Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi


Digərləri 28 Okt 2019 12:41:00 328 0

Məhkəmə vergidən yayınan şirkət rəhbəri ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az  oxu.az-a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, apellyasiya şikayətindən imtina edilib, apellyasiya baxışına xitam verilib. 

İttiham aktına əsasən, X.Cəfərov külli miqdarda dələduzluqda və bir milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir.

O, rəhbəri olduğu "Avro Qrand" şirkəti vasitəsilə Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. X.Cəfərov nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri eyni mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.