"Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var” FOTO


Digərləri 29 Okt 2019 12:35:00 295 0

"Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var”  FOTO

Elə olur ki, bəzən qadınlar özləri mənə yaxınlaşıb münasibət təklif ediblər. Utanmışam deməyə ki, ay gözəl qız, məndə QİÇS var. Özümü elə aparmışam ki, guya, bəyənmirəm. Onlar da düşünüb ki, bu, nə eşşək adamdır?! Qadın yaxınlaşır, bu da saymazlıq edir. Daha bilmirlər ki, xəstəyəm, fikirləşirəm o da bədbəxt olacaq. 

Son.az qafqazinfoya istinadla 6 ildir ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) əziyyət çəkən şəxslə müsahibəni təqdim edir:

O, əvvəllər narkotik aludəçisi olduğu üçün buna Rusiyada həbsdə olarkən yoluxduğunu düşünür. İl yarımdır Bakıda yaşayır və müalicəsini burada davam etdirir.

Çəkilişə başlamazdan əvvəl yəqin ki, heç vaxt unutmayacağım və hazırladığım əksər suallara cavab aldığım, onun həyatını qısa və dəqiq əks etdirən bir hal yaşanır.

Formatımız belədir ki, adətən müxbir videolarda görünmür. Bu dəfə isə müsahibimin də üzü görünməməli idi. Mənim harada oturacağımı, kadrın necə qurulmalı olduğunu müzakirə edirdik. Bizi dinləyən Anar (ad şərtidir) müzakirəyə qoşulur:

- Narahat olma, yanımda otursan, xəstəlik keçməyəcək. 

- Yox, yox, siz səhv başa düşdünüz.

- Bilirəm, onsuz, həmişə bizi görəndə qorxub uzaq qaçırlar.

Bu dialoqdan sonra müzakirəsiz keçib müsahibimin yanında əyləşirəm və söhbətə başlayırıq:

- Virusa yoluxduğunuzu öyrənəndə nə hisslər keçirdiz?

- Həbsdə qan analizimin nəticəsində çıxmışdı. Dedilər ki, belə bir virusa yoluxmuşam. Mənim üçün təccüblü olmadı. Aydın məsələdir, gec-tez olmalı idi. 29 ilin narkomanıyam. Onsuz da, bütün bədbəxtliklər narkotiklə başladı. Çıxış yolu var, ancaq hər adamın başı üçün deyil. Günahkar özüm oldum.

- Ailənizlə münasibətiniz var?

- Valideynlərim rəhmətə gedib. Nə qohumlar, nə də bacılarım mənimlə əlaqə saxlayır. Bacım məşhur bir şirkətdə direktordur, altında 50 minlik maşın var, ancaq qardaşı 130 manat pensiya ilə dolanır. Uzun müddətdir ki, uşaqlarını qucağıma ala bilmirəm, ümumiyyətlə görmürəm. Onları da qınamıram. Valideynlərimin vaxtsız ölümündə məni günahlandırırlar. Haqlıdırlar. 

İmkanlı ailədə doğulmuşam. Moskva Dövlət Universitetini bitirmişəm. Ali savadlıyam. 23 illik həbs həyatım var ki, bunun özü də böyük məktəbdir. Dünyanı gəzmişəm. Özümü ağıllı adam sayıram. İstəsəz siyasətdən, incəsənətdən, astrologiyadan, meta-fizikadan, lap elə idmandan danışaq. Ancaq hazırda mənim bir mənfim var və ona görə artıq heç kimə lazım deyiləm. 

- Övladınız var?

- 3 dəfə rəsmi formada evli olmuşam, birinci yoldaşım Azərbaycan gözəlidir. Ancaq övladım yoxdur. Bu, mənim ürəyimdə qalmış bir yaradır. 

Hazırda immunitetim 745-dir. Sağlam adamda bu rəqəm 1200 olur. Həkimlərin sözünə görə, münasibətim olsa, qadın yoluxmaya bilər, uşağım da sağlam doğular. Soruşuram ki, 100%-dir? Deyirlər ki, yox, 99%. Bu, kazino deyil axı, insan həyatı ilə oynaya bilmərəm. 

- Cəmiyyətin sizə münasibəti necədir?

- Cəmiyyətdə bizə yarasız kimi baxır, adam qismində görmürlər. Bizi görəndə üzümüzə gülsələr də, ürəklərində düşünürlər ki, bunlar tez ölsəydi, tez yansaydılar, canları rahatlayardı. Onları qınamıram. Əvvəl mən də virus daşıyan şəxsləri görəndə biruzə verməməyə çalışsam da, ürəyimdə o adamdan iyrənirdim, çalışırdım ki, uzaq durum. İndi bizdən uzaq gəzənlərə necə bir söz deyə bilərəm?

- Hazırda nə işlə məşğul olursuz?

- Artıq il yarımdır ki, Bakıdayam və narkotikdən uzaq dururam, müailəcəmi davam etdirirəm. Onların hamısını kənara qoymuşam. Vaxtilə xərclədiyim pulların sayı-hesabı yoxdur. Oğurluq eləmişəm. Ehtiyacım olmayıb, bunu hobbi kimi etmişəm. 

İndi görürəm ki, cavan oğlan-qız uşaqları yol kənarında iynə vurur. Necə o vaxt mənə deyirdilər, indi də mən onlara söz deyirəm, təsir etmir. Mənim kimi bu qulaqdan alıb, o birindən buraxırlar. Həmin vaxt başa düşürsən ki, bu insan sənə düz deyir. Ancaq əməl edə bilmirsən. Fikirləşirsən ki, 5 günlük dünyadır.

Bizim 3-5 gün ömrümüz qalsa da, yenə bir işə yaraya bilərik, nəyəsə faydamız dəyə bilər. Bizi bu qədər hər yerdən kənarlaşdırmasınlar.