Ölüm ayağında ona xəyanət etmiş ərini arzuladı Doğma “Ögey ana”


Kriminal 28 Okt 2019 21:20:00 299 0

Ölüm ayağında ona xəyanət etmiş ərini arzuladı  Doğma “Ögey ana”

Bu günlərdə Azərbaycanın Xalq Artisti Nəcibə Məlikovanın anım gün idi. 

Son.az Ramilə Qurbanlının onun haqqında yazısını təqdim edir.

Bir çiskinli oktyabr günündə, köhnə Bakı kəndi Buzovnada bir qız dünyaya gəlir. Gəlişi ilə bəlkə də heç kimə sevinc bəxş etmədən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu unutmuşdu, yoxsa ailədə ondan başqa iki qız övladı olsa belə, bu qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dünyaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca dayısı Ruhulla Axundov kimi "xalq düşməni" damğası ilə həbs edilib ilim-ilim itirilərdi.

Ailənin böyüyü bu qızın atası da sənət adamı idi, Haşım bəy Saqib. Odur ki, qızcığazın uşaqlığı səksəkə ilə, meşin çəkmələrin səsi onların kandarında bir də eşidilər deyə, qorxu ilə keçdi. Bir də gördü ki, Baki Teatr Texnikomunun tələbəsidir, üstəlik, ilk uğurları da var. Müəlliməsi Fatma Qədri onun oynadığı obrazlara qürurla baxıb dodaqaltı gülümsəyirdi.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən doğan təsadüfmü? Kim bilir... Bəlli olan odur ki, sənət taleyi ilə bahəm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və çox cazibədar təbəssümü var. Çox keçmədi, Azərbaycan teatr sənətinə bu gözəlliklə bahəm, həm də istedadlı bir aktrısanın gəlişi bəlli oldu - Nəcibə Məlikovanın.

Teatrın Edilyası

Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. Cəfər Cabbarlının "Yaşar" əsərinin tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

Qədim, gözəl Gəncədə oranın keçmiş xanlarının nəslindən olan bir aılə yaşayırdı. Ailənin qadını, xan qızı Xanım övlad həsrətindədir, Tanrı vermir. Bir gecə Xanıma yuxuda deyirlər ki, ailə qurmağının 12-ci ilində bircə övladın olacaq, amma cəmi 30 yaş yaşayacaq. Elə də olur, 12 ildən sonra Allah ona bir oğul bəxş edir. Bu oğlan Gəncədə bir məktəbdə oxuduğu, sevdiyi, sonra Tiflisdə dəmir yol institutunda da birgə təhsil aldığı qızla elə orda 18-20 yaşlarinda tələbə ikən evlənirlər və bir övladları olur. Sonra tale elə gətirir ki, bu cütlük tez də ayrılır.

Gəncədə bu oğlanın qulağına çatır ki, teatra bir aktrisa gəlib gözəlliyinə hamı heyran qalıb, üstəlik, ətrafında pərvanə olanların birinə belə gözünün ucu ilə də baxmır. Həmin gündən qəhrəmanımız bütün axşam tamaşalarına getməyə başlayır. Nəcibə xanıma da deyirlər ki, bütün gəncə qızlarının ürəyinin dağı olan bu oğlan olsa-olsa sənə görə gəlir buralara. Nəcibə xanım əvvəl etinasızcasına çiynini çəkir, amma pərdə arxasından təsadüfən baxışlarının sataşdığı həmin oğlan olduğunu biləndə hələ özünə də səbəbi bəlli olmayan bir sevinc dolur içinə. Çox keçmir yenilməz aktrisa hər tamaçadan əvvəl pərdə arxasından o oğlana baxıb sonra səhnəyə çıxmağa vərdiş etməyə başlayır.

Bir gün arzuolunan tamaşaçı tamaşaya gəlmir. Həmin gün gənc aktrisa içindəki təlatümü rəfiqələrindən gizlədə bilmir. Tamaşa başa çatar-çatmaz sabahkı günün həsrəti ilə yaşamağa başlayır. Beləcə, bir məhəbbət tarixçəsi də onun sənət tarixçəsi ilə birgə yazılır. Evlənirlər. Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstituna qəbul olunur. Burda Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır, həyat isə tamam fərqli dərs verir. Birincinin dərsini mənimsəməməklə sənətini dəyişməli olursansa, ikincinin dərsini bilmədinsə...

Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasında Xumar, "Səyavuş"da Firəngiz, Cəfər Cabbarlının "Aydın"ında Böyükxanım, "Sevil"də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin sənət taleyində bir xətt kimi keçir. "Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında Yasəmən, Şıxəli Qurbanovun "Əcəb işə düşdük" pyesində Məlahət, M. F. Axundzadənin "Lənkəran xanının vəziri"ndə Şölə kimi obrazlara imza atıb.

Bu minvalla sənət həyatı öz axarı ilə gedir, bəxti gətirib Ədil İsgəndərov, Rza Təhmasib kimi ustadları indi həm də onun bütün istedadını ortaya çıxara bilən rollar verib çalışdıran rejissorlarıdır.

Kinonun "Ögey ana"sı

Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşınin ilk nigahından, biri isə Həcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir - Saqib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra...

Fuad Əsədovun özü indi 70 yaşlarında nurani bir ağsaqqaldır, o vaxt isə 11 yaşı varmiş: "Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam".

(adsgarden = window.adsgarden || []).push({});