Respublika çaylarında sululuq səviyyəsi açıqlandı


Digərləri 27 Okt 2019 09:49:00 245 0

Respublika çaylarında sululuq səviyyəsi açıqlandı

Respublika çaylarındakı sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 110 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 20-40 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 m3/s olmaqla, ongünlük normadan az olub.

Oktyabrın 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 48 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 66,5 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Oktyabrın 25-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 70 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 60 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.