Azərbaycan Beynəlxalq Bankı yeni strateji inkişaf planının tətbiqinə başlayıb


Digərləri 28 Okt 2019 13:26:00 320 0

Azərbaycan Beynəlxalq Bankı yeni strateji inkişaf planının tətbiqinə başlayıb

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibə

- Abbas müəllim, Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin 9 ayını hansı göstəricilərlə başa vurdu?

- 2019-cu ilin 9 aylıq nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,3 milyard manat, cəmi kapitalı 1,5 milyard manat, əməliyyat mənfəəti isə 250 milyon manat ətrafında olub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bankda müştəri hesablarının qalığı 800 milyon manat artaraq, 5,4 milyard manata çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində də 551 milyon manat artım qeydə alınıb. Bunun 376 milyon manatı iri korporativ müştərilərə, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərlə bağlı artımdır.

- Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq hazırdırmı? Onun nə vaxtdan reallaşdırılması nəzərdə tutulur?

- Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq bankın müvafiq idarəetmə orqanları tərəfindən təsdiqlənib və bir aya yaxındır ki, onun tətbiqinə başlanıb. Strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin iştirakı ilə  hazırlanıb, 2022-ci ilə qədər olan müddəti əhatə edir.  Yeni strategiyanın əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin qurulmasıdır.

Buna nail olmaq üçün Azərbaycan Beynəlxalq Bankı korporativ və pərakəndə seqmentdə əsas məhsullar üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payına sahib olmağı, sektorda ən yaxşı rəqəmsal təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter Score) göstəricisinə malik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi və rəqəmsal bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə sektorunda ən yaxşı işəgötürən kimi tanınmağı əsas strateji hədəfləri kimi təyin edib.

- Beynəlxalq Valyuta Fondu bu ilin sentyabrında açıqladığı hesabatında bankın güclü biznes modelinin olmadığını göstərib və özəlləşdirilməsinin sürətləndirilməsini vacib sayıb. Bankın özəlləşdirilməsi məsələsi hazırda nə yerdədir? Bununla əlaqədar nə işlər görülür?

- Təsdiq edilmiş yeni strateji inkişaf planı çərçivəsində Bankın makroiqtisadi duruma, ölkənin sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli hazırlanıb. Özəlləşdirmə məsələsinə gəlincə isə bu, səhmdarların qərarlarından asılı məsələdir. İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin artırılmasına nail olmaqdır.

- Yeri gəlmişkən, son dövrlər Azərbaycan Beynəlxalq Bankı bazara yeni xidmət və məhsullar təqdim edir, sosial layihələr həyata keçirir. Bunun davamı olacaqmı?