan asılıdı ki, UFC-yə səni kim gətirir və düzgün istiqamətləndirə bilir ya yox. Döyüşçünün missiyası qalib gəlməkdir. Menecer isə səni düzgün yolla irəliyə doğru aparmalıdır. Elə Həbibin karyerasına fikir verin. UFC neçə görüşdən sonra ona kəmər uğrunda döyüşməyə imkan verdı. Haqsızlıq hər yerdə var. Amma sən özünü sübut edirsənsə, gec-tez haqq öz yerini tutacaq.

- Bəs sizdə əminlik var ki, menecer sizi düzgün yolla irəliyə doğru aparır?

- Əgər mən 12 qələbədən ibarət seriyaya nail olmuşamsa, deməli düzgün yoldayam. Və bu qələbələrə görə mən öz məşqçimə Ruslan Əfəndiyevə borcluyam. O mənim üçün nəinki məşqçi, valideyn kimidir. O məni hiss eliyə bilir.

- Rizində əsas görüşlərə hazırlıq necə keçəcək? Müsahibələrin birində demişdin ki, ola bilər ABŞ-a yollanacaqsan. Ümumiyyətlə, UFC-də Amerikada təlim-məşq toplanışlar keçirmək nə dərəcədə vacibdir?              

- Bu sırf UFC-yə görə edilmir. Sonuncu görüşdən qabaq biz ABŞ-ın Sakramento şəhərində olmuşduq. Xarici təlim-məşq toplanışları çox vacibdir. Niyə? Bir zalda eyni idmançılarla məşq edəndə, müəyyən yerə kimi çata bilərsən. Hətta müəllim də tələbəni bir yerə kimi öyrədə bilər. Artırmaq üçün mütləq idmançı təlim-məşq toplanışları görməlidi, fərqli məşqçılərlə çalışmalıdı, sparrinq yoldaşlarını dəyişməlidi və s. Bir klubda iki dəfədən artıq təlim-məşq toplanışı keçmək olmaz. Çünki sən artıq sparrinq yoldaşlarını tam olaraq öyrənirsən və onların gedışatlarına hazır olursan. Ona görə məkanları və sparrinq yoldaşlarını dəyişmək lazımdir ki, əziyyət çəkəsən.

İndi müəllimlər kollegiyası düşünür: yarımfinala hazırlıq necə keçsin və rəqibə uyğun biz harda təlim-məşq toplanışı keçək. Hər bir döyüşə hazırlıq fərdi keçir.

- Amerikada təlim-məşq toplanışları keçirtmək hər halda az pul tələb etmir. Tofiq Musayev özünə qarşı diqqəti görürmü?

- Mən “Orion” İdman klubunun idmançısıyam. Bura 4-5 idmançı var ki, onlar dəstək görür. Mən də həmçinin. Düzdür, bizim də maliyyə baxımından problemlərimiz olur. Təbii ki, idmançı üçün belə problemlərin olmaması daha yaxşı olar. Amma yenə də öz klubumuzdan narazı deyilik.

- Dekabrda Qran-pri yekunlaşır. Bundan sonra Rizinlə müqavilə qalır?

- Müqavilədə belə bir bənd var ki, əgər yeni ildə hər hansı bir təşkilat bizə əmakdaşlıq təklif edirsə, onun şərtləri Rizindəkindən sərfəli olmalıdı. Əgər elə olmayacaqsa biz Rizində qalasıyıq.

- UFC-də döyüşmək kimi arzunuz yoxdur?     

- Rizin heç də UFC-dən geri qalmır. Amma, təbii ki, istəyərdim orda da döyüşüm. Brend olaraq UFC özünü göstərə bilib. Mən həmişə güclülər arasında birinci olmaq istəmişəm. Amma indi ancaq gələcək döyüşləri fikirləşirəm.

- Sizdə UFC-də ən güclülər ya da ilk növbədə ən yaxşı reklam olunanlar vuruşur?

- Orda güclülər da var, reklamı yaxşı olanlar da. Amma sizə bildirim ki, son iki döyüşdə qalib olduğum idmançılar UFC-də vuruşanlardır.

- Sizin vuruşduğunuz çəki dərəcəsində UFC-də Həbib Nurməhəmmədov, Konor MakQreqor, Toni Ferguson kimi idmançılar var. Onlardan kimi çəkinin lideri sayırsız?   

- Həbib, Ferguson, Castin Geytji ən güclülərdəndi. Mən bunlarla təlim-məşq toplanışlarında olmuşam. Bir-birimizi tanıyırıq, yazışırıq. Bunların arasında yer almaq, təbii ki, xoş olar.

- Həbiblə tanışlığınız necə baş verib?

- Bir neçə il öncə Dağıstanda təlim-məşq toplanışda olmuşam. Onlar ildə bir dəfə qalxıb dağda məşq edirlər və sonra da zalda davam edırlər. Ordan da münasibətimiz yaranıb. Həmçinin, mən Dağıstanda yerli idmançılara qarşı çox vuruşmuşam.   

- Həbibi məğlubedilməz adlandırırlar. Halbuki üslubu hamıya məlumdu. Onun uğurlarının sırrı nədədir?

- Hər idmançını məğlub etmək olar. Döyüşçünün özünə aid üslubu olur. Düzgün taktika və teknika ilə vuruşsan, ona da qalib gələ bilərsən. Amma təbii ki, bu idmançı məşqlərdə əziyyət çəkir və öz sözünü deyir.    

- Sonda MMA idman növü ilə məşğul olanlara nə məsləhət edərdiniz. Siz bir dəfə qeyd etmişdiz ki, idmançı sadə olmalıdı. Məşhurlaşdıqca bu çətin olmur ki?

- Mən ümümiyyətlə fikirləşirəm ki, pis insan olmur, pis mühit olur. İnsan hansı mühitə düşür, o cür də formalaşır. Çalışan, uğurlu olan insanların ətrafında olsan, bir müddətdən sonra sən də uğurlu olacaqsan. Həyatda düzgün seçim etmək çox vacibdir.

İdmançı nə qədər titullu olsa, bir o qədər sadə olmalıdır. Ona qiymət verən insanlardır. Ümümiyyətlə idmançını idmançı edən kütlədir. Onların qədrini bilmək və hörmətlə yanaşmaq lazımdır.

Gənc idmançılara da demək istəyirəm ki, çayxanalarda vaxtınızı keçırməyin. İdmançı siqaretdən, qəlyandan, içkidən uzaq olmalıdır. Asudə vaxtınızı ailəyə və sadiq dostlara həsr edin.   

Mənbə: 1news.az