"Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam" Keçmişdəki mən FOTO


Kriminal 28 Okt 2019 07:00:00 317 0

"Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam"  Keçmişdəki mən  FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.   

Sadə, mehriban kənd ailəsində böyüyüb. 3 bacı, 5 qardaş olublar. O, səkkiz uşaqlı ailənin sonbeşiyidir. Deyir ki, böyükdən balacaya növbə ilə bir-birinin paltarlarını geyinərək böyüyüblər. Təzə paltar alınanda isə, sevincinin həddi-hüdudu olmazmış. Elə ona görə də təzə paltar qoxusunu hələ də çox sevir. Söhbətə başlamazdan öncə "tarixi bir hadisəyə şahid oldun" - dedi, - "Vida" romanını yazıram!".

Həmsöhbətimiz AYB sədrinin müşaviri, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylidir.

Müsahibim 1961-ci ilin dekabr ayında Cəbrayıl rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Elə uşaqlıq illəri də bu kənddə keçib: "Atam böyük mühasib vəzifəsində çalışıb. Anam universitet oxumasa da, savadlı qadın idi. Hamı kimi bizim də bağımız, bağçamız var idi. Mal-qoyun otarar, ot biçərdik. Öz zəhmətimizlə dolanan ailə idik. Qəribədir ki, iki yaşımda olan hadisələri indiyə kimi xatırlayıram. 5-6 yaşım olanda, böyük qardaşım məni çaya atmışdı. Gördüm ki, boğuluram, məcbur olub birtəhər sudan çıxdım. Elə həmin hadisədən sonra  üzməyi öyrəndim. Mənim də dəcəllik etdiyim vaxtlar çox olub. Xüsusən evin sonbeşik oğlu olduğuma görə ərköyün böyümüşdüm. Qonşuların həyətində gördüyümüz mer-meyvəni uşaqlarla birgə dərib yeyərdik. Özümüzün böyük bağımız-bostanımız olmasına baxmayaraq, başqasının bağından nəsə oğurlayıb yemək bizə maraqlı gəlirdi. Uşaqlarla birgə qoyun otardıqdan sonra çayda çimərdik. Ot çalmağa gedəndə isə, ulaqlarımızı yarışdırırdıq".

Məlum oldu ki, o pulu mən oğurlamışam

Yazıçı o qayğısız illərindən maraqlı bir xatirəsini də bizimlə bölüşdü: "Kənddə uşaqlıq illəri qaynar keçir. O qədər maraqlı əhvalatlar olub ki... Bir dəfə əmimgilə getmişdim. Onların həyətində qırmızıpipik, qara bir xoruz var idi. Xoruz üstümə necə cumdusa, cırıldayan taxta pilləkənləri sürətlə çıxıb evə keçdim. Kənddə heç kimin qapısı bağlı olmurdu. Stolun üstündə iki manat gördüm. O dövr üçün iki manat böyük pul idi. Evin balacası olduğuma görə uşaq vaxtı həmişə mağazaya məni göndərirdilər. Qonşumuzun uşağı ilə birgə mağazaya getdik. O iki manata sorma konfet, fit, bir kilo da qənd aldıq. Çünki kənddə bütün kişilər evə qənd alardı. Hələ o vaxta kimi mən bunun oğurluq olduğunu bilmirdim. Elə bilirdim ki, bu pulu özüm qazanmışam. Birdən kəndə hay düşdü ki, bəs, filankəsin evinə oğru girib, iki manatını oğurlayıb. Mənimlə mağazaya gedən oğlan evimizdəkilərə deyib ki, Elçinin iki manat pulu var idi, konfet aldı. Məndən bu iki manatı soruşanda, tapdığımı dedim. Sonradan məlum oldu ki, o pulu mən oğurlamışam. Əmim məni qorxutmaq üçün dedi ki, sənin şəklini "Kirpi" jurnalına verəcəyəm. Bibim də yalandan aldatdı ki, bu hərəkətinə görə səni məktəbə buraxmayacaqlar. Çox pis olmuşdum. Axırda atam gördü ki, pis oluram, mənə iki manat verdi ki, apar bu pulu, haradan götürmüsənsə, ora qoy. Bu hadisə mənim həyat dərsim oldu. Həmin gün başa düşdüm ki, icazəsiz nəyisə götürmək oğurluq sayılır".

Müsabiqədən keçə bilmədim deyə, peşə məktəbinə getdim

Dərslərini yaxşı oxusa da, məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmir: "Orta məktəbin ilk 4 sinfini öz kəndimizdə oxusam da, 5-ci sinifdən Şükürbəyli kənd orta məktəbinə getdim. Hamı kimi mən də dərsdən qaçırdım, dəcəlliklərim çox olurdu. Amma çalışırdım ki, dərslərimi yaxşı oxuyum. Bütün günü oyun oynadığıma görə anam narahat olurdu. Çünki mənim təhsil almağımı arzu edirdi. Attestatımda demək olar ki, bütün qiymətlər 5 oldu. Amma məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmədim. Müsabiqədən keçə bilmədim deyə, peşə məktəbinə getdim. Traktorçu-maşinist ilk ixtisasım oldu. Dedilər ki, onsuz da universitetə qəbul olmamısan, əsgərliyə getməkdənsə, peşə məktəbində oxu. 86 manat təqaüd verdiklərinə görə peşə məktəbində traktorçu-maşinistliyi oxudum. Peşə məktəbini qırmızı diplomla bitirib əsgərliyə yollandım".

Hərbi xidmət illəri isə Sibirdə keçib: "Mən piyada qoşunlarında xidmət etmişəm. Atıcılığı yaxşı bacardığıma görə, hərbi xidmətdə topçu idim. O illərdə davalarımız çox olurdu, tez-tez cığallıq edir, dalaşırdıq, hərdən də qonşu kənddəki diskotekalara gedirdik. Yeməkxanada bizim üçün bişirilən yeməklər o qədər bərbad idi ki, yeyə bilmirdik. Tez-tez hərbi dairələrə - təlimlərə gedirdik. Evdəkilər mənim tarix kitablarımı bağlama ilə göndərmişdilər. Boş vaxt tapan kimi tarix oxuyurdum".

Qəsdən imtahanlara gec gəlirdim

Hərbi xidməti bitirdikdən sonra rayona qayıdan yazıçı, nəhayət 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olur: "Amma mən Moskvada təhsil almaq istəyirdim. Buna görə də iki il oxuduqdan sonra, 1986-cı ildə göndərişlə Lomonosov adına Moskva Dövlət Universitetinə getdim. Hər iki universitetdə tələbəlik illərim çox gözəl keçdi. Yaxşı oxuduğuma görə müəllimlərlə problemim olmurdu. Tələbə yoldaşlarımdan fərqli olaraq mən çox az, imtahana bir gün qalmış oxuyurdum. Çünki yaxşı "bazam" var idi. Qəsdən imtahanlara gec gəlirdim. Tələbə yoldaşlarım da mənimlə birlikdə imtahana girirdilər ki, onlara kömək edə bilim. Ən çox da qızlar məndən kömək istəyirdi.