Prezident İlham Əliyev: Gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın


Siyasət 28 Okt 2019 23:59:00 278 0

Prezident İlham Əliyev: Gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın

Gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilən zaman rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Mən Sizi ürəkdən salamlayıram. Yenidən Ağdaş rayonunda olmağımdan çox məmnunam. Bu, Prezident kimi mənim Ağdaş rayonuna beşinci səfərimdir. Hər səfərdə biz hansısa önəmli layihənin ya təməl daşını qoyuruq, ya da ki, açılışını qeyd edirik, o cümlədən bu gün. Artıq neçə vaxtdır ki, Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilibdir. Bu gün isə bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da çox böyük hadisədir. Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir. Ona görə bu gözəl hadisəni biz birlikdə qeyd edirik.

Onu da bildirməliyəm ki, bu gün Qəbələ şəhərinin də içməli su layihəsi artıq icra edildi, açılışı oldu. Ancaq Qəbələ şəhərində 15 min əhali varsa, Ağdaş şəhərində bu, 35 mindir. Ona görə də burada gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın. Buna görə "Azərsu"ya da göstəriş verildi ki, bu layihə təqribən gələcək 20-30 ili də ehtiva etsin ki, artan əhali bu imkandan istifadə edə bilsin.

Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq "Azərsu"ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın.

Eyni zamanda, insan sağlamlığı üçün digər vacib amil keyfiyyətli qidadır. Bu məsələyə də diqqət yetirilir, Qida Təhlükəsizliyi Agentliyi yaradılıbdır. Agentlik həm idxala, həm də yerli istehsala nəzarət edir. Ekoloji vəziyyət çox böyük əhəmiyyət daşıyır, bu sahədə də yaxşı nəticələr var.

İdman əlbəttə ki, hər bir insanın fiziki sağlamlığını möhkəmləndirir. Ağdaşda Olimpiya Kompleksi, Mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Xəstəxana tam şəkildə əsaslı təmir olunub və bütün avadanlıqla təchiz edilib. Bildiyiniz kimi, hər il Azərbaycanda beş milyondan çox insan dövlət xətti ilə tibbi müayinədən keçir. Hesab edirəm ki, bu təşəbbüsə görə Azərbaycan dünyada liderdir. Çünki əksər ölkələrdə bu xidmət pulludur, ancaq Azərbaycanda pulsuzdur. İndi bütün bölgələrdə müasir tibb ocaqları var. Ona görə hər bir vətəndaşa qan analizləri verməsi, ultrasəs müayinəsindən, digər müayinələrdən keçməsi tövsiyə olunur. İndi imkanlar da var, şərait də yaradılır.

Həmçinin Ağdaş rayonunda icra edilən layihələr rayonun potensialının inkişafına, ümumi inkişafımıza xidmət göstərir. Bu gün "Ağdaş" elektrik yarımstansiyası da fəaliyyətə başlayıb. Mən onu Qəbələdəki yarımstansiyadan düyməni basmaqla işə saldım. Elektrik enerjisi ilə bağlı heç bir problem olmamalıdır, yoxdur və olmayacaq. İçməli su layihəsi icra edilib, qazlaşdırma 80 faiz səviyyəsindədir. Mənə dedilər ki, cəmi 19 kənddə hələ qaz yoxdur. İndi Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıq verirəm ki, o 19 kəndə də qısa müddət ərzində qaz xətləri çəkilsin.

Avtomobil yollarının tikintisi. Son 2 il ərzində Ağdaşda yüz kilometrdən çox kənd yolları salınıb, birinin açılışını bu gün etdik. Yəni, bu sosial infrastruktur layihələri öz həllini tapır. Modul tipli 28 sutəmizləyici qurğu fəaliyyət göstərir. İndi içməli su sistemini işə salacağıq. Beləliklə, rayonun hərtərəfli inkişafı üçün şərait yaradılır. Yeni müəssisələr yaradılır, o cümlədən biyan kökü istehsalı və emalı zavodu. O da çox böyük sənaye müəssisəsidir ki, burada işsizlik olmasın, vətəndaşlar işlə təmin edilsinlər. Həmçinin onlar yaxşı tibbi xidmət alsınlar, təmiz sudan içsinlər və sağlam olsunlar. Məqsədimiz budur. Sizi bir daha təbrik edirəm".