“30 milyon dollara satacaqdıq...”


Digərləri 29 Okt 2019 14:01:00 337 0

“30 milyon dollara satacaqdıq...”

Bakıda 1 kiloqram civəni satmaq istəyərkən cinayət başında tutulan dəstə üzvlərinin istintaqı yekunlaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama əsasən, Taleh Əmənov tanışları Maarif və Arif Əliyev qardaşlarına təklif edib ki, civə tapıb sataraq pul qazansınlar. Onlar da bununla razılaşıblar, bir müddət sonra Arif istintaqa məlum olmayan mənbədən 950 qram civə alaraq Balaxanı qəsəbəsində yerləşən "rus qəbiristanlığı"nda gizlədib, daha sonra isə civəni satmaqda ona kömək etməyə razılıq verən Adil Cəfərovun 3-cü mikrorayonda yerləşən kənd təsərrüfatı malları mağazasına aparıb. Civəyə müştəri tapması üçün bu işə Lütviyar Məmmədov və Şahin Novruzovu da cəlb ediblər. Onların müştəri sorağı hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət hazırlanan əməliyyat qrupu şərti alıcı kimi prosesdə iştirak edib və əməliyyat zamanı dəstə üzvləri civəni satmaq istəyərkən ələ keçiblər. 

Təqsirləndirilən Şahin Novruzov ifadəsində deyib ki, ona civə satmaq təklifini Adil Cəfərov verib: "Adil məni mağazasına çağırıb dedi ki, dağıştanlı ləzgi tanışları Azərbaycana qaçaq yolla civə keçiriblər və indi müştəri axtarırlar. Adil dedi həmin civənin bazarda qiyməti 30 milyon dollardır, əgər sata bilsək dağıstanlılara 20 min dollar verəcəyik, qalan pul özümüzə qalacaq. Mən müştəri tapmağa razılıb verəndən sonra Adil civəni mənə göstərdi, xüsusi bir qabdaydı, üstünə rusca nəsə yazılmışdı. Mən də müştəri tapması üçün Lütviyara dedim, o da Miralimə demişdi. Bir müddət sonra Miralim iranlı bir adamın civəni almaq istədiyini və onda civə yoxlayan aparat olduğunu, alarkən yoxlayacağını dedi. Mən isə Miralimə dedim ki, sahibi burda olmadığı üçün civənin ağzını aça bilmərəm. İki-üç gün sonra Miralim zəng edərək yeni müştəri tapdığını dedi. Adil isə civənin rayonda olduğunu dedi, onu gedib gətirmək üçün Adilə 100 manat verdim. Miralim dedi ki, civəni almaq istəyən adam oteldə bizi gözləyir. Otelin qarşısında civəni almaq istəyən 2 nəfərlə görüşdük, onlar otaqda civəni aparatla yoxlamaq istədiklərini dedilər. Adil, Miralim və Lütviyar foyedə qaldı, mən həmin 2 nəfərlə otağa qalxdıq. Otaqda onlar mənə bir aparat göstərib civəni yoxlayacaqlarını dedilər və məndən civəni onlara göstərməyimi istədilər. Mən civəni göstərəndə onlar DTX-nin əməkdaşları olduqlarını dedilər və məni saxladılar. Bundan sonra hal şahidlərinin iştirakı ilə baxış keçirib protokollaşdırdılar".

Adil Cəfərov da oxşar ifadə verib və əlavə edib ki, civə olan qabın üstünə "Krasnıy Vişnovıy rtut" sözləri yazılıbmış: "Mənə Şahin dedi ki, Miralim civəyə 30 milyon dollar qiymət qoyub. Mən isə bunun cəfəngiyat olduğunu, ən yaxşı halda hərəmizə 20 min dollar qalacağını dedim".

Lütviyar Məmmədov isə ifadəsinə deyib ki, Adil civəni Miralimə göstərəndə onun qiymətinin 20 milyon dollar olduğunu deyib, Miralim isə onu 30 milyona satacağını vəd edib: "Razılıq belə olmuşdu ki, Miralim civəni 30 milyona satıb, 10 milyon özünə götürəcək, 20 milyonu Adilə verəcək. Sonradan təklikdə olanda Miralim dedi ki, 10 milyonun 5-ni ona müştəri tapmaqda kömək edəcək şəxslərə verəcək, 5 milyonun yarısını isə mənə verəcək".