Fədayənin yaşadıqları: "Cəzamı çəkdim..."


Şou-biznes 29 Okt 2019 16:29:00 279 0

Fədayənin yaşadıqları: "Cəzamı çəkdim..."

"Səhər gəldilər dedilər ki, hazırlaş və çıx get. Ailəm gəlib qarşılamalı idi, hamı hazırlaşmışdı. Amma çatdırmadılar. Mən də qapıdan çıxıb, taksiyə oturub, evimə gəldim. Yolda da bacıma zəng etdim ki, gəlirəm. Bilirdim ki, mediada gələcək. Amma mənim əlimdən nə gəlir, get dedilər, getdim. Özüm də təəccübləndim, həyəcanlandım ki, niyə belə etdilər? Ailəm də şok oldu ki, necə belə tez buraxdılar. Bacım, anam və oğlum Buzovnadakı evə yığışmışdı ki, birlikdə gəlib məni qarşılasınlar. Gəldim evə ki, xalalarım, qohumlarım, qonşularım məni gözləyir".

Son.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında bu gün azadlığa buraxılan müğənni Fədayə Laçın deyib. Səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından evə buraxılan sənətçi sualları cavablandırıb:

- Hislərimi ifadə edə bilmərəm, çox xoşbəxtəm. Oxumaq üçün də ürəyim partlayırdı. Allah heç kimə ayrılıq qismət etməsin, bütün dustaqların qapısını açsın.

"YALANDAN DEMƏYİM Kİ, SEVİNCDƏN AĞLADIM..."

- Azadlığa çıxacağınızı eşidən də hansı hissləri keçirdiniz?

- Məhkəmədə hakim dedi ki, cəzası üç il azaldılsın. Deyim ki, sevincdən ağladım, qışqırdım, yox. Ayağa durdum, qərar deyildi, təşəkkür edib, əyləşdim. Sonradan mənə çatdı ki, belə söz deyildi. Oturub fikirləşirəm ki, görəsən düz eşitdim? Gördüm, ətrafdakılar təbrik edir, ondan sonra əmin oldum. Gəldim həbsxanaya, qızlara dedim. Hamı o qədər sevinirdi ki... Məni ailəmə qovuşduranlara təşəkkür edirəm. Ölkə başçısı İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya minnətdaram". 

- Ondan sonra günləri saymağa başladınız...

- İlk beş gün gec keçdi. Sonra başladım əvvəlki kimi günləri rahat keçirməyə. Gözləyə-gözləyə öyrəşirsən. Mən hər şeyə alışır, tabe oluram. Son iki gün çox həyəcanlı idim. Gecələr gec yatanam, amma bu iki gün lap çətin keçdi. Nə gecə, nə gündüz yata bilmirdim.

"CİNAYƏT ETDİM, CƏZAMI ÇƏKDİM"

- Orada günləriniz necə keçirdi?

- Orada günlər daha tez keçirdi. Deyirdim ki, zaman  xeyrimə işləyir. O qədər də ağır gün yaşamadım ki, üsyan edəm, günlərlə ağlayam, başımı qucaqlayıb oturam. Məndə belə xüsusiyyətlər yoxdur. Düşündüm ki, cinayət etmişəm, cəzam nədirsə, onu da çəkəcəm. Dövlətin qanunları var... Bir tək sevənlərimi üzdüyüm üçün onlardan üzr istəyirəm.

 

Elə bir məşğuliyyətimiz yoxdur deyə, səhər oyanırdıq, yeyirdik, söhbət edirdik. Bütün günü oxuyurdum. Qəmli mahnılar ifa edirdim, ətrafdakılar pis olur, ağlayırdılar. Deyirdilər, kədərli mahnılar oxuma. Axı orada içimdən ancaq qüssəli mahnı oxumaq gəlirdi. Onsuz da hər zaman oxu tərzim bu yöndə idi, içəri düşəndən sonra da lap üstünə gəldi. Bir də kitab oxuyurdum. Orada olduğum ərəfədə "Quran" kitabını oxudum .

"TİKANLI MƏFTİLLƏRİN ARXASINDAN AYA BAXIRDIM"

- Heç planlar qururdunuz? Ən çox nə və kim üçün darıxırdınız?

- Tək bir düşüncəm var idi ki, ancaq oxuyacam. Heç bir plan qurmurdum. Ən çox ailəm üçün darıxırdım. Düzdür, həftədə bir dəfə onları görürdüm, amma yenə də insan ayrılanda qala bilmir. Bir də mən gecələr aya baxmağı sevirəm. Həbsdə olduğum 2 il ərzində heç ayı 5 dəfə görmədim. Tikanlı məftillərin arxasından baxırdım, üzərini məftillər örtürdü. Dururdum dəmirlərin arasından boylanırdım ki, ayı bütöv görüm. Son günlər düşünürdüm ki, az qalıb, çıxıb ayı bütöv görəcəm. Bu gecə yatmayacam, aya baxacam.

 

Plan deməzdim, işim oxumaqdır. Efirlərə gedəcəm, canlı mahnılar oxuyacam. Amma yüz faiz solo konsert verəcəm. İki ildir oxumaq üçün darıxmışam. Ürəyimi boşaldacam, nəyi var oxuyacam.

(adsgarden = window.adsgarden || []).push({});