İcbari sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb


Digərləri 29 Okt 2019 12:07:00 299 0

İcbari sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb

Sığorta alətlərinin bazar penetrasiyasının artırılması ilə bağlı sığorta məhsullarının çeşidinin artırılması və sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522.5 mln. manat məbləğində sığorta haqqı toplanıb, 201.7 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 351.7 mln. manat, ödənişlər isə 143.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 170.7 mln. manat, ödənişlər isə 58.3 mln. manat olub.

2019-cu ilin yanvar-sentyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.3%-i könüllü, 32.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2% və ya 3.7 mln. manat, icbari növlərində isə 7% və ya 9.1 mln. manat olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki , keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26% və ya 5.3 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 29% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 6% və ya 0.6 mln. manat) artım qeydə alınıb.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3.6 mln. manat artım), daşınmaz əmlakın icbari sığortası (21% və ya 4.9 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1.1 mln. manat artım) növləri olub.